Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

“Koronavirusdan ölüb” adı altında pul təklif edilir? Rəsmi açıqlama

275
(Yenilənib 13:46 20.05.2020)
Vasif Əliyev etiraf edir ki, Azərbaycan da daxil olmaqla bütün dünyada koronavirusa inanmayanların sayı inananlardan çoxdur

BAKI, 20 may — Sputnik. Azərbaycanda koronavirusdan vəfat edənlərə pul təklif edilməsi ilə səslənən iddialara rəsmi münasibət bildirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib ki, bu iddialar absurddur: 

"Bunu biz də eşitmişik. Amma bu absurddur. Çünki koronavirus xəstəliyindən ölənə heç bir imtiyaz verilmir. Əgər pul təklif edilirsə, niyə Azərbaycanda koronavirusdan ölənlərin sayı azdır? Və yaxud da hansı ölkənin marağındadır ki, koronavirusdan ölənlərin sayını artırsın? Azərbaycan bunda niyə maraqlı olsun ki? Biz tam şəffaf işləyirik, yoluxanların və vəfat edənlərin sayı hər gün ictimaiyyətə açıqlanır. Bunların hamısı bizim gözümüzün qarşısında olur. Elə bir həkim yoxdur ki, bu hüquq ona verilsin, o da koronavirus xəstəsi olmayan şəxsə bu diaqnozu qoysun. Əgər bir vətəndaş bunun şahidi olubsa, niyə hüquq-mühafizə orqanlarına xəbər verməyib? Bu şayiəni yaymaqdansa, yaxşı olardı, hüquq-mühafizə orqanlarına xəbər versinlər ki, belə bir həkim var və bizə bu cür təklif edir. Əgər belə bir şey olsaydı, o həkim də müəyyən olunub cəzalandırılardı".

V. Əliyev koronavirusun varlığına şübhə ilə yanaşanların, bu virusa inanmayanların da olduğunu qeyd edib. O, bildirib ki, bu, təkcə bizdə belə deyil: "Bütün dünyada belədir ki, koronavirusa inanmayanların sayı inananlardan çoxdur. Hamı deyir ki, heç yaxın qohumda, qonşuda COVID-19-a yoluxan görmədik. Bəzi insanlar var ki, koronavirus xəstəliyindən müalicə alsalar belə, bunu heç yaxınlarına da demirlər. Bu bizim mentalitetimizlə də bağlıdır. Sanki koronavirusa yoluxmaq bir ayıbdır. Koronavirus yuxarı tənəffüs yolu infeksiyasıdır. Hansı ki, sonradan pnevmoniyaya da səbəb olur. Hamının yoluxma ehtimalı var və heç kim bundan sığortalanmayıb. Yəqin ki, insanlar ətrafında olan şəxslərdən birinin koronavirusa yoluxmasından sonra buna daha çox inanacaqlar. Amma onda da gec olacaq. Bu, təkcə Azərbaycana xas olan deyil, dünyəvi problemdir. Biz koronavirusa yoluxan insanların hansı vəziyyətdə olduğunu görürük. Təbii ki, yüngül formada keçirənlər daha çoxdur. Ancaq orta ağır və ağır formada keçirənlərin də sayı xeylidir. Buna inanmaq lazımdır".

275

Paytaxtda karantin rejimini pozan kafelər aşkarlandı

8
Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

BAKI, 28 may - Sputnik. Bakıda xüsusi karantin qaydalarını pozan bir neçə kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Babək prospektində yerləşən "Dəli Kür" kafesinin, Qaçaq Nəbi küçəsindəki "Sakit Məkan" və Ramiz Quliyev küçəsindəki "Çırağan" kafelərinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərmələri məlum olub.

Reydlərlə "Dəli Kür"də 5 nəfər, "Sakit Məkan"da 4 nəfər və "Çırağan" kafesində isə 2 nəfər müştəri qəbulu həyata keçirildiyi aşkarlanıb.

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi ilə protokollar tərtib olunub.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə obyektlərində müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.

8
 Koronavirus testi, arxiv şəkli

TƏBİB koronavirus testindən keçənlərin sayını açıqladı

13
Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4006 olub.

TƏBİB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə ölkədə koronavirusla bağlı keçirilən test sayı 284 669-dur.

Qeyd edək ki, Azərbaycanda daha 191 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 4759, vəfat edənlərin sayı 56, sağalanların sayı 3022-dir.

Hazırda 1681 aktiv koronavirus xəstəsinin 79-u reanimasiyadadır, 20 nəfər süni tənəffüs aparatına qoşulub.

13