Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında

Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında koronavirusdan danışdı

42
(Yenilənib 17:34 24.03.2020)
"Bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək"

BAKI, 24 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına və birinci xanıma Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan bu kompleks, həmçinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsi, Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan layihələr barədə məlumat verdi.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında

Bu layihənin icrası üçün 2017-ci ilin fevralında Agentliyə Hövsan qəsəbəsində 20 hektar ərazi ayrılıb. Həmin il dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə kompleksdə ilk yeddimərtəbəli binanın təməli qoyulub. Layihələndirmə zamanı kompleksdə həyətyanı sahələrin, uşaq meydançalarının salınması üçün geniş ərazi ayrılıb, yaşıllaşdırma və abadlaşdırma işlərinə xüsusilə diqqət yetirilib. Burada, ümumilikdə, 11 yaşayış binası inşa olunub ki, onlardan 4-ü birgirişli olmaqla 10 mərtəbəli, 7-si 18 girişli olmaqla 7 mərtəbəlidir. Yaşayış kompleksində mənzillərin sayı 2962-dir. Onlardan 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-i üçotaqlı, 301-i isə dördotaqlıdır. Mənzillər tam təmirli, mətbəx mebeli, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin tikintisində və mənzillərin təmirində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.

Burada 1920 şagird yerlik məktəb binası da inşa olunub. Tam orta məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün bütün şərait var. Sinif otaqları zəruri tədris avadanlığı ilə təchiz edilib. Bu təhsil ocağında yaradılan şərait son illərdə ölkədə təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Bütün bunlar isə Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib.

Kompleksdə hər biri 90 yerlik olmaqla iki uşaq bağçası da inşa olunub. Burada balacaların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar var.

Hövsan yaşayış kompleksi Agentliyin ikinci layihəsidir. İlk layihə olan Yasamal yaşayış kompleksində mənzillərin satışı tam başa çatdırılıb. Beləliklə də, ümumilikdə, 1654 ailə güzəştli mənzilə sahib olmaqla yaşayış şəraitini yaxşılaşdırıb.

Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Prezident İlham Əliyevin müsahibəsi

- Cənab Prezident, xoş gördük Sizi.

- Sağ ol, xoş gördük.

- Cənab Prezident, dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq, Sizin rəhbərliyiniz və təşəbbüsünüzlə Azərbaycanda bütün irimiqyaslı sosial layihələr uğurla icra olunur və bu möhtəşəm Hövsan layihəsinin icrası da buna əyani misaldır. İstərdik ölkədə bu istiqamətdə görülən işlər haqqında məlumat verəsiniz.

- Bəli, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir. Mən bildirmişəm və bir daha demək istəyirəm ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Bütün sosial infrastruktur layihələri icra ediləcək və bu sahədə heç bir narahatlığa əsas yoxdur. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə inşa edilmiş bu böyük yaşayış kompleksi bunu bir daha göstərir.

Bu kompleksin təməli 2 il bundan əvvəl qoyulmuşdur. Ötən müddət ərzində işlər uğurla aparılaraq bu kompleks indi təhvil verilir. Burada 3 minə yaxın mənzil var, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika, yəni yaşamaq üçün bütün şərait var və bu, bir şəhərcik halına gətirilib. Burada təqribən, 12-15 min insan yaşayacaqdır. Bu, bir daha göstərir ki, Azərbaycanda sosial infrastruktur layihələri yüksək səviyyədə və yüksək keyfiyyətlə icra edilir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında

O ki qaldı bütövlükdə bizim sosial siyasətimizə, mən dəfələrlə bildirmişəm, güclü iqtisadiyyatımız imkan verir ki, sosial sahədə bəyan etdiyimiz bütün layihələr və proqramlar icra edilsin. Hesab edirəm ki, keçən il bu baxımdan çox yadda qalan il olmuşdur. Bildiyiniz kimi, keçən il minimum əməkhaqqının, minimum pensiyaların artırılması nəticəsində 4,2 milyon insan, o cümlədən dövlətdən müavinət alan insanlar maddi vəziyyətlərini böyük dərəcədə yaxşılaşdırmışlar. Minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya isə 70 faiz artmışdır. Bu gün Azərbaycan minimum pensiyanın alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdədir. Əlbəttə ki, indiki səviyyə bizi hələ də qane etmir. Əminəm ki, görüləcək tədbirlər nəticəsində gələcəkdə bu sahəyə daha da böyük vəsait ayrılacaq.

Bununla paralel olaraq, bu il sosial infrastruktur layihələri icra edilir. Bu böyük şəhərcik onlardan biridir. Eyni zamanda, bu il məcburi köçkünlər üçün rekord sayda mənzillərin təqdim edilməsi nəzərdə tutulur - 7 min mənzil veriləcəkdir, keçən il 5 min mənzil tikilmişdir. Şəhid ailələri üçün 1500 mənzil təqdim ediləcək. Hesab edirəm ki, bu gün növbədə duran şəhid ailələri yaxın bir neçə il ərzində evləri alacaqlar və bu proqram da başa çatacaq.

Ölkəmizdə sosialyönümlü digər layihələr icra edilir, eyni zamanda, sosial təminatı yaxşılaşdırmaq, bu sahədə şəffaflığı təmin etmək üçün bildiyiniz kimi DOST mərkəzləri açılmaqdadır. Artıq 2 mərkəz fəaliyyət göstərir və vətəndaşların bəyənmə əmsalı kifayət qədər yüksəkdir. Bütövlükdə 30-dan çox belə mərkəzin yaradılması bu sahədə institusional baxımdan böyük bir irəliləyişə gətirib çıxaracaq. Yəni, sosial sektor böyük sahə olduğu üçün bunun hər bir istiqaməti üzrə praktiki addımlar atılır, bəyan edilmiş proqramlar icra edilir və verilmiş bir dənə də vəd icra edilməmiş qalmır. Bütün vədlər icra edilir və əminəm ki, həm bu il, həm bundan sonrakı illərdə bu istiqamətdə daha böyük işlər görüləcəkdir.

- Növbəti sualımız dünyanı bürümüş koronavirus pandemiyası haqqındadır. Azərbaycanda pandemiyanın qarşısının alınması istiqamətində tədbirlər görülür. Bu tədbirlər daim Sizin nəzarətinizdədir və ictimaiyyətə mütəmadi olaraq ətraflı məlumat verilir. Dünən də bir məlumat yayıldı. Cənab Prezident istərdik bu günədək görülən işlər haqqında məlumat verəsiniz.

- Bilirsiniz, mən bu barədə öz fikrimi açıq bildirmişəm. Bir daha demək istəyirəm ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq. Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni, bu, onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni, biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü və demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.

Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb.

Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni, bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin, - istər dərman preparatları olsun, istərsə də ərzaq, - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri, bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.

Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir.

- Cənab Prezident, Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Siz və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqqınızı həmin fonda ianə etdiniz. Bu, çox gözəl bir nümunədir. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər. Bunu necə qiymətləndirirsiniz?

- Bilirsiniz, Azərbaycan bu sahədə də birincilik göstərdi. Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək eyni addımların atılmasına gətirib çıxarır.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında

Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.

Mənim göstərişimlə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.

Fürsətdən istifadə edərək bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik.

- Cənab Prezident, Sizin Sərəncamınızla Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrıldı. Bu vəsait iqtisadiyyatın stimullaşdırılmasına nə dərəcədə töhfə verəcək?

-Əlbəttə ki, biz bu haqda da düşünürük. Görülmüş tədbirlər arasında, ilk növbədə, məşğulluq problemləri ön plandadır. Çünki sirr deyil ki, indi ölkələr özlərini təcrid vəziyyətinə salırlar və iqtisadi əlaqələr kəsilir, pozulur. Baxmayaraq, hələ ki, yükdaşımalarda normal vəziyyət müşahidə olunur, ancaq iqtisadi əlaqələrin, iqtisadi fəallığın zəifləməsi, əlbəttə, ilk növbədə, məşğulluğa mənfi təsir göstərə bilər. Ona görə bir milyard manatın ayrılmasının əsas məqsədi ondan ibarətdir ki, sahibkarlığa dəstək verilsin, xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlət öz maliyyə dəstəyini göstərsin.

