Lənkəranda qəza, arxiv şəkli

Hər şey tərsinə: Dünyada azalır, bizdə isə azalmaq əvəzinə artır

339
(Yenilənib 15:25 20.05.2020)
Ekspertlər yollarda qəzaların sayının artması ilə bağlı müxtəlif səbəblər göstərirlər. Amma yekdil fikirdədirlər ki, yollarda vəziyyət bərbaddır 

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycanda 421 yol-nəqliyyat hadisəsi baş verib. Bu 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çoxdur.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir ki, baş verən hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub. Onlardan 181-i ölüb, 378-i yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib. 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Nə qədər acınacaqlı olsa da, statistikaya nəzər salanda baş verən qəzaların bir hissəsinin məhz mart ayına təsadüf etdiyini görmək olur. Halbuki həmin günlərdə vətəndaşlara bir sıra məhdudiyyətlər tətbiq edilmişdi. Bəs qəzaların artmasına səbəb nə idi?

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin sayında artım olub. Onun sözlərinə görə, aparılan təhlillər göstərir ki, əsas hadisələr mart ayına düşüb.

"Qəzalar daha çox bayram vaxtına təsadüf edir. Həmin dövrdə karantin rejimi hələ tam tətbiq edilməmişdi. Yollar bağlanmamışdı. Rayonlardan Bakıya gediş-gəliş məhdudlaşdırılsa da, Bakıdan rayonlara getmək sərbəst idi. Bakı qeydiyyatında olan insanlar rayonlara gedib-qayıda bilirdilər. İstirahət, digər məqsədlər və bu qəbildən olan səfərlər çox olurdu. Martın sonlarına yaxın artıq hadisələrin sayı artmağa başladı. Çox təəssüflər olsun bu cür göstəricilər il ərzində bir neçə dəfə baş verir. Xüsusən ilin əvvəli, sonu belə hallar müşahidə olunur" - deyə ekspert bildirir.

E. Muradlı vurğulayıb ki, 3 aylıq təhlillə 2019-cu ildə baş verən qəzaların statistikasının müqayisəsi onu göstərir ki, 12 faizdən çox artım var: "Karantin dövründə isə 2 faiz azalma müşahidə edilib. Yollarda nəqliyyat vasitələrinin sayı azalıb. Düzdür, yol nəqliyyat hadisələrinin sayında azalma olsa da, ağır qəzalar baş verdi. Bu da əsasən sürət həddinin aşılması, ötmə-manevr qaydalarının pozulması və xüsusən də nəqliyyat vasitəsinin istismar qaydalarının pozulması halları ilə müşahidə olunurdu. Hətta bir hadisədə 6 nəfərin ölüm faktı baş verdi. Belə hadisələrin baş verməməsi üçün ilk növbədə sürücülərin yol hərəkət qaydalarını mükəmməl şəkildə bilməsi və onlara əməl etməsi tələb olunur. Yəni əsas şərt budur. Avromobil qəzalarnın sayını azaltmaq üçün sürücülər yol hərəkət qaydalarını bilməli və onlara əməl etməlidir".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə hesab edir ki, Azərbaycanda yol nəqliyyat qəzalarının səbəbi kimi avtomobil sıxlığı və hərəkətin intensivliyi əsas götürülməməlidir. Onun fikrincə, əsas səbəb avtomobil yollarında hərəkətin yaxşı tənzimlənməməsidir: “Avtomobillərin və piyadaların yollarda hərəkəti tənzimlənmir. Sürücülər və piyadalar necə hərəkət edəcəyini bilmir. Təkcə piyada keçidindən keçməyin 10 qaydası var. Amma təəssüf olsun ki, əməl edilmir".

Ekspert bildirir ki, Bakı şəhərində piyada keçidlərinin yanında belə, avtomobil qəzaları baş verir. Səbəb isə çox sadədir. Onun fikrincə, piyada keçidlərində məlumatlandırıcı nişanların keçidlərə yaxın olması qəzaların əsas səbəblərindəndir. Əslində isə bu nişanlar piyada keçidlərindən 200 metr aralıda olmalıdır: "Belə olan təqdirdə sürücü də bilər ki, qarşıda keçid var. Və o, sürəti tənzimləyə bilər. Ancaq sürücülər hazırda nişanları piyada keçidinə çatana yaxın görür və bu zaman sürəti tənzimləmək mümkün olmur".

Ekspert bildirir ki, qəzaların ikinci səbəbi yolların işıqlandırılmamasıdır. Belə ki, qəzaların çox hissəsi qaranlıqda baş verir: "Son illər Azərbaycanda körpülər, yol ötürücüləri tikildi. Amma tunellərdə və yol ötürücülərində məlumatlandırıcı nişanlar yoxdur. Məncə qəzaların baş vermə səbəblərindən biri də elə budur".

E. Cəfər deyir ki, bu məsələlər həll edilməsə, Azərbaycanda yol hərəkəti qəzalarının sayını azaltmaq mümkün olmayacaq.

"Qəzaların statistikasına nəzər salsaq görürük ki, qəzaların sayı azalmaq əvəzinə artır. Aidiyyatı qurumlar bu işlə məşğul olmurlar, yolların işıqlandırılması həyata keçirilmir. Yol nişanlarının qoyulması həyata keçirilmir. Piyadalar və sürücülərlə maarifləndirmə işləri lazımi qaydada aparılmır. Yəni bu işlər görülmürsə, təbii ki, ilbəil yol hərəkəti qəzalarının sayı artacaq. Halbuki, bu qəzaların minimuma endirilməsi ilə bağlı dövlət proqramı da qəbul edilib. Amma dövlət proqramı demək olar ki, artıq yaddan çıxıb. Yəni vəziyyət acınacaqlıdır. Hazırda Azərbaycan yollarında demək olar ki, nəzarətsizlikdir" – deyə o bildirib.

339
Bakıda boş parkinq

Tikinti ilə bağlı yeni qərar bizi park etmə problemindən qurtaracaq

6
(Yenilənib 18:43 24.10.2020)
Qərar çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

BAKI, 24 oktyabr — Sputnik. Azərbaycanda ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədlərinə dəyişiklik edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ına edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa edilən çoxmənzilli binalarda nəqliyyat vasitələrinin saxlanılması üçün həmin binaların tikinti layihəsində göstərilən tikinti ərazisinin 70 və daha çox faizini təşkil edən hissəsində yeraltı qarajın tikintisi nəzərdə tutulduğu halda, bu Qaydalara uyğun ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən birinci yerüstü mərtəbənin sahəsi nəzərə alınmayacaq.

Belə ki, bununla Sumqayıt, Gəncə, Xırdalan və Mingəçevir şəhərlərində inşa ediləcək çoxmənzilli binalarda artıq problemə çevrilmiş nəqliyyat vasitələrinin saxlanması üçün həmin binalarda yeraltı qaraj mərtəbəsinin tikintisinin stimullaşdırılmasına və nəqliyyat sıxlığının aradan qaldırılmasına əhəmiyyətli təsir göstərəcək.

Eyni zamanda "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na edilən dəyişikliklə, tikintisinə icazə verilmiş, lakin tikinti-quraşdırma işləri başa çatmamış çoxmənzilli binanın tikinti layihəsində göstərilən tikinti ərazisinin həmin binanın tikinti sahəsini təşkil etməyən hissəsində yeraltı qarajların tikintisi üçün tikintiyə icazə icraatı ilə bağlı təkrar şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmayacaq.

6

Ermənistanın atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

8
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

BAKI, 24 oktyabr - Sputnik. Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

8
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb

9
Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

BAKI, 24 oktyabr - Sputnik. Oktyabrın 24-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Sünik-Zəngilan yolu istiqamətindən bölmələrimizə hücum etməyə cəhd edib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bölmələrimizin sərt müqaviməti ilə rastlaşan düşmən geri çəkilməyə məcbur edilib. Düşmən qüvvələrindən əsir götürülənlər var.

9
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə