Təyyarə

Yenə uça bilməyəcəksiniz - Amma xoş xəbər var

753
(Yenilənib 01:30 30.04.2020)
"İlk təklif budur ki, aviabiletlərə görə ödənilən məbləğlər müddətsiz vauçer kimi geri qaytarılsın. Daha bir təklif də var ki, israrla biletin pulunu tələb edən müştərilərə ödəniş nağd pul şəkildə geri ödənilsin"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyətin may ayının 31-dək uzadılması, ölkə ərazisindən yerüstü və hava yolu ilə sərnişindaşımaya qoyulan qadağanın müddətini də artırdı. Bu isə may ayının sonunadək satılan biletlərə görə ödənilən məbləğlərin vətəndaşlara geri qaytarılıb-qaytarılmayacağı ilə narahatlığı yenidən gündəmə gətirib. Qeyd edək ki, korononavirus pandemiyası ilə əlaqədar aviaşirkətlərin, dəmiryol və avtobusla beynəlxalq sərnişindaşımaların təxirə salınması kifayət qədər ajiotaja səbəb olmuşdu. Bu gün də yüzlərlə insan uçuş biletləri üçün ödədiyi vəsaiti tur şirkətlərindən və aviaşirkətlərdən geri ala bilməyib. Bu müddətin uzadılması isə onsuz da yaranmış problemi daha da dərinləşdirir. Bəs görəsən xarici ölkələrə səyahət üçün alınan biletlerin taleyi necə olacaq?

"Delta Travel" şirkətinin müdir köməkçisi Fəxri Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda onlar gözləmə mövqeyindədirlər: "Problem əvvəlki kimi qalmaqdadır. Aviabiletlərin ödənişini aviaşirkətlər qaytarmalıdır. Biz müraciət edən müştərilərə gözləməyi, səbrli olmağı tövsiyyə edirik. Məndə olan məlumata görə, bu günlərdə Dövlət Turizm Agentliyi ilə AZAL rəhbərliyinin bu məsələ ilə bağlı danışıqları olacaq. Nə qərar verilsə biz də o qərarı icra edəcəyik".

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) eksperti, "Travelon" turizm şirkətinin rəhbəri Rəşad Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avia biletlərə görə ödənişlərin müddətsiz vauçer kimi qaytarılması nəzərdə tutulur: "Bu təkcə müştəriləri narahat edən məsələ deyil. Uçuşlarla bağlı məhdudiyyətin saxlanılması aviaşirkətlərə, tur operatorlara da ziyan vurur. Amma bu problemin yaxın zamanlarda həll edilməsi nəzərdə tutulur. İlk təklif budur ki, aviabiletlərə görə ödənilən məbləğlər müddətsiz vauçer kimi geri qaytarılsın. Daha bir təklif də var ki, israrla biletin pulunu tələb edən müştərilərə ödəniş nağd pul şəkildə geri ödənilsin".

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" QSC və onun aşağı büdcəli törəməsi "Buta Airways"in koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ləğv edilmiş reyslər üzrə biletlərin pulunu qaytarılması geriyə ödəniş aviaşirkətlər normal fəaliyyətini bərpa etdiyi vaxtdan 60 gün sonra, ardıcıllıqla həyata keçiriləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti və Bakı Beynəlxalq Avtovağzal Kompleksi isə biletlərin geri qaytarılması prosesini başa çatdırıb.

753

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0