Koronavirus testi, arxiv şəkli

Prezident İlham Əliyev koronavirusa görə 1 milyard manat ayırdı

1228
(Yenilənib 21:15 19.03.2020)
Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər

BAKI, 19 mart — Sputnik. Prezident İlham Əliyev koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sənəddə deyilir:

© Official website of President of Azerbaijan Republic

Son dövrlər koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanın, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır.

Ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərə bilər.

Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunur.

Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir.

Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkəmizin dayanıqlı inkişafının və cəmiyyətimizin rifahının qorunması üçün önəmlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədilə qərara alıram:

1. 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan sonra – pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.

2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın:

Həkim, arxiv şəkli
© AFP 2020 / PIERO CRUCIATTI

3. Bu Sərəncamın 2-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki:

3.1. on beş gün müddətində:

3.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etsin;

3.1.2. pandemiyanın yaxın və orta müddətlərdə ölkənin biznes mühitinə mənfi təsirini azaltmaq, habelə bu dövrdə ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərmək məqsədilə müvafiq təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.2. bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilən meyarlar üzrə, mütəmadi olaraq, hüquqi və fiziki şəxslərin ehtimal olunan zərərinin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

4. Azərbaycan Respublikasında fəaliyyət göstərən pandemiyadan zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Azərbaycan Respublikası Maliyyə nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

5. Bu Sərəncamın 4-cü hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki, iyirmi beş gün müddətində:

5.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan aşağıdakı sahə və subyektlərə dövlət dəstəyinin göstərilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

5.1.1. iqtisadi fəaliyyət sahələrinə;

5.1.2. sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə;

5.2. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

6. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

7. Bu Sərəncamın 6-cı hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki:

7.1. aşağıdakılarla bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

7.1.1. pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi;

7.1.2. yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi;

7.1.3. bu Sərəncamın 6-cı hissəsində qeyd olunan problemlərlə əlaqədar ölkə əhalisinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi;

7.2. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

8. Pandemiya şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.

9. Bu Sərəncamın 8-ci hissəsi ilə yaradılan İşçi Qrupa tapşırılsın ki, iki ay müddətində:

9.1. pandemiyanın Azərbaycan Respublikasının bank sektoruna və makroiqtisadi mühitinə ehtimal olunan mənfi təsirlərinin qiymətləndirilməsini həyata keçirsin;

9.2. aşağıdakılarla bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:

9.2.1. Azərbaycan manatının məzənnəsinin və istehlak qiymətlərinin sabitliyinin dəstəklənməsi üçün həyata keçirilməli əlavə tədbirlər;

9.2.2. ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması üçün həyata keçirilməli əlavə tədbirlər;

9.3. bu Sərəncamdan irəli gələn digər tədbirləri həyata keçirsin.

10. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

10.1. bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların rəhbərlərinin təklifləri əsasında hər bir işçi qrupun tərkibini iki gün müddətində təsdiq etsin;

10.2. bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qruplardan daxil olan məlumatların mütəmadi müzakirəsini təşkil etsin, həmin işçi qrupların fəaliyyətini əlaqələndirsin, verilmiş təklifləri ümumiləşdirərək vahid tədbirlər planını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.3. bu Sərəncamın 1-ci hissəsinə əsasən ayrılacaq vəsaitin mənbəyi barədə təkliflərini on gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.4. həmin vəsaitin bu Sərəncamın 10.2-ci bəndində nəzərdə tutulan tədbirlər planında müəyyən olunacaq tədbirlərin maliyyələşdirilməsinə yönəldilməsini təmin etsin;

10.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

11. Bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların rəhbərlərinə tapşırılsın ki, rəhbərlik etdikləri işçi qrupların tərkibi barədə təkliflərini bir gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

12. Müəyyən edilsin ki, bu Sərəncamın 2-ci, 4-cü, 6-cı və 8-ci hissələri ilə yaradılan işçi qrupların tərkibinə dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri daxil edilə bilər.

13. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 10.3-cü bəndinə əsasən müəyyən olunacaq mənbə hesabına bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərə və özəl hüquqi şəxslərə tövsiyə olunsun ki, bu Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə bu Sərəncamla yaradılmış işçi qruplara zəruri kömək göstərilməsini təmin etsinlər.

1228
Əlaqədar
Kreditlərə bağlı güzəştlər ola bilər – Dövlət yenə yardım əlini uzadacaq
Məhbuslara yemək aparılması qadağan olundu
Banklara daxil olan nağd pullar təkrar tədavülə buraxılmayacaq
Rusiya ilə sərhədimizdə xüsusi məntəqələr quruldu
Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

5
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

5
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

81
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

81