Həkim, arxiv şəkli

İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi yayda həyata keçiriləcək

17
(Yenilənib 12:58 27.03.2020)
Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək

BAKI, 27 mart — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib. Qərara əsasən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək. Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.  Bu barədə Sputnik Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə istinadən məlumat verir.

İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı,  Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.

Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək.

Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.

Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir.

17
Əməliyyat, arxiv şəkli

Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

0
(Yenilənib 21:00 20.10.2020)
Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Canlı donordan donor orqan götürülməsinə qoyulan məhdudiyyət müəyyən edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 18-ci maddəsinə (Canlı donordan donor orqanın götürülməsinə məhdudiyyət) əsasən, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliyi olan şəxslərdən orqan götürülməsi qadağandır. Bu xəstəliklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi, kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

18 yaşına çatmayan şəxsdən sümük iliyi və kök hüceyrələrinin götürülməsinə onun valideynlərinin razılığı ilə yol verilir.

Resipiyentin qulluq tabeliyində və ondan fiziki, mənəvi, maddi cəhətdən asılı olan və ya həbsdə olan şəxslərdən, daha əvvəl orqan donoru olmuş şəxslərdən, hamilə qadınlardan, valideyn himayəsindən məhrum uşaqlardan, hərbi əsirlərdən və fəaliyyət qabiliyyəti olmayan şəxslərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır.

Canlı donordan transplantasiya üçün cüt orqanlardan birini, tək orqanlardan isə o miqdarda və həcmdə götürmək olar ki, donorun həyatı üçün təhlükəli hallar, yaxud onun sağlamlığında bərpa olunmaz pozğunluqlar yaranmasın.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, canlı donor - öz orqanlarını xəstəliyi olan şəxslərə transplantasiya məqsədilə könüllü olaraq verən fəaliyyət qabiliyyətli on səkkiz yaşına çatmış (sümük iliyi və kök hüceyrələri istisna olmaqla) sağlam şəxsdir.

Orqanın götürülməsi əməliyyatından əvvəl canlı donor arvadının (ərinin) və ya digər yaxın qohumlarının birinin şahidliyi ilə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatlandırılmış razılıq ərizəsini yazıb imzalamalıdır.

Canlı donor və onun tərəfindən transplantasiyanın həyata keçirilməsinə verilmiş məlumatlandırılmış razılıq haqqında məlumatlar canlı donorlar reyestrinə daxil edilir.

Bu qanun Azərbaycanda insan orqanlarının və toxumalarının (bundan sonra - orqanlar) donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

0

Təhlükəsizlik xəbərdarlığı: VPN tətbiqindən casusluq üçün istifadə olunur

29
(Yenilənib 20:09 20.10.2020)
Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

BAKI, 20 oktyabr - Sputnik. Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən məhdudlaşdırmalar təhlükəsizlik xəbərdarlıqlarına baxmayaraq, vətəndaşların VPN xidmətlərdən intensiv istifadəsi ilə müşahidə olunur. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı mübarizə mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, SkyVPN adlanan tətbiqə sadəcə şəbəkə sazlamalarına icazənin lazım olduğu təqdirdə, şəxsin kamerasına, əlaqə vasitələrinə, telefon, təqvim, lokasiya və yaddaş kartından istifadəyə icazələrin əldə etməsi bu tətbiqin sadəcə VPN tətbiqi olmadığı və casusluq üçün də istifadə olunduğunu bir daha isbat edir.

Mərkəz bir daha vətəndaşları VPN-lərdən istifadə etməməyi və istifadə edilən tətbiqlərin təyinatına uyğun icazələrinin əldə edilməsinə diqqətlə yanaşmağı tövsiyə edir.

29
Əlaqədar
VPN istifadə edənlər cərimə ediləcəklərmi?