Bakının mərkəzində tibbi maskada olan qadın, arxiv şəkli

Bu gündən xüsusi karantin rejiminə keçirik: QADAĞALAR

2565
(Yenilənib 20:32 23.03.2020)
Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə ediləcək

BAKI, 23 mart — Sputnik. Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı məlumatında deyilir:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Bu müddət ərzində:

1. 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilsin.

2. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılsın.

3. Mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılsın.

4. Azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının 14-21 gün ərzində məcburi karantin rejimində yerləşdirməklə xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilsin.

5. Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq etsin. Sərnişinlərə tövsiyə edilsin ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

6. İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilsin.

7. İnsanlarası təmaslarda vətəndaşlar tərəfindən 2 metrlik məsafənin saxlanılması tövsiyə edilsin.

8. İctimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunsun: müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilsin, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin;

9. Nəzdindəki supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti dayandırılsın;

10. Ərzaq mağazalarının, apteklərin və digər həyat əhəmiyyətli obyektlərin fəaliyyəti təmin edilsin.

11. Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə həvalə edilsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi, koronavirus xəstəliyi üçün xarakterik simptomları hiss edən şəxslərə 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etməyi ciddi tövsiyə edir.

2565
Azərbaycan manatı, arxiv şəkli

Pensiya kapitalı ədalət - qalaqlanan problemlər üçün çözüm təklifi

11
(Yenilənib 17:59 26.11.2020)
"Bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir", - Vüqar Bayramov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Dünyanın ən yaxşı pensiya sisteminə malik olan 39 ölkəsinin adları açıqlanıb. "Mercer CFA" institutunun "Global Pension Index 2020" hesabatına görə, 2020-ci ildə dünyanın ən yaxşı pensiya sisteminə malik ölkəsi Niderland olub. Bu ölkənin indeksi ötən illə müqayisədə 81-dən 82,6-a yüksəlib. İkinci yerdə qərarlaşan Danimarkanın isə builki indeksi 80,3-dən 81,4 bəndə qədər yüksəlib. Siyahının üçüncü yerinə isə İsrail (74,2 bənd) layiq görülüb.

Hazırda Niderlandda pensiya yaşı 66-dır. 2024-cü ilədək ölkədə pensiya yaşının aylıq artım dinamikası dondurulur. Yalnız 2024-cü ildə ölkədə pensiya yaşı 67 olacaq və bundan sonra hər il bu müddət daha öncəki müddətlə müqayisədə çox cüzi olaraq artmaqda davam edəcək. Digər ölkələrlə müqayisədə Niderlandda pensionerlər daha firavan həyat yaşayırlar ki, bunun da səbəbi ölkədəki qanunlardır.

Ölkədə yaşlılığa görə verilən pensiya olan AOW-dan yararlanmaq üçün şəxslərin Niderlandda çalışdığı hər il üçün 2 faiz illik AOW vəsaiti toplanmalıdır. Məsələn, şəxs pensiya yaşına çatdıqda sadəcə olaraq 40 ildir ki, Niderlandda yaşamış olarsa, bu zaman AOW vəsaitinin 80 faizini əldə etmiş olacaq.

Bundan başqa, ölkə qanunları ağır işdə çalışanlara daha tez pensiyaya çıxmaq hüququnu verir. Bununla yanaşı, istəyən hər kəs 3 il daha tez yaşlılıq pensiyasına çıxa bilmək hüququna malik olur.

Pensiya sisteminə görə 39 ölkə arasında ikinci olan Danimarkada isə bu yaş həddinin aşağı endirilməsi müzakirə edilir.

Ölkənin Baş naziri Mette Frederiksen pensiya yaşının 65-dən 61-ə endirilməsi üçün təkliflərin verildiyini də vurğulayıb:

"Danimarka vətəndaşları hər gün işləmək, pul qazanmaq üçün səhər tezdən oyanır, ağrı və acı ilə işə gedirlər. Bəlkə də belləri, dizləri, çiyinləri ağrıyır, bəlkə də çox acı çəkirlər. Bu səbəbdən biz uzun illərdir çalışanlar, çalışdığı müddətdə vergilərini ödəyən və ağır işə cəlb olunanlar üçün təkliflər vermişik. Yeni qanun layihəsinə görə, 42-44 il çalışanlar 1-4 il daha tez pensiyaya çıxa biləcəklər. 2022-ci ildə 38 min şəxs bundan yararlana biləcək".

Qeyd edək ki, qarşıdakı 10 il ərzində Danimarkada pensiya yaşının 68 olacağı planlaşdırılır.

Son illərdə Azərbaycanda da pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində müxtəlif işlər görülüb. Lakin bununla belə, bəzi problemlər hələ də həllini tapmamış qalır. Bəs Azərbaycanda pensiya sistemində hansı qalaqlanmış problemlər həllini gözləyir?

