Satıcısız mağaza

Bu da "distant alver": Azərbaycanda ilk satıcısız mağaza - FOTO

1549
(Yenilənib 18:56 24.03.2020)
"Satıcısız mağazaların Avropada olması haqda eşitmişdim. Amma ona ilk dəfə öz vətənimdə rast gələcəyimi güman etməzdim"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Naftalan şəhərində ölkəmizdə ilk dəfə olaraq satıcısız mağaza fəaliyyətə başlayıb. Mağaza şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Naftalanda yerləşən sağlamlıq mərkəzlərindən birinin dəstəyilə 7/24 alıcılara xidmət üçün nəzərdə tutulub.

© Sputnik / Ilham Mustafa
Satıcısız mağaza

Sputnik Azərbaycan xəbər verir ki, mağazaya daxil olan alıcı ona lazım olan məhsulu seçərək ödənişi şəffaf qutuya atır. Sahibkar Elnur Əliyev xarici ölkələrdə bu tip satıcısız mağazaların olduğunu, ölkəmizdə isə bir ilk olduğunu söyləyib: "Mağazamızda turistlərin daha çox ehtiyacı olan 20-dən artıq çeşiddə məhsul satışa çıxarılıb. Eyni zamanda yalnız Naftalan neftinə aid diş pastaları, kremlər, yağlar, şampunlar, sabunlar və digər təbii tərkibli, müalicəvi əhəmiyyətli məhsullar satılır. Burada qiymət 50 qəpikdən 12 manatadək dəyişir".

© Sputnik / Ilham Mustafa
Elnur Əliyev

Sahibkar gələcəkdə turistlərin və şəhər sakinlərinin məmnunluğuna xidmət məqsədilə ödənişlərin nağdsız üsulla aparılacağını da bildirib.

Satıcısız mağaza yerli və xarici turistlər arasnda da maraqla qarşılanıb. Bəzi turistlər ilk dəfədir belə mağaza gördüklərini qeyd edirlər. Rusiyadan gələn turist Mahir İbrahimov satıcısız mağazanı əhaliyə olan etimad və güvən kimi dəyərləndirib: "Satıcısız mağaza ilə ilk dəfədir qarşılaşıram. Bu, etibar və diqqət məsələsidir. Təşkilatçılara təşəkkür edirəm".

© Sputnik / Ilham Mustafa
Mahir İbrahimov

Gəncədən gələn turist Fuad Tağıyev isə mətbuat vasitəsilə Avropada bu cür mağazaların olduğunu eşitdiyini, lakin öz vətənində bununla qarşılaşacağını gözləmədiyini söyləyib: "Satıcısız mağazaların Avropada olması haqda eşitmişdim. Amma ona ilk dəfə öz vətənimdə rast gələcəyimi güman etməzdim. Burada insan üçün zəruri lazım olan əsas tələbat malları var. Günün istənilən vaxtında kimsəni narahat etmədən lazım olan məhsulu almaq mümkündür".

  • Satıcısız mağaza
    © Sputnik / Ilham Mustafa
  • Satıcısız mağaza
    © Sputnik / Ilham Mustafa
  • Satıcısız mağaza
    © Sputnik / Ilham Mustafa
  • Satıcısız mağaza
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Satıcısız mağaza

Qeyd edək ki, pilot layihə kimi nəzərdə tutulan satıcısız mağazaların gələcəkdə Naftalan şəhərinin bir neçə yerində açılması nəzərdə tutulub.

1549
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Əlaqədar
Bu məkan yalnız Azərbaycandadır: hər kəsdən bir "parça" qalıb - FOTO
Əvvəlki əzəmətindən əsər də qalmayıb: O bina vaxtilə kimləri görməyib...
Gəncəli diş həkimi dünyada bir ilkə imza atmaq istəyir
Azərbaycanlı düşməndən aldığı "hədiyyə"lərdən muzey yaratdı - FOTO
Daşa çevrilən qardaşlar – Burada qədim bir abidə yatır - FOTO
Vüqar Səfərli, arxiv şəkli

Vüqar Səfərli apelyasiya şikayəti verdi - Ev dustaqlığına çıxmaq üçün

0
(Yenilənib 13:14 23.01.2021)
Qeyd edək ki, Səfərli bir müddət əvvəl də barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

BAKI, 23 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri olmuş Vüqar Səfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Ramin Qaraqurbanlının icraatına verilib.

Məhkəmənin baxış iclası yanvarın 25-nə təyin olunub.

Qeyd edək ki, V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaqla Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sərəncamında olan əmlakın həmin qurumun İcraçı direktoru və əməkdaşlarının digər şəxslərlə əlbir olmaqla şəxsi maraqlarına uyğun istifadə etmələrinə, fəaliyyətin ayrı-ayrı istiqamətləri üzrə proqramların və vəzifələrin icra edilməsi adı ilə rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılmış istintaqla müəyyən edilmişdir ki, Fondun icraçı direktoru Səfərli Vüqar Müzəffər oğlu, "Portos" MMC-nin direktoru Məmmədov Nadir Məhərrəm oğlu və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə "Portos" MMC-nin bank hesablarına köçürüb, bununla da, mətbuat işçiləri üçün Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmiş, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında "Forma 2" aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.

