Binəqədi rayonunda heyvan qəbiristanlığı

Binəqədinin Kaliforniyadakı muzeyə meydan oxuyan abidəsi su içində qalıb - FOTO

866
(Yenilənib 15:36 24.03.2020)
Binəqədidəki bu abidənin analoqu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranço La Brea muzeyi hesab olunur

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Qəbiristanlıq deyəndə ağla ilk növbədə insanların dəfn edildiyi məzarlıqlar gəlsə də, sən demə, Bakıda heyvan qəbiristanlığı da varmış. Özü də nə az, nə çox, 200 min il əvvələ aid olan bir qəbiristanlıq. Bura Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi adlanır. Sputnik Azərbaycan çoxlarının xəbərsiz olduğu bu qəbiristanlıqdan reportajı təqdim edir.

© Sputnik / Zulfiyya Guluyeva
"Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsi"nin lövhəsi

Binəqədi qəsəbəsi, II mədən 93-cü korpus ünvanında yerləşən abidə barədə bizə restavrasiya işləri aparan Bayram Əhmədov məlumat verir. Onun sözlərinə görə, abidə Azərbaycan geoloqu Ə.S.Məstanzadə tərəfindən 1938-ci ildə qazıntılar zamanı aşkar edilib. Həmsöhbətimiz deyir ki, Sovet dövründə burada böyük geoloji ekspedisiya qrupu işləyib. Amma ondan sonra bu abidədə qazıntılar davam etdirilməyib: "Buranı ona görə heyvan qəbiristanlığı adlandırırlar ki, 200 min il əvvəl vəhşi heyvanlar buraya su içmək üçün gəlsələr də, mazuta bataraq çıxa bilməyiblər. Hansısa heyvanın batıb qaldığını görən çaqqal, tülkü onu ovlamaq istədikdə özləri də mazuta bataraq qalıblar. Buradan yaşı 75 min il olan kərgədan skeletləri, ən qədim heyvanların kəllə sümükləri aşkar edilib. Amma çox təəssüf ki, artıq qazıntılar aparılmır. Torpağın altında xeyli heyvan skeleti qalmaqdadır. Qazıntıların aparıldığı ərazi isə, gördüyünüz kimi, mazutlu su ilə dolub. Nasoslar yoxdur ki, biz buranın suyunu çəkib qurudaq".

O deyir ki, çox az-az hallarda abidəni görmək üçün gələnlər olur. Çox maraqlı turizm marşrutu olan bu abidəni əsasən qonaqlar ziyarət edirlər. Tur şirkətləri vasitəsilə ilə isə demək olar ki, kütləvi turist axını yoxdur. Bayram Əhmədov deyir ki, "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi" nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri hesab olunur.

© Sputnik / Zulfiyya Guluyeva
Binəqədi rayonunda heyvan qəbiristanlığı

Binəqədi kəndindən 1 km cənub-şərqdə, bitum yataqlarında yerləşən bu abidə Abşeron yarımadasının Pleystosen faunası, hətta florası haqqında da aydın təsəvvür yaradır. Bitki növlərinin zənginliyi və su ilə əlaqədar olan həşəratların çoxluğu burada şirin su olmasına sübutdur. O vaxt Binəqədi yaxınlığındakı şirin su mənbələrindən biri heyvanların su içdiyi mənbə olub. Sonralar neftli laylarda gedən dəyişikliklər nəticəsində neft yerin üzərinə çıxaraq şirin su gölünə axıb. Beləcə, gölün dibində, sahilində qalmış qatı neft təbəqəsi heyvanlar üçün tələyə çevrilib. Buraya su içməyə gələn kərgədan, ibtidai öküz, nəhəng maral kimi güclü heyvanlar batıb qalıblar. Daha sonralar isə qırlı göl elmə məlum olmayan dövrdə qabarmalara məruz qalaraq torpağa çevrilib.