Eyni zamanda, biz artıq çox ciddi çağırışlar etmişik. Fürsətdən istifadə edərək mən bu çağırışı bu gün bir daha da etmək istəyirəm bütün sahibkarlara ki, onlar işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək bizim həmrəylik təşəbbüsümüzə zidd ola bilər. Ancaq təbii ki, əgər sahibkarın da fəaliyyəti məhdudlaşıbsa, o, itkilərə məruz qalır və burada dövlət öz dəstəyini verməlidir. Dövlət bunu edəcək. Bu xəstəliklə bağlı ən həssas sahibkarlar qruplarına xüsusi maliyyə dəstəyi də göstəriləcək, vergi güzəştləri də ediləcək, digər imtiyazlar da veriləcək. Ancaq bizim əsas tələbimiz və tövsiyəmiz ondan ibarətdir ki, sahibkarlar işçiləri ixtisar etməsinlər. Ona görə bu bir milyard manat məbləğində vəsaitin necə xərclənəcəyi haqda vətəndaşlara müntəzəm olaraq məlumat veriləcək. Çünki burada məşğulluq məsələləri ön plandadır, makroiqtisadi sabitlik təmin edilməlidir.

Biz bu ili çox yaxşı nəticələrlə, yaxşı göstəricilərlə başlamışıq. İnflyasiya cəmi 2,8 faizdir, əhalinin gəlirləri isə 9 faizdir. İqtisadiyyat 2,8 faiz artıb, amma qeyri-neft sektorunda 6,7 faiz. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artıb. Yəni, ilə çox yaxşı göstəricilərlə başlamışıq. Vergi və gömrük orqanları proqnozdan əlavə 250 milyon manat vəsait toplayıblar. Ancaq biz yaxşı başa düşürük ki, bu tendensiyaya sanki məhdudiyyət qoyulur. Çünki biz indi bu templərlə arta bilmərik. Ona görə makroiqtisadi vəziyyətin sabit saxlanması üçün həmin vəsaitdən istifadə olunacaq. Eyni zamanda, dediyim kimi, sahibkarlığın inkişafı, sahibkarlara dəstəyin verilməsi, bizim ümumi maliyyə vəziyyətimizin sabit saxlanması üçün bu vəsaitdən istifadə olunacaq. Bu sahədə də Azərbaycan bu böyük addımı atmaqla yerləşdiyi regionda birincilik göstərib.

Bir daha demək istəyirəm ki, dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq.

Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük.

-Çox sağ olun cənab Prezident. Suallarımızı ətraflı cavablandırdığınıza görə minnətdarıq.

- Sağ olun.

X X X

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə bütün sahələrdə sürətli inkişaf əldə edilib, ölkəmizin hərtərəfli tərəqqisi təmin olunub.

© Official website of President of Azerbaijan Republic
Hövsan yaşayış kompleksində mənzil

Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, sosial layihələrin uğurlu icrasını təmin edir və bu proses ardıcıl xarakter alıb. Bütün bunlar dövlətimizin başçısının səyləri nəticəsində mümkün olub. Prezident İlham Əliyev əhalinin sosial rifah halının daha da yüksəldilməsinə xüsusi qayğı göstərir, bu istiqamətdə görülən işləri diqqət mərkəzində saxlayır. Ölkədə sosial sahədə həyata keçirilən tədbirlər əhəmiyyəti və miqyası ilə seçilir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların ardıcıllığını təmin etmək üçün dövlət tərəfindən bütün zəruri işlər görülüb və hazırda da davam etdirilir. Bu baxımdan, Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin istifadəyə verilməsi xüsusi əhəmiyyətə malikdir. Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından da bu layihə əhəmiyyəti seçilir.

42
Mövzu:
Dünyanı cənginə almış bəla (526)
Azərbaycan bayrağı, arxiv şəkli

Vətən uğrunda canlarını əsirgəməyənlərə dövlət verir? Məsələ tək pulda deyil...

14
(Yenilənib 00:31 04.12.2020)
"Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir" - millət vəkili

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 4 dekabr — Sputnik. Torpaqlarımızın bütövlüyü uğrunda başlanan Vətən müharibəsində yaralanaraq qazi olan əsgər və zabitlərimizin sosial təminatı son günlər geniş müzakirə mövzusuna çevrilib. Ən çox müzakirə olunan məsələ isə qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanların sosial təminatı ilə bağlı yaydığı məlumatdan sonra bu məbləğ müxtəlif rəqəmlərlə göstərilir. Hətta qazilərimizə ödəniləcək aylıq təqaüdün məbləğinin real yaşayış minimumundan dəfələrlə az olduğu geniş qınaq obyektinə çevrilib. Digər yaranmış narazılıq isə öz sağlamlığını Vətən yolunda itirmiş qazilərimizə dövlət tərəfindən ödənilən müavinətin məbləğinin fərqli olmasıdır. 

Sputnik Azərbaycan Vətən uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə, eləcə də şəhid ailələrinə ödənilən müavinətlərin məbləğini araşdırıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri məlumatsızlıqdan irəli gəlir. Nazirlik sözçüsü bildirir ki, onlar digər sosial ödənişlərlə - pensiya, müavinət və sosial proqramlarla da əhatə olunurlar. F.Talıblı deyir ki, bu gün Azərbaycanda şəhidin vərəsələrinə 11 min manat sığorta ödənişi verilir: “Müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat təşkil edir. Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir ki, burada da orta məbləğ 400 manatdır. Onların əmək pensiyasının sığorta hissəsinə əlavə 55-110 manat ödənilir. Bundan əlavə, onlara 210-300 manat prezidentin aylıq təqaüdü verilir. Bütün bunlarla yanaşı, haqqında danışdığımız kateqoriya üçün bir sıra güzəştlər də tətbiq edilir. Məsələn, şəhid ailələrinin üzvləri və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunurlar. Onlar protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar. Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar. Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir. Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün dövlət və özəl sektorda məcburi kvota müəyyən edilib”.

F.Talıblı bildirir ki, şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub:

“Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilib. Bu proqram hazırda uğurla davam etdirilir. Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır”.

Bəs görəsən, qazilərimizə verilən müavinətlərin məbləği ilə bağlı yaranmış narazılıq nədən qaynaqlanır?

“Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranlarına ödənilən müavinətlərin azlığı və fərqli olması barədə səslənən fikirlərdə həqiqət payı var. Həmsöhbətimiz deyir ki, bu gün Qarabağ qazilərinin heç də hamısı yüksək məbləğdə təqaüd almır: “Nazirliyin dünən açıqladığı rəqəmlər illərdir qazilərə ödənilən pensiya, müavinət və prezident təqaüdü ilə bağlıdır. Qarabağ əlillərinə pensiyalar müxtəlif cür hesablandığından birmənalı şəkildə demək olmaz ki, 1-ci, 2-ci və 3-cü qrup Qarabağ əlilləri bu məbləğdə pensiya alırlar. Çünki sovet dövründə xidmət keçən və Qarabağda müharibə başladıqda Azərbaycanda gəlib döyüşən Qarabağ əlillərinin pensiyası fərqli hesablanır. Sovet dövründə xidmət keçən Qarabağ əlillərinin müharibədə iştirakı ikinci xidmət sayıldığından, onlar müddətdən artıq hərbi qulluqçu hesab olunurlar. Məsələn, gizir 600 manat maaş alırsa, bu statusda olan 1-ci qrup Qarabağ əlili bu məbləğin 100 faizini, 2-ci qrup 80 faizini, 3-cü qrup isə 50 faizini alır.

İkinci hesablama isə  sovet dövründə yox, məhz Azərbaycan ordusunda xidmət keçmiş şəxslərlə bağlıdır. Azərbaycan ordusunda xidmət edərək müharibədə yaralanan qazilərin pensiyası 1-ci qrup 240, 2-ci qrup 200, 3-cü qrup 190 manata yaxındır. Bu sadaladığım şəxslər eyni zamanda prezident təqaüdü də alırlar.

3-cü kateqoriya isə 18-20 yaş arasında döyüşdə yaralanan və heç bir iş stajı olmayan şəxslərdir ki, onlara heç bir pensiya verilmir. Onlar ancaq müavinət alırlar. Onlara verilən müavinətin məbləği 1-ci qrupa 150, 2-ci qrupa 130, 3-cü qrupa 110 manatdır. Bunun üzərinə prezidentin aylıq təqaüdü də daxildir. 4-cü kateqoriya hərbçilərimizdir. Hansı ki, onların pensiyaları vəzifəyə görə aldıqları maaşa görə hesablanır. Tutaq ki, briqada komandiri 2000 manat maaş alırsa, onun 100, 80 və 50 faizi məbləğində pensiya alır. Onlar vətənin müdafiəsi zamanı yaralanıblarsa, bu zaman onlara prezident təqaüdü də ödənilir”.

R.Kərimoğlu müharibəyə könüllü qatılan və qazi olan şəxslərə ödənilən pensiya məbləğinə də aydınlıq gətirib. O, bildirir ki, Azərbaycanda könüllü anlayışı hərbi komissarlığa gedənə qədərdir: “Bu anlayış 1991-1992-ci ilə qədər idi. Onlar müddətdən artıq hərbi qulluqçu kimi təqaüd alacaqdır”. 

Bu gün qazilərimizə verilən pensiya məbləğinin fərqli olmasını isə qazi belə izah edir: “Bizim arzumuz odur ki, əlillik qrupundan asılı olaraq Qarabağ qaziləri minimum 2000 manat məbləğində pensiya alsınlar. Bu, yaşayış üçün normal məbləğ sayıla bilər. Qazi və şəhid ailələrinin bu ölkədə normal insan kimi yaşamaq haqqı var.

Şəhid ailələrinə gəlincə, R.Kərimoğlu qeyd edir ki, şəhid ailələrinə ödənilən prezident təqaüdünün məbləği 300 manatdır: “Şəhid ailələrinə 300 manat prezident təqaüdü verilir. Üstəlik övladları 18 yaşına çatanadək müəyyən pensiya ödənilir. Bu məbləğ də aşağıdır. Biz hesab edirik ki, bu məbləğ də artırırlmalıdır”.

R.Kərimoğlu iddia edir ki, Azərbaycanda şəhid və qazilərin pensiyasını artırmaq üçün kifayət qədər resurslar var: “2001-ci ilə qədər qazilərimiz üçün əlavə dolanışıq imkanları yaradılırdı. Onlara ticarət köşkləri verilirdi ki, oradan gələn gəlirlə ailələrini dolandırsınlar. İndi bütün bu imkanlar ancaq varlılar üçündür. Bizim bu gün ən ciddi problemimiz bu insanların qapılarda qalmasıdır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizim üçün qanunda nə nəzərdə tutulubsa onu yerinə yetirir. Amma bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsi ilə bağlı qanunlarda boşluqlar var. İki ayağını itirmiş gənc oğlanın 150 manat pensiya alması sosial ədalətsizlikdir. Bu gün gərək Milli Məclisin deputatları bu boşluqların aradan qaldırılması məsələsini qaldırsınlar. Amma təəssüf ki, parlamentdə 3-5 nəfər xalqını sevən vətənpərvər deputat var. Qalanları bu millətə yaddır. Onların heç birinin övladı bu gün Qarabağ qazilərinin yerində deyil, onlar kimi aşağı pensiya almır. Onların hansının balası gedib müharibədə iki ayağından olsa, onlar pula ehtiyacları olmasa belə, Milli Məclisi dağıdarlar. Biz dəfələrlə parlamentə bununla bağlı müraciət etmişik ki, müvafiq qanunlar qəbul olunsun.

Şəhid ailələri, Qarabağ qaziləri və veteranların problemlərinin həlli ilə məşğul olan dövlət qurumunun yaradılmasına çox ciddi ehtiyac var. Bizim qurum çalışır ki, bu kateqoriyadan olan şəxslərin problemlərinin həllinə dəstək olaq. Amma problemin həlli üçün bir dövlət qurumu yaradılmalıdır. Bu gün icra hakimiyyətləri və digər qurumlarda şəhid ailələrinin, qazilərin problemləri ilə bağlı müraciət edəndə ƏƏSMN-ə yönəldirlər. Amma nəzərə almaq lazımdır ki, bu nazirliyin sözügedən kateroriya ilə bağlı iş görmək üçün bir-iki səlahiyyəti var. Səhiyyə Nazirliyi ilə bağlı şəhid və qazinin problemini ƏƏSMN həll edə bilməz. Biz illərlə bu problemin içindəyik”.