Bundan başqa, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etmədən, həmin Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin Fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan Fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlamış, 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub.

Həmçinin, Vüqar Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq nəşr olunan qəzetlərə maliyyə yardımının göstərilməsi məqsədi ilə dövlət tərəfindən ayrılmış vəsaitin 2015-2019-cu illər ərzində 300 min manat məbləğində olan hissəsini ailə üzvünün adına təsis etdiyi "Futbol+Qol" qəzetinə qanunsuz olaraq köçürməklə həmin pulu, eləcə də qurumun məqsədlərinin həyata keçirilməsi üçün alınmış 103 min manat dəyərində dəftərxana ləvazimatlarını da mənimsəmiş, eyni zamanda 2017-2019-cu illər ərzində ziyafətlərin keçirilməsi ilə bağlı satınalma müqavilələrinin bağlanması zamanı qanunsuzluqlara yol verməklə KİVDF-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 105 min manat məbləğində pul vəsaitini israf edib.

Bundan əlavə, Vüqar Səfərli qeyriləri ilə qabaqcadan əlbir olaraq qeyd edilən mənimsəmə və vəzifə saxtakarlığı cinayətləri üzrə əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitini kommersiya bankında olan milli və xarici valyutadakı depozit hesablarına 2015-2018-ci illər ərzində cəmi 5 milyon 796 min manatı yerləşdirməklə cinayət yolu ilə əldə edilmiş həmin pul vəsaitlərini külli miqdarda leqallaşdırmışdır.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Səfərli Vüqar Müzəffər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı), Məmmədov Nadir Məhərrəm oğlu isə Cinayət Məcəlləsinin 179.4, 308.2 və 313-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

0
 Distant təhsil, arxiv şəkli

Nazirlik bu ərazilərdə simsiz rabitə şəbəkəsi qurur - Şagirdlərin problemi həll olunacaq

3
(Yenilənib 13:06 23.01.2021)
Hazırda Ağdamın Ayaq Qərvənd, Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. Ağdam rayonun müharibədən əvvəl cəbhəyanı əraziləri sayılan qəsəbələrinə simsiz rabitə xətti çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən cavabda bildirilir. Nazirlikdən verilən məlumata görə, 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı düşmən tərəfindən Ağdam rayonuna atılmış mərmilər xətt təsərrüfatını zədələyib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rayonun Qaradağlı, Əfətli, Mirəşelli, Mahrızlı, Çəmənli, Xındırıstan, Rzalar, Təzəkənd, Bənövşələr kəndləri və Dördyol-1, Dördyol-2, Yeni qəsəbə, Baharlı qəsəbələrində təmir-bərpa işləri həyata keçirilib, xətt təsərrüfatının bərpası və xidmətlərin təminatı qısa müddət ərzində təmin edilib. Belə ki, şəbəkənin bərpası məqsədilə 10 kilometrə yaxın zədələnmiş müxtəlif tipli kabellər dəyişdirilib, 60 ədəd dirək yeniləri ilə əvəz olunub. Eyni zamanda abunəçi xətlərinin 13 km uzunluğunda hissəsi normalara cavab verən vəziyyətə gətirilib.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, Ağdam rayonunun Ayaq Qərvənd qəsəbəsində yaşayan sakinlərə genişzolaqlı internet xidmətinin göstərilməsi üçün simsiz rabitə şəbəkəsi qurulub: "Hazırda Səfərli və Alıbəyli qəsəbələrində də internet xidmətinə tələbatının ödənilməsi üçün tədbirlər görülür. Həmçinin rayon ərazisində telefon və yüksək sürətli internet xidmətinə olan tələbat nəzərə alınaraq müvafiq layihələr hazırlanır və mərhələli şəkildə icra edilir. Bütün müraciətlər qeydə alınır, sorğuda qeyd olunan və digər ərazilərin sakinlərinin telefon və internet xidmətləri ilə təminatı istiqamətində işlər davam etdirilir".

Xatırladaq ki, Ağdam Rayon Təhsil şöbəsinin müdiri Mətanət Misirxanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ağdam rayonu üzrə təxminən 56 faizə yaxın şagird onlayn təhsilə cəlb olunub: "Müharibədən sonra müəllimlərlə şagirdlər arasında artıq bir vasitə var. Amma müəyyən qisim şagird hələ də təhsildən, müəllim təmasından kənardadır. Bunlar Ağdam rayonu ərazisindəki Səfərli, Alıbəyli, Ayaqqərvənd qəsəbələrinin şagirdləridir. Burada yaşayan şagirdlərlə təmas qurmaq mümkün deyil. Çünki bu ərazilərdə telefon xətti yoxdur. Mobil internetdən istifadə etməyə isə maddi baxımdan imkanları çatmır. Amma biz həmin qəsəbələrdə yaşayan şagirdlərlə daima əlaqə qururuq. Məktəb direktorları və sinif rəhbərləri şagirdləri teledərslərə yönəldirlər ki, onlar teledərsləri izləsinlər. Bununla belə, biz nəzərdə tutmuşuq ki, məktəblər açıldıqdan sonra onlayn dərslərə qoşula bilməyən şagirdlər üçün həmin dərslər sıxlaşdırılmış formada keçirilsin. Bunun üçün də əlavə dərs və məşğələ cədvəlləri hazırlanır".

3