Saxla samanı... Kartda olan pulları necə artırmalı?>>

Millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Son illər Azərbaycanda pensiya sistemində bir sıra islahatlar aparılıb. Xüsusən də 2018-ci ildən pensiya sisteminin təkmilləşdirilməsi müşahidə olunub. Biz mütəmadi olaraq pensiya islahatlarının davamlı olması və pensiya sisteminin daha da təkmilləşdirilməsi üçün təkliflərimizi təqdim edirik. Qiymətləndirmələr onu göstərir ki, indiki halda həm pensiya kapitalı ilə bağlı, həm də pensiya kartından istifadə ilə bağlı islahatların davam etdirilməsinə ehtiyac var".

"Nəzərə almalıyıq ki, minimum pensiya məbləği artdıqca tələb olunan minimum pensiya kapitalı da artır. Bu səbəbdən vacibdir ki, pensiya kapitalının müəyyən hissəsinin dövlət tərəfindən kompensasiya edilməsi mexanizminə baxılsın. Daha yaxşı olardı ki, vəsaitlərin, xüsusən də həssas qruplar üçün olan vəsaitlərin bir hissəsi kompensasiya olunsun", - deyə millət vəkili əlavə edib.

O bildirib ki, böyük pensiya kapitalına malik vətəndaşlarımıza ABŞ-da olduğu kimi daha tez pensiyaya çıxmaq hüququnun verilməsinə ehtiyac var: "Ona görə də biz minimum pensiya kapitalı ilə yanaşı, pensiyaya çıxmaqla bağlı minimum kapital yığıldıqdan sonra belə bir hüququn verilməsinin tərəfdarıyıq.

Yəni vətəndaşa pensiya yaşına çatmadan yığılan kapitaldan istifadə etmə hüququnun verilməsi məqsədəuyğundur. Bu da təbii ki, kapitalla bağlı yığımlara marağı artırmaqla yanaşı, eyni zamanda imkan verəcək ki, vətəndaşlarımız bəzi hallarda pensiya yaşını gözləmədən də pensiya kapitalının bir hissəsindən faydalana bilsinlər".

"Digər məsələ isə pensiya kapitalının müəyyən hissəsinin varisə transfer edilməsi ilə bağlıdır. Çünki bəzi hallarda vətəndaş uzun müddət çalışır, lakin ya o, pensiya yaşına çatmır, ya da pensiya yaşına çatdıqdan müəyyən müddət sonra dünyasını dəyişir. Bu səbəbdən həmin kapitalın bir hissəsinin vətəndaşın varisinə transfer edilməsi mexanizmi təqdirəuyğun olardı. Bu da nəticə etibarı ilə pensiya sistemində ədalətin daha da məqsədəuyğunluğu üçün önəmlidir", - deyə V.Bayramov əlavə edib.

11
Teqlər:
Vüqar Bayramov, təklif, varis, kapital, təqaüd, pensiya

Ermənistandakı hərbi bazada Rusiya hərbçisinin cəsədi tapılıb

16
(Yenilənib 21:33 26.11.2020)
Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. H

BAKI, 26 noyabr - Sputnik. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu ölü tapılıb.

Bu barədə Sputnik Ermənistan-a Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Ermənistan İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi hazırda hərbçinin ölümü ilə bağlı materialları toplayır.

Bildirilir ki, 36 yaşlı rus hərbçinin həyat əlamətləri olmayan cəsədi onun hərbçi yoldaşları tərəfindən aşkar edilib. Onun üzərində hər hansı zorakılıq əlamətlərinə rast gəlinməyib: 

"Rusiya hərbi bazasının Ermənistandakı Cənub Hərbi Dairəsi üzrə komandanlığının komissiyası hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə əsasında hərbçinin ölümü ilə bağlı araşdırma aparır. Hərbçinin cəsədində zorakılıq əlamətlərinə rast gəlinməyib".

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.

Cinayət xəbərləri saytı shamshyan.com-un yazdığına görə, ölən şəxs 36 yaşlı müqaviləli hərbçi A.P.-dir.

16

Çavuşoğlu Qarabağ məsələsini NATO-nun gündəminə gətirdi

0
(Yenilənib 22:33 26.11.2020)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ və digər regional münaqişələri müzakirə ediblər.

BAKI, 26 noyabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, telefon danışığı zamanı tərəflər regional gündəmin aktual məsələlərini, o cümlədən Dağlıq Qarabağı müzakirə ediblər.

Türkiyə XİN rəhbəri və NATO-nun baş katibi Şərqi Aralıq dənizi, Əfqanıstan və Liviya böhranı barədə də fikir mübadiləsi aparıblar.

Çavuşoğlu Stoltenberqə İrini Hərəkatı çərçivəsində Aralıq dənizindəki Türkiyə ticarət gəmisində axtarış aparılmasının beynəlxalq hüquqa zidd və yolverilməz olduğunu bildirib.

0
Teqlər:
Aralıq dənizi, Liviya, Dağlıq Qarabağ, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Mövlud Çavuşoğlu, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO