Həbsxana, arxiv şəkli

Məhbuslara yemək aparılması qadağan olundu

18
(Yenilənib 19:22 19.03.2020)
"Məhdudlaşdırıcı tədbirlər məhbusların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasına gətirib çıxarıb. Hətta deyərdim ki, onların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur"

BAKI, 19 mart — Sputnik. Bütün dünyada yayılan koronavirus təhlükəsi xüsusi rejimdə, qapalı şəraitdə qalan şəxslərlə bağlı olaraq müəyyən narahatlıqlar doğurur. Belə müəssisələrdən biri də həbsxanalardır.

Sputnik Azərbaycan xəbər verir ki, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev sosial şəbəkələrdə əsası olmayan bəzi məlumatların yayılmasına münasibət bildirib: "Biz - İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı, üzvləri Əhməd Abbasbəyli və mən müraciətləri nəzərə alaraq bir sıra cəzaçəkmə müəssisələrində və Bakı İstintaq Təcridxanasında (BİT) monitorinq apardıq. Məqsədimiz həbsxanalarda koronavirusa qarşı mübarizə tədbirləri ilə tanış olmaq, məhbuыların həyat və sağlamlıqlarının necə qorunmasını müşahidə etmək idi.

Monitorinq apardığımız  3 cəzaçəkmə müəssisəsində və Bakı İstintaq Təcridxanasında Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə və təlimatlarına əməl olunur. Belə ki, hər müəssisədə operativ qərargah yaradılıb və gündəlik iş planları tərtib olunub. Həbsxanaların girişində yaxın məsafədən temperaturu ölçən termovizorlar quraşdırılıb".

Ə.Nuriyev bildirib ki, həbsxanaya daxil olan hər kəs, rəhbərlik də daxil olmaqla, bütün əməkdaşlar, o cümlədən monitorinq aparmaq üçün gələnlər də müşahidədən keçiblır: "Girişlərdə həmçinin dezinfeksiya məhlullarından istifadə olunması mütləq şərtlərdən bidirir. Bütün əməkdaşlar ciddi şəkildə yoxlanılır, müayinə edilir. Tədbirlər Penitensiar Xidmətin 3500-dən çox əməkdaşını əhatə edir. Hətta BİT-də bu, gündə iki dəfə olaraq həyata keçirilir. Əgər səhhətində hər hansı narahatlığı olan əməkdaş olarsa, o, işə buraxılmır. Eyni zamanda məhbuslar da mütəmadi olaraq müayindən keçirilir, onlara maarifləndirici tövsiyələr verilir".

"Həbsxanalarda olan bütün yeməkxanalarda, yataqxanalarda mütəmadi dezinfeksiya işləri aparılır. Biz monitorinq apararkən də bunun şahidi olduq, xüsusi geyimlərdə olan sanitar işçilər məhbusların istifadəsində olan bütün obyektlərdə dezinfeksiya aparmaqla məşğul idilər. Eyni zamanda məhbusların ərzaqla təminatı da yüksək səviyyədə idi. Gündəlik yeməklərdən məhbusların narazılığı yoxdur. Biz də keyfiyyəti yoxlamaq üçün onlardan daddıq, hər şey normal idi", - deyə o əlavə edib.

Ə.Nuriyevin sözlərinə görə, sanitar qovşaqlar da təlimata uyğun olaraq yuyucu, təmizləyici vasitələrlə tam təmin olunub: "Dükanlar da ərzaqla, müxtəlif gündəlik tələbat malları ilə dolu idi, qiymətləri də üzərinə yazılmışdı. Sosial şəbəkələrdə iddia olunduğu kimi dəyərindən baha qiymətə deyildi. Məhbuslar istədikləri qidanı və lazım olan digər məmulatları normal qiymətə oradan əldə edə bilirlər. Rəhbərlik tərəfindən məhbuslara kütləvi şəkildə bir yerə toplaşmamaları tövsiyə olunur və bunun səbəbləri barədə izahat verilir. Kənardan yemək qəbulu tam dayandırılıb. Həbsxanalara ancaq əməkdaşlar keçə bilirlər. Hətta biz - monitorinq qrupunun üzvləri də istədiyimiz vaxt oraya daxil ola bilmərik.

Beləliklə, məhdudlaşdırıcı tədbirlər məhbusların həyat və sağlamlığının etibarlı şəkildə qorunmasına gətirib çıxarıb. Hətta deyərdim ki, onların təhlükəsizliyi şəhərdə, küçədə, bayırda olan insanlardan daha yaxşı qorunur. Ədliyyə Nazirliyi və Penitensiar Xidmətin rəhbərliyi bu istiqamətdə bütün mümkün tədbirləri həyata keçirir. Biz  Monitorinq Qrupu olaraq məhbus yaxınlarını narahat olmamağa çağırırıq".

