CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI

© Sputnik / Nigar IskanderovaNigarreportaj
Nigarreportaj - Sputnik Azərbaycan
Abunə olmaq
"İşimi sevərək görürəm. Ümidlərim böyükdür, düşünürəm ki, tezliklə bu virusdan yaxa qurtara biləcəyik. Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik" - Vəsilə Rəhimova

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 5 aprel — Sputnik. Artıq bir neçə həftədir ki, bütün dünyada olduğu kimi Azərbaycanda da #evdeqal aksiyasına start verilib. Hazırda dünyanın əksər ölkələrində koronavirusun geniş yayılması ilə əlaqədar evdən kənardakı hər bir yer sağlamlığımız, ailəmiz, yaxınlarımız üçün risk faktorudur.

Nazirlər Kabinetinin Operativ  Qərərgahı isə zərurət yaranmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Bəs zərurət yarandıqda? Maraqlıdır, çöldə təhlükəsizliyimiz necə təmin olunur? Elə Sputnik Azərbaycan-ın əməkdaşı da bu suala cavab tapmaq üçün evdən çıxıb, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yasamal rayonu üzrə 21 və 64 saylı Mənzil Kommunal Təsərrüfat Birliyində (MKTB) karantin dövründə görülən işlər və bu işləri görən heyətlə tanış olub. Bu gün insanları xilas etmək, sağlamlığımızın qeydinə qalmaq həkimlər, polislər, hərbçilərlə yanaşı, həm də "JEK işçiləri" adlandırdığımız insanların üzərinə düşür. BŞİH-in müxtəlif rayonlar üzrə hər MKTB-də dezinfeksiya işi üçün 9 məsul işçi ayrılıb.

© Sputnik / Nigar IskanderovaYasamal rayonu ərazisində dezinfeksiya işləri
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI - Sputnik Azərbaycan
Yasamal rayonu ərazisində dezinfeksiya işləri

Yasamal rayonu 21 saylı MKTB-nin rəisi Laçın Hacıyev deyirb ki, hazırda onların nəzarətində olan binaların sayı 38-dir: "38 bina, 158 giriş hər gün bizim əməkdaşlar tərəfindən dezinfeksiya olunur. Bizim ərazimizə daxil olan meydançalar, parklar isə dəmir barmaqlıqlara alınır. "Cavid" parkı, o cümlədən də "Space" telekanalının qarısında olan park da dəmir barmaqlıqlarla mühasirələnib".

Hacıyevin sözlərinə görə, hazırda 21 saylı MKTB-də bu işlə məşğul olanların sayı 9-dur ki, onlardan da 4-ü qadındır: "Elə ilk dəfə olaraq bizim MKTB-də xanımlar bu işi görməyə başladılar. Bəzən onların binalarının dezinfeksiya edilməsindən heç vətəndaşların xəbəri olmur, bəziləri isə "siz burda nə işlə məşğulsunuz?" deyə sual verirlər. Bir də görürsən zəng vurub şikayət edirlər ki, binaları dezinfeksiya olunmayıb. Onlara başa salırıq ki, həmin binada dezinfeksiya işi səhər saatlarında, onlar yuxuda olarkən görülüb".

© Sputnik / Nigar IskanderovaYasamal rayonu 21 saylı MKTB-nin rəisi Laçın Hacıyev
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI - Sputnik Azərbaycan
Yasamal rayonu 21 saylı MKTB-nin rəisi Laçın Hacıyev

Həmişə yaxşı işlərə kölgə salmaq istəyənlərin olduğunu vurğulayan JEK müdiri bildirib ki, onlara mənzillərin dezinfeksiyası ilə bağlı tapşırıq verilməyib. Onlar yalnız mənzillərin çölünü və binaların girişlərini dezinfeksiya etməyə məsuldurlar.

Xatırladaq ki, koronavirusa qədər binaların dezinfeksiya edilməsi yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılırdı.

50 yaşlı Vəsilə Rəhimova da dezinfeksiya işini həyata keçirən JEK əməkdaşlarındandır. O, məcburiyyət qarşısında qaldığından bu işlə məşğul olduğunu, amma işindən zövq aldığını deyib: "Yaxınlıqda yaşayıram deyə, bu iş mənə əl verir. Yoldaşım əlildir, iki azyaşlı övladım var. Onlara görə işləmək məcburiyyətindəyəm".

Rəhimova artıq 3 ildir JEK-də işləyir. Səkkiz saatlıq işə görə 240 manat maaş alır. Amma bu maaşa qane olmaq məcburiyyətindədir. "Həm yaxınlıqda kirayədə qalırıq, tez-tez evə baş çəkirəm. Mənə görə ən uyğun iş budur. Övladlarıma, ailəmə görə bu işi digərlərindən daha üstün tutdum", - deyə Rəhimova bildirib.

© Sputnik / Nigar IskanderovaMənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Vəsilə Rəhimova
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI - Sputnik Azərbaycan
Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Vəsilə Rəhimova

Ali təhsili olmayan Vəsilə xanım bura qədər başqa heç yerdə işləməyib, evdar qadın olub. Amma JEK-də təmizlik xidmətinə başladığından, işini sevərək görüb. O, ümid edir ki, koronavirusdan tezliklə yaxa qurtara biləcəyik. Oxuculara isə sözü budur: "Hər kəsi evdə qalmağa, zərurət olmadan evdən çıxmamağa səsləyirik. Biz də sizin üçün işləyirik".

Binaları dezinfeksiya edənlərdən biri olan, 58 yaşlı Nürəddin İsmayılovdur. Deyir ki, hər gün səhər 8-dən etibarən MKTB-nin tabeliyində olan əraziləri dezinfeksiya edirlər: "Fevralın 24-dən etibarən biz bu işə başlamışıq. Bütün binaları, binaların girişini, zibil konteynerlərini dezinfeksiya edirik. Çalışırıq ki, şəhərimizdə koronavirus olmasın".

© Sputnik / Nigar IskanderovaMənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nürəddin İsmayılov
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI - Sputnik Azərbaycan
Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nürəddin İsmayılov

İsmayılov əvvəllər gəmilərdə uzaq səfərlər üzrə kapitan olub. Tale elə gətirib ki, kapitanlıqdan bu işə keçməli olub. Yasamal rayonu MKTB-də fevraldan etibarən çalışır. Həmsöhbətimiz hökumət tərəfindən başladılan #evdeqal kampaniyasını çox müsbət və zamanında atılan addım kimi dəyərləndirir: "Nəvələrim də var, bir azyaşlı övladım da. Kiçik qızım 2-ci sinifdə oxuyur. Nəvələrimi, azyaşlı övladlarımı görmək, birgə vaxt keçirtmək üçün evə qaça-qaça gedirəm. Daha çox onlara dərslərini oxumağı aşılayıram, birgə mütaliə edirik".

Keçmiş gəmi kapitanı hesab edir ki, asan iş heç yerdə yoxdur, əsas odur, gördüyün işə ürəyini qoyasan, vicdanlı olasan. 250 manata qane olmaq məcburiyyətində qalan İsmayılov deyir ki, maaşları artırılsa, daha yaxşı olar. İndiki vaxtda isə fikirləşir ki, təmizliyə riayət etmək, evdən çölə çıxmamaq, "evdə qal" aksiyasına dəstək vermək lazımdır.

© Sputnik / Nigar IskanderovaYasamal rayonu ərazisində dezinfeksiya işləri
Gəmi kapitanlığından dezinfeksiyaya - GÜNÜN QƏHRƏMANLARI - Sputnik Azərbaycan
Yasamal rayonu ərazisində dezinfeksiya işləri

Qeyd edək ki, hər gün bu işçilərə xüsusi geyimlər, maskalar, xüsusi eynəklər verilir. Onların maskaları saatda bir dəfə, birdəfəlik istifadə üçün nəzərdə tutulan xüsusi geyimləri də hər gün yenisi ilə əvəzlənir. Laçın Hacıyev bu cür tibbi avadanlıqların tapılmasında müəyyən qədər çətinliklərinin olduğunu deyib.

Xəbər lenti
0