Bərdənin Divanlı kəndində

Onların koronavirusu lənətləmək üçün ayrı səbəbləri var: qazlı olmaq istəyirlər

2782
(Yenilənib 21:40 19.03.2020)
Bərdənin Divanlı kəndində 200 evin sahibləri koronavirusu lənətləyərək, məhdudiyyətlərin sona çatacağı vaxtı gözləyirlər. Çünki yeddi ildir gözlədikləri qaz çəkilməsi vədi bu yaz "cücərə" bilər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Bərdə rayonunun Divanlı kəndində yaşayan xeyli sayda sakin ev tikib, özlərinə gün-güzəran yaratsalar da, mənzillərinin qızdırılması üçün  qaz olmadığından çətinlik çəkirlər. Bu barədə Sputnik Azərbaycan-a sakinlər özləri məlumat veriblər.

Divanlıda son zamanlar xeyli sayda ev tikilib. Bərdə şəhər Təhsil Şöbəsi, Kənd Təsərrüfatı İdarələrinin inzibati binaları da həmin əraziyə köçürülüb.

Şikayətçilərin yaşadıqları evlərin yanından qaz boru xətti də keçir, amma...

Yeni salınmış yaşayış massivinin sakini Bəhruz Əhmədov ərazinin qazlaşdırılmadığı üçün evin qızdırılmasında yanacaq kimi odundan istifadə etdiyini bildirib: "200 manatlıq odun alanda 15-20 gün istifadə edə bilirik. Hava şəraitindən asılı olaraq bu rəqəm dəyişə də bilər. Soyuq olanda odun ehtiyatı daha tez tükənir. Bu da şəraitimizi çətinləşdirir. Odunu baha qiymətə bazardan alırıq. Bir az ucuz olsun deyə doğranmamış odun alırıq. İşdən gələndə balta götürüb, odun xırdalamalı oluram. Ona görə də evdə olmayanda ocağa odun verən olmadığına görə otaqlar soyuyur. Uşaqlar üşüməsinlər deyə onları babasıgilə aparmalı oluruq".

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində vəziyyət

Qazın çəkilişi ilə bağlı Bəhruz Əhmədov Bərdə rayon İcra Hakimiyyətinə, Tərtər rayonunda vətəndaşların qəbulunu həyata keçirən zaman "Azəriqaz"ın rəhbəri Ruslan Əliyevə müraciət etdiklərini bildirib. Bərdə İH-də məsələnin onlara dəxli olmadığını desələr də, "Azəriqaz" rəhbəri köməklik göstəriləcəyini vəd edib.

Bəhruz Əhmədov yaxınlıqdan keçən qaz xəttini göstərərək bildirir ki, küçənin bir tərəfində qaz, digər tərəfində isə odun yandırırlar. Bununla da o, qaz çəkilişi üçün imkanların əlçatan olduğunu deyir.

Həmsöhbətimiz ərazidə 200-ə yaxın evin olduğunu vurğulayıb. Bildirib ki, əksər sakinlər aztəminatlı ailələrdən ibarət olduğuna görə şəxsi vəsaitləri hesabına qaz çəkə bilmirlər.

Divanlının digər sakini Bilman Hüseynov da qaz və işıq problemlərinin mövcudluğundan danışıb: "Burada 7 ildir yaşayırıq. Evimizi indiyə qədər odun sobası ilə qızdırmışıq. Yemək bişirmək, çay qaynatmaq üçün maye qaz balonundan istifadə etməli oluruq. 26-30 manata aldığımız qaz balonu 15-20 günə ancaq çatır. Bütün bunlar xeyli vəsait tələb edir ki, bunun da öhdəsindən gəlmək çətindir. Təəssüf olunmalı haldır ki, Azərbaycan qazı Gürcüstana güzəştlərlə verildiyi halda biz bu cür çətinlik çəkirik".

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində vəziyyət

Başqa kənd sakinləri də qazlaşdırılmanın aparılması üçün əlaqədar təşkilatlara dəfələrlə müraciət etdiklərini bildiriblər. Pakizə Qasımova ikinci ildir ki, yeni ünvana köçüb. Gələn gündən qaz olmadığına görə istifadə etdiyi yanacaq növü odun olub. Övladları işə getdiyindən evin işlərini özü görür. Bildirir ki, 65 yaşı olmasına baxmayaraq balta ilə odun doğramalı olur. O, yaşadıqları çətinlikdən qurtulmaq üçün əlaqədar təşkilatları köməyə çağırır.

Eldəniz Qasımov qeyd edir ki, "Azəriqaz" rəhbərinin qəbulunda olub qaz çəkilişinin aparılmasını xahiş ediblər. Həmin təşkilatdan gələn əməkdaşlar adambaşına 600 manat pul ödənilməli olduğunu bildiriblər. Sakinlər isə imkan olmadığına görə bu vəsaiti ödəyə bilməyiblər.

"Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərli bildirib ki, yeni məskunlaşmış şəxslər layihələndirmədən tutmuş bütün texniki işlərin aparılmasını öz vəsaitləri hesabına həyata keçirməlidirlər. Bunun üçün onlar "Asan Xidmət" mərkəzinə müraciət etməli, zəruri sənədləşmə işlərinə başlamalıdırlar.

Ancaq buna baxmayaraq, həmin ərazidə yaşayan sakinlər "Azəriqaz" rəhbərinin Tərtər rayonunda keçirilən görüşündə iştirak edərək üzləşdikləri çətinliklərin həllini xahiş etdikləri zamanı qarşılıqlı razılaşma əldə olunub. Sakinlərə kömək məqsədilə "Azəriqaz" rəhbəri layihələndirmə və əsas boru xəttinin çəkilişini idarənin üzərinə götürüb.

© Sputnik / Musa Muradli
Bərdənin Divanlı kəndində

Ceyhun Səfərli qeyd edib ki, razılaşma indi də qüvvədə olduğundan həyata keçiriləcək: "Hazırda koronavirusla bağlı kütləvi tədbirlərə qadağa tətbiq olunduğundan açıq havada işlərin aparılmasına fasilə verilib. Zəruri hal olaraq Qaz qəza xidməti və abonentlərlə iş bölmələri fəaliyyət göstərir. İşlər yaranmış obyektiv vəziyyətlə bağlı olaraq ləngiməli olub. Bu səbəbdən də çox güman ki, işlərə aprel ayından başlanacaq. Burada "Asan Xidmət" mərkəzlərinin koronavirus infeksiyasına görə və bayram günlərilə bağlı fəaliyyətində yaranmış məhdudiyyətlərin də təsiri var. İşin müəyyən bir qismi "Asan Xidmət" mərkəzində aparıldığına görə "Azəriqaz" da tədbirlər planını hazırlayan zaman mövcud vəziyyəti nəzərə almalı olur. Ona görə də işlər bir az ləngiyəcək".

2782
Əlaqədar
Dünya çaxnaşması: onu kim, niyə yaratdı və indi nə olacaq
Vahid Əhmədov: "Azərbaycan daxildə təbii qazın qiymətini ciddi şəkildə artıra bilməz"
Bu kənddə zaman çox namünasib vaxtda donub - FOTO
Qazı evinizə çatdıracaqlar, həm də əvvəlkindən daha ucuz - Sakinlərə şad xəbər
Köhnə təsərrüfatın odunda donan yüz ailə - ətrafdakılar xan kefində...
Кинолента, фото из архива

Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

41
(Yenilənib 13:38 30.09.2020)
Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib

BAKI, 30 sentyabr — Sputnik. Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı" bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

41
Teqlər:
Mədəniyyət Nazirliyi, Moskva, kinofestival, film, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycanda "Diriliş Ərtoğrul"un yayımına başlanılır
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib
Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq
Təhsil Nazirliyi

Təhsil Nazirliyi vətəndaşların qəbulunu dayandırdı

25
(Yenilənib 10:15 30.09.2020)
Təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq

BAKI, 30 sentyabr — Sputnik. Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin Nazirliyin rəsmi office@edu.gov.az elektron poçt ünvanına müraciət edə və elektron resurslarında (www.edu.gov.az; www.ict.edu.az) təqdim edilən müxtəlif e-xidmətlərdən yararlana bilərlər.

Rəsmi məlumatları Təhsil Nazirliyinin internet saytı (www.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.

25

Hikmət Hacıyev: "Ermənistanın iki "Su-25" təyyarəsi dağa çırpılaraq partlayıb"

0
(Yenilənib 14:11 30.09.2020)
Prezidentin köməkçisi: "Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi".

BAKI, 30 sentyabr — Sputnik. "Ermənistan Silahlı Qüvvələrinə məxsus "Su-25" tipli döyüş təyyarəsinin guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarəsi tərəfindən vurulması barədə açıqlamalar tamamilə cəfəngdir və Ermənistanın növbəti dezinformasiyasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, APA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki "Su-25" tipli təyyarə havaya qalxıb:

"Hər iki təyyarə dağa dəyərək partlayıb və məhv olub. Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətinə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.

Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil. Ona görə də Ermənistanın ərazisindən iki ədəd "Su-25" təyyarəsini hansı məqsədlə qalxması və hansı şəraitdə dağa çırpılaraq partlaması, pilotların həlak olması məsələsini araşdıraraq Ermənistan ictimaiyyətinə məlumat vermələrini tövsiyə edirik".

0