18
Əlaqədar
Koronavirus pandemiyası ilə mübarizədə yeni yanaşma: Pul paylanılacaq
Ekspert sosial şəbəkələrdə koronavirusla bağlı dezinformasiya ilə mübarizədən danışır
Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı
Koronavirusla mübarizə aparan tibb işçiləri ilə bağlı sərəncam verildi
Böyük Britaniyada epidemioloji vəziyyət

Britaniyada bir aylıq karantin tətbiq ediləcək

6
(Yenilənib 23:52 31.10.2020)
Yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

BAKI, 31 oktyabr - Sputnik. İngiltərədə gələn həftədən bir aylıq karantin tətbiq ediləcək.

APA-nın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson keçirilən mətbuat konfransında məlumat verib.

Conson bildirib ki, 5 noyabrdan etibarən İngiltərədə restoranlar, kafelər, qeyri-zəruri mağazalar, əyləncə məkanları yenidən bağlanacaq. O qeyd edib ki, başqa bir alternativ olmadığı üçün hərəkətə keçməyin zamanı gəlib. Baş Nazir xalqa gələn həftədən etibarən evdə qalmalı olduqlarını deyib. Buna görə insanlar evdən işləməli, zəruri olmadıqca evdən çıxmamalıdırlar.

Conson qeyd edib ki, yeni karantin qaydaları 2 dekabr tarixinə qədər qüvvədə qalacaq. Ancaq yeni qaydalara görə, məktəblər və universitetlər, zəruri mağazalar fəaliyyətlərinə davam edə biləcək.

6
Teqlər:
Koronavirus, Böyük Britaniya, Boris Conson, İngiltərə
Rəşad Alızadə

Kəlbəcərlilər öz yurdlarına onları ölümdən qurtaran həmin QAZ-69-la qayıdacaqlar

86
Kəlbəcərdən çıxanda dörd yaşı olan Rəşad Alızadə o dəhşətli gecəni Sputnik Azərbaycan-a danışıb: "Qadının qucağındakı körpə ölmüşdü. O, qucağında körpənin cəsədi, gecə vaxtı yolu qışqıra-qışqıra qaçırdı.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rəşad Alızadə Kəlbəcər sakinidir. Oradan çıxanda heç 5 yaşı tamam olmamışdı. Yaşının az olmasına baxmayaraq, hər şeyi bugünkü kimi xatırlayır. Rəşadın ailəsi Kəlbəcərdən əliyalın çıxıb. Onları isə ölümün pəncəsindən QAZ-69 xilas edib. Qəhrəmanımız müharibənin onda buraxdığı acı xatirələri Sputnik Azərbaycan-a danışıb.

"Oradan gələndə, cəmi 4 yaşım var idi. Müharibə elə bir məfhumdur ki, adam onu neçə yaşda olur-olsun, xatırlayır. O ab-hava, o dəhşət insanın yaddaşından silinmir", - deyən Rəşad doğma yurdlarından çıxdıqları günü belə xatırlayır:

"Əslində 2 dəfə çıxmışıq oradan. İlk dəfə Laçın işğal olunanda Kəlbəcər sakinlərini çıxardılar. İkinci dəfə isə Kəlbəcər rayonu işğal olunanda oradan çıxdıq. Rayonun mərkəzində yaşayırdıq. Gecə saatları idi. Rayonun mərkəzinə "Qrad" mərmisi düşdü. Anam həmin vaxt pəncərənin qabağında mənə yemək yedizdirirdi. Ümumiyyətlə həmişə atışma səsi olurdu deyə, biz bu səsləri eşitməyə vərdiş eləmişdik. Gecə saatları olmasına baxmayaraq, elə bil gündüz idi, çünki hər tərəfdə atışma vardı. Anam məni necə bağrına basdısa, həmin ağrını hələ də hiss edirəm. Cavan ailə idilər, anam məni qorumağa çalışırdı, atam da çarəsiz qalmışdı. Çox dəhşətli mənzərə idi. Hər kəsə əmr verildi ki, evlər boşaldılsın. Hamımız QAZ-69-a minib ata-baba yurdumuzu tələsik tərk elədik".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Alızadələr ailəsi çox böyük əzab-əziyyətlə rayonu tərk etməyə nail olublar:

"Kəlbəcərdən çıxdıq, Murov yolu ilə gəldik. Yolda maşında texniki problemlər oldu. Nəzərə alsaq ki, yayın ən qızmar ayında belə Murov dağında qar olur, aprel ayında vəziyyətin necə olacağını təsəvvür edin. Maşının istilik sistemində problem var idi. İstilik olsun deyə bir neçə heyvanı maşına atmışdılar ki, onların hənirtisi ilə isinə bilək. Yadımdadır ki, mənim boynuma balaca bir quzu qoymuşdular. Yanlarıma heyvan yığırdılar ki, isinə bilək".

Kəlbəcəri tərk edərkən qarşılaşdıqları mənzərə Rəşadın beyninə əbədi həkk olunub:

"Yol gələndə atışma oldu. Gecə saatları idi. Murovu qalxanda Yanışaq kəndini keçəndən sonra bir mənzərə ilə qarşılaşdıq. Qadının qucağında körpəsi var idi. Körpə ölmüşdü. Amma o, övladını buraxmırdı. Qışqıra-qışqıra yolun ortası ilə gedirdi. Sanki havalanmışdı. Bizim xalqımız bundan qat-qat betər dəhşətləri görüb. Bunları unutmaq olmaz".

Rəşad hesab edir ki, bu yaraların acısı ancaq torpaqlarımız tam azad olduqdan sonra bəlkə də bir az azalacaq.

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Qəhrəmanımızın ən böyük arzusu illər əvvəl yol yoldaşları olan QAZ-69-la doğma yurdlarına qayıtmaqdır:

"Çox şükür ki, bu gün müzəffər Ordumuz ard-ardına qələbələr qazanır. Bu xəbərlər biz qarabağlıların acısını az da olsa, azaldır. 1993-ü ildən maşının mühərriki işə salınmayıb. O maşın bizim Kəlbəcər xatirəmizdir, bizi ölümdən qurtarıb. Onu yenidən təmir etmək, qaçqın statusunu Bakıda qoyub, onunla ailəmi Kəlbəcərə aparmaq istəyirəm".

Uşaqlıq illərini məcburi köçkün kimi yaşayan Rəşad deyir ki, ermənilər onunla bərabər 100-lərlə uşağın uşaqlığını əlindən alıblar:

"Biz uşaqlıq yaşamadıq. Bunun bədəlini artıqlaması ilə ödəməlidirlər, ödəyirlər də. Bakıda Kooperativ Texnikumun 2 nömrəli yataqxanasında məskunlaşdıq. Təsəvvür edin, o binaya 365 ailə sığışmışdı. Müstəqilliyin ilk illəri, olduqca çətin dövrlər idi. 9-cu mərtəbəyə vedrə ilə su qaldırırdıq. Evləri qızdıra bilmirdik. İşsizlik baş alıb gedirdi. Normal məktəbimiz belə yox idi".

Həmsöhbətimiz onları xilas edən maşının tarixçəsindən də danışdı: "Maşın 1961-ci ildə istehsal olunub. Ana babama xidməti maşın kimi verilmişdi. O, rayonun baş aqronomu idi. Ata babam isə rayonun "bazarkom"u olub. 1974-cü ildə o maşını babama xidmətlərinə görə hədiyyə ediblər. Babam da maşını qızına cehiz verib. Həmin dövürdən o maşını atam sürüb".

© Photo : Najaf Ruslanoglu
QAZ-69

Həmsöhbətimiz hesab edir ki, erməni vandallarının törətdikləri vəhşiliklərlə bağlı nə qədər yazılsa da, azdır. O hissləri danışmaqla, göstərməklə çatdırmaq mümkün deyil:

"Allah bir də millətimizə bu hissləri yaşatmasın. Doğmalarımızı itirəndə düşünürük ki, bu, belə də olmalıdır. Amma vətəni itirəndə bununla barışmaq olmur. Boynubükük gəzirdik. Bu, millət üçün, dövlət üçün başıaşağılıq idi. İndi prezidentimizin iddialı çıxışlarını, o çıxışların arxasındakı qələbələri gördükcə, ürəyimiz dağa dönür. "Kişilər ağlamaz" deyirlər. Amma mən hər qələbə xəbərini eşidəndə, ağlayıram. Bilirəm ki, bütün azərbaycanlılar mənimlə eyni hissləri keçirirlər".

Rəşadın nənəsi Ruzigarın 100-dən artıq yaşı var. O da tezliklə doğulduğu torpaqlara qayıtmaq arzusundadır: "Ruzigar nənənin 100-dən artıq yaşı var. Nənəm deyir özümü sıxıb saxlamışam ki, ölməyim, Kəlbəcəri görüm. Nənəm dağ adamı idi, Bakının mərkəzində, yataqxana şəraitində yaşamaq onun üçün ölümdən betər idi. Düzdür, Bakı da bizimdir, paytaxtımızdır. Amma insanın doğulduğu yeri heç nə əvəz eləmir. Nənəm gecə-gündüz yatmır, televizorun qabağından çəkilmir. Qələbə xəbərini gözləyir".

86