Yas çadırı, arxiv şəkli

Adət adı altında maskalanan biznes: İslama uyğundur, cibimizə

1314
(Yenilənib 14:10 30.04.2020)
İslamda nəzərdə tutulub ki, bir insan dünyasını dəyişərkən cənazə yuyulmalı, kəfənlənməli, cənazə namazı qılınmalı, yubatmadan dəfn edilməlidir. İslamda da nəzərdə tutulan məhz bu mərasimlərə qatılmaqdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. Koronavirusla bağlı xüsusi karantin şəraiti bizə bəzi mümkünsüz hesab etdiklərimizin mümkün olduğunu öyrətdi. Çoxumuz rəhmətə getmiş əzizimizi qohum-əqrəbanın, dost-tanışın iştirakı olmadan dəfn etməyi, yas mərasimi keçirməməyi ağlımıza belə gətirməsək də, karantin dövründə hər kəs vəziyyətə uyğun davranmaq məcburiyyətində qaldı.

Azərbaycanda sosial izolyasiya başlanır: toy, yas və digər tədbirlər qadağandır

İndi müzakirə olunan mövzulardan biri də, karantin bitdikdən sonra dəfn və yas mərasimləri ilə bağlı qələbəliyin aradan qaldırılması, bu mərasimlərin sadə keçirilməsinin vacibliyi ilə bağlıdır. Millət vəkili Fazil Mustafa koronavirusun ən böyük mənəvi xeyrinin Azərbaycan xalqına dəydiyini deyib.

Deputatın sözlərinə görə, ay yarımdır insanlar sakitcə, təmtəraqsız yas məclisi qurmadan, xeyli vəsait sərf etmədən ölüsünü dəfn edib, gəlib evində gələcək qayğıları ilə məşğul olurlar. Mənasız 7, 40, il mərasimlərinə xərclənən pulları da ciblərində qalır: “Müasir texnologiyanın köməyilə, yaxud da sosial şəbəkədə “Allahdan rəhmət!” diləməklə israfçılığın da qarşısı alınıb. İndi hünər odur ki, epidemiya təhlükəsindən sonra da elə bu cür davam edilsin”. Xeyir-şər məclislərinin sadə təşkil olunması əvvəllər də gündəmə gəlib, hətta müəyyən inzibati metodlarla müdaxilələrlə də olunub. Əfsuslar olsun ki, nəticə hasil olmayıb. İndi çox güman ki, koronavirus pandemiyasına görə, əhali məcburiyyət qarşısında belə davranır. Yəni virusdan sonra təmtəraqlı yas mərasimləri yenə gündəmdə olacaq".

"Əjdərbəy" məscidinin axundu, ilahiyyatçı Hacı İlham Səlimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yas mərasimlərinin keçirilməsinə karantindən sonra məhdudiyyət qoymaq düzgün olmaz: "Bu, xalqın illərdir ki, formalaşmış adətləridir. Bunun qarşısını almaq, maneə yaratmaq olmaz. İndi virusun yayılması ilə əlaqədar yas mərasimlərinin keçirilməsinə, dəfn mərasimlərində kütləviliyə qoyulan qadağa başadüşüləndir. Dövlətimizin gördüyü bu işlər sırf xalqın sağlamlığının qorumasına xidmət edir. Amma virusla mübarizə başa çatandan sonra da bu cür qadağaları davam etdirmək olmaz. Dinimizdə də var ki, insanlar əzizlərini itirdikdə ona yaxınları təsəlli olmalı, dərdinə şərik çıxmalıdır. Mənim fikrimcə, deputat əsasən yas mərasimlərinin israfçılığına yol verməmək lazım olduğunu bildirib. Hansı ki, biz koronavirus pandemiyasından əvvəl də buna görə təbliğat aparır, insanları yaslarda israfçılığa yol verməməyə səsləyirdik. Amma biz yas mərasimlərini birdəfəlik yığışdıra bilmərik. Bu bizim illərdir ki, yaşadılan ənənələrimizdir".

İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, islamda cənazə və yas mərasimləri ilə əlaqədar qayda-qanunlar var. Azərbaycanda və bənzəri digər ölkələrdə islamda nəzərdə tutulan bu qayda-qanunlarla yanaşı, xalqın özünün formalaşdırdığı adət və ənənələr var: “Bu adət-ənənələrin islamla yox, xalqla əlaqəsi var. Əgər bu adət-ənənə müəyyən problemlər yaradırsa, bunu müzakirə edib həll etmək olar. İslamda nəzərdə tutulub ki, bir insan dünyasını dəyişərkən ona Allahı, İslamı, İslamın təməl prinsiplərini xatırlatmaq lazımdır. Cənazə ilə bağlı isə cənazənin yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması, yubatmadan cənazənin dəfni göstərilib. İslamda da nəzərdə tutulan məhz bu mərasimlərə qatılmaqdır. Xüsusilə cənazənin dəfnində iştirak edib onun yaxınına səbr diləmək. Çox təəssüf ki, Azərbaycanda 3, 7, 40, il kimi rituallar var. Bunların islamla əlaqəsi yoxdur. Hüzün günləri islamda hüzn günü 3 gündür. Kim yaxınını itiribsə, həmin şəxsə 3 gün ərzində başsağlığı verilə bilər. Hətta islamda qeyd olunub ki, belə insanlara dəstək olmaq lazımdır. Bizdə isə əks proses gedir. Əksinə, yaxınını itirən şəxs özü kiməsə yemək hazırlamaq üçün 40 gün məşğul olur. İslamın təməl prinsiplərinə aid olanları icra etmək, xalqın formalaşdırdığı adətlər isə müzakirə olunmalıdır ki, pandemiyadan sonra da yas mərasimləri islamda nəzərdə tutulduğu kimi təşkil edilsin. Çünki yas mərasimlərinin biznes tərəfi də var. 40 gün ərzində insan yas mərasimi üçün xeyli vəsait xərcləyir. Eyni zamanda, bu, çox təəssüf ki, bir biznesə çevrilib. Xalq adət-ənənəsi elədir ki, dövlət də buna qarışa bilmir. Amma aidiyyəti qurumlar ortaq şəkildə bunu aradan qaldıra bilər. Bir müddət bununla bağlı ciddi işlər görüldü. Demək ki, istəsək biz bunu aradan qaldıra bilərik".

1314

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8