Həmsöhbətimiz deyir ki, müharibə əlillərinə ödənilən sığorta ödənişinin məbləği də bü gün qonşu ölkələrlə müqayisədə aşağıdır: “Müharibədə qalib gəldiyimiz Ermənistanda müharibədə həlak olan şəxslərin ailələrinə ödənilən birdəfəlik sığorta haqqı 21 min ABŞ dollarıdır. Ukraynada 70 min ABŞ dolları, Türkiyədə bu məbləğ 700 min TL civarındadır. Rusiya və Ukraynada müharibə əlillərinə kommunal, nəqliyyat və səhiyyə güzəştləri var. Türkiyədə qazilərə 15 il hər ay pensiyadan əlavə dövlət tərəfindən ayrıca vəsait ödənilir”.

R. Kərimoğlu bu gün şəhid ailələri və müharibə əlilləri ilə bağlı problemlərin təkcə pensiyanın azlığı ilə bağlı olmadığını söyləyir: “Bu gün qazilərə avtomobillərin və mənzillərin verilməsində problemlər var. Məsələn, başından travma alan, bir gözü, bir əli olmayanlara avtomobil verilmir. NK-nın bu təlimatında ciddi qüsurlar var. Amma iki gözü olmayana avtomobil verilir ki, ailə üzvlərindən biri idarə edə bilər. Biz illərdir ki, bürokratik məmurların ucbatından bu qaydanı dəyişdirə bilmirik”.

Ayağını itirdiyi halda yenidən cəbhəyə can atan qazi – video
© Sputnik / Leyla Abdullayeva / Leyla Orucova

R.Kərimoğlu həmçinin bildirir ki, dövlət qulluğunda işə qəbulda şəhid, qazi ailələrinin nümayəndələrinə heç bir güzəşt edilmir: “Qazi balaları yaxşı təhsil alır, dövlət qulluğuna qəbul üçün imtahan verir, amma müsabiqədən kim rüşvət veribsə, kimin həmin qurumda qohumu, tanışı varsa, o keçir. Bu ədalətsizliklər mütləq şəkildə aradan qaldırılmalıdır”, - deyə R. Kərimoğlu bildirir.

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, deputat Musa Quliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün qazilərə prezident təqaüdü verilir. Deputat deyir ki, hazırda əsas diqqət göstərilməli məsələ gənc yaşdan əlil olan insanların məşğulluğunun təmin olunması, onların özünüməşğulluq proqramlarında iştirakını təmin etməkdir: “Əlbəttə ki, gələcəkdə onlara ödənilən pensiya məbləği də artırılmalıdır. Əlavə pensiya və müavinət növü də fikirləşmək olar. Heç bir Qarabağ müharibəsi qazisinə və şəhidinə fərq qoymaq olmaz! Onlara eyni qaydada bütün sosial müdafiə tədbirləri həyata keçirilməlidir. Pensiyaların verilməsi büdcəyə bağlı məsələlərdir. Gələcəkdə bunlara mütləq baxılmalı, yeni məbləğlər müəyyənləşdirilməlidir. 

Bu, müzakirə mövzusu ola bilər və olmalıdır da. Ölkə üzrə orta aylıq əmək haqqı artdıqca bu pensiya və müavinətlərin də məbləği artacaq. Mən təklif etmişəm ki, şəhid ailələri üzvlərinə dövlət qulluğuna qəbulda güzəştlər olsun. Bu da çox vacib məqamdır”, - deyə deputat bildirir.
14
Teqlər:
məşğulluq, avtomobil, mənzil, pensiya, müavinət, Azərbaycan, Qarabağ, şəhid, qazi
Tədqiqat, arxiv şəkli

Yapon alimlər indiyədək heç kəsin görə bilmədiyini gördülər

6
(Yenilənib 01:52 04.12.2020)
Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

BAKI, 4 noyabr - Sputnik. Yapon alimlər əvvəllər müşahidə edilə bilməyən zərrəciklərin vizualizasiya metodunu aşkarlayıblar. Müəlliflərin fikrincə, bu, günəş batareyaları və işıq diodlardan tutmuş smartfon və lazerlərədək gələcək yüksək texnologiyalı qurğuların hazırlanmasında gərəkli olan ikiölçülü yarımkeçiricilərin öyrənilməsində inqilaba bərabər kəşfdir.

Sputnik Azərbaycan bildirir ki, araşdırmanın nəticələri Science jurnalında dərc olunub.

Eksitonlar - bir çox müasir texnologiyanın əsas tərkibi olan yarımkeçiricilərdə maddənin həyəcan vəziyyətini əks etdirən kvazi hissəciklərdir. İşıq elektronlara təsir edib onları daha yüksək enerji halına qaldıran zaman eksitonlar yaranır, bu zaman elektronların əvvəl olduğu enerji səviyyəsində isə dəlik əmələ gəlir.

"Dəlik - elektronun olmaması deməkdir, ona görə də onlar elektronun əksi olan yükü daşıyırlar. Əks yüklər bir-birini cəzb edir, həm elektronlar, həm də dəliklər birləşərək eksitonları əmələ gətirir, bunlar isə öz növbəsində material daxilində hərəkət edir", - Okinava Elm və Texnologiya İnstitutunun professoru, femtosaniyə spektroskopiya bölməsinin rəhbəri Keşav Dani yazır.

İri yarımkeçiricilərdə eksitonlar əmələ gəldikdən sonra saniyənin milyardda bir kəsikləri ərzində sönür. Üstəlik, onlar "kövrək" də ola bilir, bu isə həm öyrənilməsini, həm də idarəolunmasını çətinləşdirir. Ancaq təxminən on il əvvəl alimlər ikiölçülü yarımkeçiriciləri kəşf etdilər ki, bunlarda eksitonlar daha dayanıqlıdır.

"Stabil eksitonlar bu materiallara, doğrudan da unikal xüsusiyyət bəxş edir, buna görə də eksiton əsaslı yeni optik-elektron qurğuların yaradılması üçün xeyli araşdırma aparılıb, - digər müəllif, femtosaniyə spektroskopiya bölməsinin əməkdaşı doktor Jülyen Madeo qeyd edir. - Ancaq hazırda eksitonların ölçülməsi üçün standart eksperimental texnika məhduddur".

Eksitonların yalnız bir tipinin - parlaq eksitonların işıqla qarşılıqlı əlaqədə olması qabiliyyəti alimlərə çoxdan məlumdur. Ancaq qara eksitonlar da mövcuddur ki, onları indiyədək müşahidə etmək mümkün olmurdu.

Qara eksitonlarda elektronların impulsu parlaq eksitonlardakı elektronların impulsundan və əlaqədə olduqları dəliklərin hərəkət anından fərqlənir, bu isə onlara işığı udmağa imkan vermir.

"Bilirdik ki, onlar var, amma birbaşa görə, tədqiq edə bilmədiyimizdən materialın optik-elektron xüsusiyyətlərinə nə dərəcədə təsir etdiyini bilmirdik", - Madeo bildirib. 

Qara eksitonları vizuallaşdırmaq üçün alimlər əvvəllər əlaqəsiz elektronları öyrənmək üçün istifadə etdikləri güclü texnikanı modifikasiya ediblər.

"Tərkibi zərrəciklər olan eksitonlarda bu metodların necə işə yarayacağı aydın deyildi. Bu yanaşmanın əsaslı olub-olmadığı barədə elmi cəmiyyət böyük nəzəriyyə müzakirəsi açdı", - professor Dani qeyd edib.

Müəlliflər təxmin ediblər ki, yüksək enerjiyə malik fotonlu işıq seli ilə yarımkeçirici materialdakı eksitonlara təzyiq olunsa, fotonların enerjisi eksitonları dağıdaraq elektronları materialdan çıxara bilər. Bununla da elektronların materialdam çıxdığı istiqaməti ölçərək elektronların eksitonların tərkibi olduğu zaman malik olduğu ilkin impulsu təyin etmək mümkün olardı. Beləliklə, alimlər nəinki eksitonları görə, eləcə də qara və parlaq eksitonları bir-birindən ayıra biləcəklər.

"Bütün texniki problemləri həll edb, qurğunu qoşarkən bizim ekranda eksitonlar peyda olanda - bu, doğrudan da möhtəşəm idi", - tədqiqatda iştirak etmiş doktor Mişel Man deyib.

Alimləri bir xüsusiyyət də təəccübləndirib: onlar şahid olublar ki, materialda qara eksitonlar parlaq eksitonlardan çoxdur, üstəlik, müəyyən şərtlər daxilində, həyəcanlanmış elektronlar materialda səpələnib impulslarını dəyişən zaman eksitonlar dəyişə bilir (parlaqdan qaraya).

6
Teqlər:
elektron zərrəcik, yarımkeçirici, material, optik, elmi tədqiqat, tədqiqat, alimlər, Yaponiya
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə