Bakıda boş küçə, arxiv şəkli

Azərbaycanda karantin rejimi ciddi şəkildə yumşaldıldı

175
(Yenilənib 00:13 18.05.2020)
Yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub

BAKI, 18 may — Sputnik. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanından Operativ Qərargahın mayın 15-də verdiyi qərar bu gündən qüvvəyə minib.

Sputnik  Azərbaycan xəbər verir ki, mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:

·  yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunub;

·  bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb;

·  restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

·  muzey və sərgi zallarının fəaliyyəti bərpa olunub;

·  65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülüb. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.
Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

·  yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;

·  xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;

·  bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;

·  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;

·  ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;

·  dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;

·  toy məclislərinin təşkilinin qadağan olunması;

·  bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;

·  tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;

·  ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

·  əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;

·  muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;

·  nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;

·  ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;

·  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;

·  tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;

·  idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

·  massaj və hamam xidmətlərinin göstərilməsi;Qeyd olunub ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Operativ Qərargah bir daha vurğulayır ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir:

"Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir".

175
Dializ xəstəsi, arxiv şəkli

Səhv düşəndə yerimiz - Saxta dializ xəstələri necə əlillik alıblar?

0
(Yenilənib 16:06 21.09.2020)
"Ola bilər ki, xəstə gedib dializ mərkəzində üç-dörd seans dializ alıb, həmin zaman da oradan arayışı aparıb verib sosial təminat şöbəsinə, onlar da ona əlillik dərəcəsi müəyyən ediblər".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycanda son vaxtlar saxta əlilliyin ləğvi istiqamətində ciddi işlərə başlanılıb. Ölkəmizdə 7000-dən çox saxta əlillik ləğv edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib ki, 923 dializ xəstəsinə aid olan məlumat Səhiyyə Nazirliyinin dializ sistemində olmadığı üçün həmin əlillik halları ləğv edilib.

Qeyd edək ki, ölkəmizdə "Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamə"də qeyd edilib ki, birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, eyni zamanda xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Əlilliyin müəyyən olunması meyarlarına görə, xroniki böyrək çatışmazlığının terminal mərhələsində birinci qrup əlillik təyin olunur.

Sputnik Azərbaycan dializ xəstələrinin əlilliyinin hansı halda ləğv edilməsinin mümkünlüyünü araşdırıb.

Azərbaycan Nefroloqlar Cəmiyyətinin sədri, tibb elməri namizədi, Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dializ xəstələrinin saxta yolla əlillik alması xroniki böyrək xəstələri ilə bağlı komissiyanın və Səhiyyə Nazirliyinin səlahiyyətindən kənar məsələdir: "Ola bilər ki, xəstə gedib dializ mərkəzində üç-dörd seans dializ alıb, həmin zaman da oradan arayışı aparıb verib sosial təminat şöbəsinə, onlar da ona əlillik dərəcəsi müəyyən ediblər.

Böyrək xəstələrində bəzən yaxşılaşma periodu əmələ gəlir, xəstə dializdən ayrılır. Həmin zaman xəstənin nə özü, nə də yaxınları dövlət müəssisəsinə və sosial təminat şöbəsinə xəbər verirlər ki, xəstəmiz dializdən aralanıb. Bu zaman həmin xəstənin adı avtomatik olaraq həmin mərkəzin həkimi tərəfindən reyestrdə siyahıdan çıxardılır. Amma xəstənin adı sosial təminat şöbəsində qalır. Çünki həmin xəstə əlilliyinə görə müavinət alır. Amma yoxlayanda görürlər ki, xəstənin adı reyestrdə yoxdur, bununla belə dializ xəstəsi kimi müavinət alır".

F.Babayev bildirir ki, Səhiyyə Nazirliyi Sosial Təminat şöbələrinə müdaxilə və nəzarət etmir: "Dializ xəstələrinə əlilliyin verilməsində başqa əyri yollar varsa, biz özümüz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilsin, məsələ araşdırılsın. Respublikada dializ aparılan bütün mərkəzlərdə olan xəstələrin adı vahid reyestrdə siyahıdadır. Bu siyahı isə Səhiyyə Nazirliyinin siyahısıdır. Əgər saxta sənədlə alan varsa, hüquq-mühafizə orqanlarında bunu araşdırsınlar".

Baş nefroloq deyir ki, ölkəmizdə 3820-yə yaxın dializ xəstəsi var. Amma onun sözlərinə görə, bu xəstələrin sayı dəyişir: "Ola bilər ki, o xəstələr arasında ölüm halları baş versin. Yaxud da yeni xəstə dializə cəlb oluna bilər. Onların hamısı pulsuz, dövlət hesabına dializ alır. Amma bununla belə, imkanlı və sığortası olan xəstələr özəl mərkəzlərdə dializ alırlar. Bu, dövlət proqramı olduğu üçün bütün xroniki xəstələrə pulsuz dializ təklif olunur".

