Badamdarda həyət evləri, arxiv şəkli

Kənara atılan təkliflər yüz milyonları itirən büdcə: Hər şey dəyişə bilər

1147
(Yenilənib 17:48 30.04.2020)
E.Fərzəliyev hesab edir ki, bu gün qanunverciliyə görə, sənədsiz evlərin sökülməsi və ya torpaqların vətəndaşlardan alınması qadağandır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 aprel — Sputnik. "Vətəndaşa məxsus hər hansı tikilinin, o cümlədən torpağın qanunsuz alınması, sökülməsi yolverilməzdir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ombudsman Səbinə Əliyeva Milli Məclisin plenar iclasında çıxışı zamanı qeyd edib.

O, həmçinin sənədsiz evlər, o cümlədən yeni tikilən binalarda kommunal xidmətlərlə bağlı problemlərə toxunub. Ombudsman vurğulayıb ki, hər hansı tikilinin qanunsuz olması yalnız məhkəmə qərarı ilə müəyyənləşə bilər.

Ancaq təəssüflə qeyd etmək lazımdır ki, ötən illərdə İcra Hakimiyyətləri və bəzi dövlət qurumları vətəndaşların razılığı və məhkəmə qərarı olmadan sənədi olmayan ev və iaşə obyektlərini istədikləri zaman sökə bilirdi. Bu, vətəndaşların narazılığına səbəb olsa da, qanunla onların tərəfində dayanan da yox idi.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təkcə Bakı və Abşeron ərazisində 500 mindən çox çıxarışsız fərdi həyət evi, yüzlərlə çıxarışsız torpaq sahələri və minlərlə yeni tikili binalarda çıxarışsız mənzil var.

Ekspertin fikrincə, bu sahədəki vəziyyətin belə bir həddə çatmasının səbəbi qanunlardakı ciddi boşluqlardır. Çünki istənilən tikili barədə həmin tikinti inşa edilərkən bir neçə səlahiyyətli qurum və yaxud o qurumların səlahiyyətli nümayəndələri xəbərdar olur: "Bu baxımdan belə tikililərə qanunsuz deyil, rəsmi icazəsi olmayan tikililər deyilsə, daha doğru olar. Dəfələrlə sənədsiz mülklərin sənədləşdirilməsi məsələsinin vacibliyi gündəmə gətirilsə də, bir müddətdən sonra bu təkliflər unudularaq kənara atılıb. Hansı ki, zamanında bu sahədə ciddi dəyişikliklər olunsaydı, dövlət büdcəmiz bu çətin günlərdə bu sahədən çox ciddi yararlana bilərdi".

Onun sözlərinə görə, daşınmaz əmlak bazarında ən çox alqı-satqı prosesləri çıxarışsız həyət evləri və çıxarışsız yeni tikili mənzillər üzərindən aparılır.

"Burada itirilən, çıxarışı olmama səbəbindən vergi gəlirlərindən məhrum olan dövlət büdcəsi və vətəndaşlarda dövlətin onların əmlak hüquqlarının qorunmasına dair olan inamıdır. 

Bakı ətrafındakı son 30 ildə salınmış qəsəbələrdəki fərdi həyət evlərinin çox böyük hissəsində çıxarışların olmamasına baxmayaraq, ən çox alqı-satqı prosesləri qiymətlərin ucuz olma səbəbindən həmin ərazilərdə aparılır. Təxmini statistika aparsaq, məlum olar ki, dövlət büdcəsi bu sahədəki boşluqlar və çıxarışların verilməməsi səbəbindən hər il yüz milyonlarla pul itirir" – deyən ekspert bildirir ki, çıxarışların verilməməsinə bir səbəb kimi də zamanında verilmiş tikinti və yaxud torpaq sahələrinin ayrılmasına dair bəzi sərəncamların saxta olmasıdır.

Belə ki, bu gün bəzi MTK-lar tərəfindən saxta sənədlərlə ev satılaraq aldadılmış yüzlərlə vətəndaşlarımız var. Daşınmaz əmlak sektoruna olan bu cür laqeydlik artıq insanlarda bu sahəyə ciddi inamsızlıq yaradıb.

"Həmçinin yeni tikili binaların idarə olumasında da çox ciddi yanlışlıqlar mövcuddur. Əksər MTK-ların qanunun tələblərini pozaraq idarəetməni öz əlində saxlaması kommunal ödənişlərin yüksək olmasına və xidmətlərin aşağı səviyyədə olmasına gətirib çıxarıb. Qanunun tələbinə uyğun olaraq, yeni tikili binalar sakinlərə təhvil verildikdən sonra bina sakinləri öz idarəetmə sistemlərini, yəni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətini quraraq, binanın bütün idarə etməsini öz üzərilərinə götürməlidirlər", – deyə E.Fərzəliyev bildirib.

Onun sözlərinə görə, bu gün Bakı və Abşeronda 1500-dən çox yaşayış olan yeni tikili binaların olmasına baxmayaraq, hal-hazırda qeydiyyatdan keçmiş MMMC-lərin sayı 170-dən aşağıdır.

Ekspert bildirib ki, idarəetmə sahəsindəki bu problemlərə də ciddi şəkildə baxılmalıdır. Belə ki, bu sahəyə ciddi nəzarətin olması həm kommunal ödənişlərin qiymətlərinin aşağı düşməsinə, həm də daha ciddi xidmətin göstərilməsi ilə nəticələnər.

1147
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

5
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

5
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

13
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

13

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0