B.Əhmədov bildirir ki, abidə 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Dövlət Təbiət Abidəsi elan olunub. "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb. Aşkar olunmuş növlərdən 20-si nəsli kəsilmiş heyvanlardır. Bunlardan mağara şiri, mağara pələngi, nəcib maral, hepard, bəbir və digərlərini misal göstərmək olar. Burada 43 məməli, 107 quş, 2 sürünən, 1 suda-quruda yaşayan canlının qalıqları aşkarlanıb. Onurğasız heyvanlardan isə buğumayaqlıların 120-dən çox növü, mollyuskların 1 növü təyin olunub.

Həmsöhbətimiz bildirir ki, burada aşkara çıxarılan fauna və flora qalıqlarının yaşı 50-150 min ili əhatə edir. 1938-ci ildə tapılmış kərgədan sümüyü dünya paleontologiya elmində "Binəqədi kərgədanı" adı ilə məşhurdur. Bayram Əhmədov deyir ki, hətta Binəqədidəki bu abidənin analoqu yalnız ABŞ-ın Kaliforniya ştatındakı Ranço La Brea muzeyi sayılır.

© Sputnik / Zulfiyya Guluyeva
"Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"ndə 300-ə yaxın heyvan və 22 növ bitki qalıqları aşkarlanıb

Binəqədi faunası heyvan qalıqlarının çoxluğuna və növlərinin müxtəlifliyinə görə Kaliforniyadakı Ranço La Brea asfaltlarında aşkar edilmiş Dördüncü dövr faunasından zəngindir. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Yazıçı V.V.Boqaçevin müəllifi olduğu "Картины первобытной природы Апшерона" ("İbtidai Abşeronun mənzərələri") adlı kitabda rayona dair məlumatlar öz əksini tapıb.

Burada onu da öyrənirik ki, indiyədək "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə müxtəlif işlər aparılıb, muzeyin layihəsi üzərində işlənilsə də, başlanılan işlər müxtəlif səbəblərdən sona çatdırılmayıb. Hətta açıq səma altındakı muzeydə aşkarlanan heyvan skeletlərinin nümayişi üçün şərait də yoxdur. Yaşı 150 min il əvvələ dayanan heyvan skeletlərinin çoxu taxta yeşiklərə yığılaraq şəraitsiz şəkildə qışda qarın-yağışın, yayda günün altında qalır. Apardığımız müşahidələr nəticəsində belə qənaətə gəldik ki, əslində böyük turizm potensialı olan bu abidə baxımsızlıq nəticəsində diqqətdən kənar qalıb.

  • "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"nin ərazisindən tapılan heyvan qalıqları
    © Sputnik / Zulfiyya Guluyeva
  • Binəqədi rayonunda heyvan qəbiristanlığının ərazisi
    © Sputnik / Zulfiyya Guluyeva
  • "Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"nin ərazisindən tapılan heyvan qalıqları
1 / 3
© Sputnik / Zulfiyya Guluyeva
"Binəqədi IV dövr fauna və flora təbiət abidəsi"nin ərazisindən tapılan heyvan qalıqları

Abidənin aid olduğu Təbiət Tarixi Muzeyindən isə bildirdilər ki, "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə aşkar olunan skeletlərin bir hissəsi bu muzeydə saxlanılır. O ki qaldı qazıntıların davam etdirilməməsinə, muzeydən buna maliyyə vəsaiti olmadığını əsas gətirdilər.

Qeyd edək ki, "Binəqədi Fauna və Flora Təbiət Abidəsi"ndə aşkar olunan Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir. Burada tapılmış skeletlər üzərində aparılan tədqiqatlar göstərir ki, xırda gəmiricilərin sümüklərinin bir hissəsi yağış və sel nəticəsində yerlərini dəyişib. Kolleksiyada dovşanlar, dəniz kirpiləri, yereşən, siçan kimi xırda gəmiricilərin qalıqları toplanıb. Müqəvva və skeletlər, quşların yuvaları və yumurtaları da böyük maraq doğurur. "Binəqədi dördüncü dövr fauna və florası" ən məşhur tədqiqat obyekti olsa da, diqqətdən kənar qalıb...

