BAKI, 25 aprel — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı 1 saat uzadılıb. Bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.
Xəbərdə qeyd edilir ki, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır. Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək. Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı "Şəbəkə" xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq. Kənd poçt şöbələri isə əvvəlki iş rejiminə uyğun olaraq saat 09:00-dan 17:00-dək işləyəcək.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.