Bəzən xəstələrin adı dializ xəstələri ilə bağlı reyestrdə çıxmaya bilər. "Bir dəfə belə hal baş vermişdi. 13 xəstənin adı portalda çıxmamışdı. Amma onlar dializ alırdılar. Biz həmin xəstələri dializ aldıqları üçün tanıyırdıq. Portalda onların ad və soyadların yeri səhv düşmüşdü. Bu mexaniki səhvə görə 13 xəstənin adı portalda aşkarlanmırdı. Biz rəy yazdıq, problem həll olundu", - həkim bildirib.

F.Babayevin sözlərinə görə, xəstə dövlət hesabına dializ alırsa, onlara əlillik təyin olunur: "Ona görə də dializ xəstələrinin saxta əlilliyi ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıır".

Həmsöhbətimiz onu da bildirir ki, böyrək xəstəliyi xroniki xəstəlik olduğu üçün belə xəstələr ömürlük sağalmırlar: "Amma xəstələrdə remissiya dövrü olur. Böyrəkdə sağalma prosesi başlayır, xəstə müəyyən pəhrizlər gözləməklə, dərmanlarla müəyyən dövrdə xəstəliyin aktivliyi azalır. Bununla belə, heç kəs buna təminat verə bilmir ki, böyrək özünü necə aparacaq. Ona görə də, ola bilər ki, bir həftədən sonra belə xəstələr yenidən dializ üçün müraciət etsinlər. Biz bir həftə müddətində dializə müraciət etməyən xəstələrlə özümüz əlaqə saxlayırıq. Əgər xəstə dünyasını dəyişibsə, bu zaman onun adı sistemdən çıxarılır".

Baş nefroloqun sözlərinə görə, Azərbaycanda 45 mərkəzdə dializ köçürdülür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, 923 nəfər barədə məlumat "Səhiyyə Nazirliyinin hemodializ xəstələrinin elektron reyestrində" mövcud olmadığı üçün onların əlillik dərəcəsi etibarsız hesab edilib: "Qeyd olunan şəxslərin bir qismində böyrək transplantasiyası əməliyyatı icra olunduğu üçün, digərləri isə ümumiyyətlə, hemodializ müalicəsi almaq üçün hemodializ mərkəzlərinə göndəriş verilməsinə baxmayaraq həmin mərkəzlərə müraciət etmədikləri üçün qeydiyyatdan çıxarılmışlar. Bu səbəbdən bilavasitə həmin şəxslərə əlillik təyinatları da etibarsız hesab edilmişdir. Böyrəkköçürmə əməliyyatı icra olunan şəxslərin cari vəziyyətinə uyğun əlillik dərəcəsinin təyin edilməsi üçün böyrək transplantasiyası əməliyyatı ilə bağlı epikrizlərini yaşadıqları rayon üzrə Tibbi-Sosial Ekspert Komissiyalarına təqdim etmələri tövsiyə edilir. Bundan sonra adıçəkilən şəxslərin əlillik təyinatı məsələsi araşdırılaraq müvafiq qərar veriləcək".

F.Babayev də Sputnik Azərbaycan-a bildirib ki, dializ xəstələrinə böyrək köçürüldüyü halda onların adı dializ xəstələrinin siyahısından çıxardılır.

0
Əlaqədar
Saxtakarlar üzə çıxarılır! Əsassız təyin edilmiş əlilliklər ləğv olunub
Minlərlə böyrək xəstəsinin ümidi beyin ölümü keçirənlərə qalıb
Saxta yardım və əlillik düzəldənləri hansı cəza gözləyir? - Nazirlik açıqladı
Təmizkar anaların ən böyük səhvi: bilmədən uşaqlarını təhlükəyə atırlar
Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Ermənistanın sərhəddə törətdiyi təxribatlara münasibət bildirib

3
(Yenilənib 15:52 21.09.2020)
Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb

BAKI, 21 sentyabr — Sputnik. "Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə zərbə vurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

O sentyabrın 21-də Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea telefon danışığı zamanı həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Ordumuzun əsgəri yaralanıb
Qarabağın azərbaycanlı icması: "Xalqımıza silah yönəldərək nəyə nail olmaq istəyir?"
XİN Azərbaycan Ordusunun çavuşunun şəhid olması ilə bağlı açıqlama yaydı
Rəsmi Bakı: Ermənistanın məsuliyyətsiz davranışı bölgədə gərginliyi alovlandırır