866
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (61)
Əlaqədar
Tarixi silməyə nə var ki, ünvanı dəyiş, vəssalam - FOTO
Bakıda tapılan yeraltı hamam bərpa edilib
Ömrünü vətəni üçün fəda edən, mis kasa ilə başlayıb milyonluq miras qoyan Qərib
Sevgidən yaranan gözəllik: o, Şərqdə Azərbaycan qadınının statusunun ilk təsdiqidir
Tüfəng sədası altında böyüyən tarix: “Dənizdən balıq əvəzinə insan başları çıxdı”
İmtahan, arxiv şəkli

Nazirlikdən imtahanlarla bağlı açıqlama

10
(Yenilənib 22:45 15.01.2021)
Nicat Məmmədlinin sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib.

BAKI, 15 yanvar — Sputnik. "Pandemiyadan sonra – ola bilər ki, yaz, yaxud da daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsininn müdiri Nicat Məmmədli deyib. Onun sözlərinə görə, pandemiya şəraitində yazılı imtahanlar olsa da, imtahanlar əsasən şifahi formaya keçib. "İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir. Amma hazırkı pandemiya dövrü bizdən təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir".

Şöbə müdiri bildirib ki, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb: "Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi".

10
Bakıda avtomobil tıxacı, arxiv şəkli

Dünyada yollar, məsafələr qısaldılsa da, Azərbaycanda əksinədir

31
(Yenilənib 22:25 15.01.2021)
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Bu gün dünyanın bir çox ölkələri məhz yolları, məsafələri qısaltmaq, xüsusən də işçi qrupun rahatlığı üçün müəyyən planlar üzərində çalışırlar. Lakin Azərbaycanda bu müddət azalmaq əvəzinə daha da artırılır. Pandemiyadan öncə getdiyimiz yarım saatlıq yol bu gün 2 saatlıq yola çevrilib. Ümumiyyətlə, pandemiyadan əvvəl də Azərbaycanda bənzər mənzərə müşahidə edilirdi. Bu isə xüsusən gündəlik olaraq işə gedən şəxslər üçün böyük problemə səbəb olur. Yəni, qısa məsafəni hər iki istiqamət üçün qət edən şəxs gününün 4-5, indiki halda isə hətta 6-7 saaatını da yolda keçirmiş olur. Bəs nə etməli?

Öncə dünya ölkələrinin təcrübəsinə nəzər yetirək. Bu gün əksər ölkələrdə artıq şəhərin mərkəzində avtobusların hərəkəti məhdudlaşdırılır. Belə ki, müəyyən məsafədən gələn şəxslər şəhərin mərkəzində avtomobilini park edərək mərkəzdən lazım olan ünvana ya velosiped, ya da ki, ictimai nəqliyyatdan istifadə etməklə çatmış olur. Belə olan halda həm əlavə yanacağa qənaət edilmiş olur, həm havanın çirklənməsinin qarşısı alınır, həm şəhər mrəkəzi sərnişin və piyadalar üçün daha uyğun bir vəziyyətə gəlir, həm də avtomobillərin olmaması səbəbi ilə əlaqədar olaraq tıxaclar yaranmır və beləcə məsafə daha da qısaldılmış olur. 

Sputnik Azərbaycan bu problemlərin həlli barədə nəqliyyat üzrə ekspert Hüseyn Abdullayevlə söhbətləşib. "Azərbaycanda avtobus marşrut xətlərinin planlaşdırılmasında böyük problemlər var. Ümumiyyətlə, heab edirəm ki, Bakının avtobus-marşrut şəbəkəsi yenidən müasir prinsiplərlə qurulmalıdır. Vaxt itkisinə səbəb olan nüanslar aradan qaldırılmalıdır. Avtobuların yollarda gecikməsinin qarşısını almaq üçün müəyyən addımlar atılmalı, ayrıca zolaqlar salınmalı, dəhlizlərdə avtobuslara üstünlük verilməlidir. Bir sözlə ümumilikdə nəqliyyat infrastrukturu ilə bağlı islahatlar aparılmalıdır" - ekspert deyib.

"Magistral avtobus xətlərinin də köməkçi avtobus xətləri olmalıdır. İyerarxiyalı sistemdə mütləqdir ki, bir nəqliyyatdan digər nəqliyyat xəttinə keçid mümkün qədər tez baş versin. Bunun üçün bu marşrutlar hamısı qısa intervalla işləməlidir. Bundan başqa, insanlar böyük məsafələr qət etməməli və hər mübadilə üçün əlavə gediş haqqı ödəməməlidirlər. Lakin qeyd edim ki, Azərbaycanda nəqliyyat sistemində bir pərakəndəlik var, avtobus, metro və dəmiryolu xətti ilə ayrılıqda müəyyən qurumlar məşğul olurlar. Əsas dəhlizlərdə isə avtobuslara üstünlük verilmir", - deyə eskpert bildirir.

Xarici təcrübədən danışdıqda isə, o qeyd edir ki, avtobus marşrutları, həm də digər nəqliyyat növəri arasında konkret iyerarxiya olmalıdır: "Yəni, müəyyənləşir ki, bu xətlərdən hansılar magistral, hansılar köməkçi nəqliyyat yollarıdır. Əsas magistral marşrut xətlərinə sərnişinlərin çıxışını təmin etməkdir", - deyə ekspert əlavə edib.

Millət vəkili Fazil Mustafa isə fərqli fikirdədir. Bu barədə Sputnik Azərbaycan-a danışan millət vəkili belə bir infrastrukturun qurulmasının mümkünsüzlüyündən bəhs edir: "Hazırda yollarda yaranan sıxlıq ilk növbədə metro ilə bağlıdır. Bu səbəbdən əksəriyyət minik avtomobilindən istifadə etmək məcburiyyətində qalır. Məktəblər açılmasa da, şəhərdə fəlakətli səviyyədə tıxaclar var. Pandemiya şəraitində yaranan vəziyyət təbiidir. Çünki avtobuslar da riskli olduğundna insanlar şəxsi avtomobillərə üstünlük verirlər. Bu səbəbdən hələlik çıxış yolu haqda danışmaqda çətinlik çəkirəm. Amma düşünürəm ki, tədricən metronun açılmasını görməliyik. Çünki nəqliyyatda hədsiz yüklənmə var".

Millət vəkili heab edir ki, şəhərin mərkəzinə çatmamış avtomobillərin park edilməsi təcrübəsini Azərbaycanda tətbiq etmək çətin olar: "Düşünürəm ki, bunun heç faydası da olmayacaq. Çünki bizdə normal elektrik qatarı yoxdur. Bu təcrübə yalnız düzgün infrastrukturun qurulduğu şəhərlər üçün keçərlidir. Bizdə isə düzgün infrastruktur qurulmayıb, şəhərsalmanın prinsipləri pozulub. Xaricdə belədir ki, məktəbəqədər yaşda olan uşaqlar üçün xüsusi avtobuslar var. Bizdə məktəbəqədərlər 25 faiz təşkil etsə də, heç bunu da təmin edə bilmirik".

Bir sözlə, hazırda gündəlik hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib. 

Qeyd edək ki, pandemiyadan öncə isə gündəlik olaraq işə gedib-gələn və bir qədər şəhərin mərkəzindən kənarda qalan şəxslər 4 saatını yola sərf edirlər. Yəni, aylıq olaraq bu 80 saat, illik olaraq isə 960 saatdır.

Hələlik isə ümid təkcə metronun açılmasına qalır...

31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0