Çinli Vu Hui

Çinə gedən tələbələrim Azərbaycana qayıtmaq istəmirlər - BDU-nun müəllimi

180
(Yenilənib 20:10 29.02.2020)
Azərbaycanı çox sevdiyindən burada qalıb işləyən Vu Hui bu yaz valideynlərini ölkəmizə dəvət etməyindən, azərbaycanlılarla çinlilərin fərqindən və bizim ən gözəl xüsusiyyətimizdən danışır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Artıq dünya miqyasında yayılan koronavirusla əlaqədar olaraq bu gün bir çox ölkələr öz qapılarını çinlilərin üzünə bağlayıb. Çünki bir çox hallarda bu ölkələr bəyan edir ki, Çindən turistləri, iş adamlarını ölkələrinə qəbul etmək - xəstəliyin öz ölkələrinə ayaq açmasına şərait yaratmaqdır.

Sputnik Azərbaycan-ın həmsöhbəti olan Vu Hui artıq bir neçə ildir ki, ölkəmizdə yaşayır. Bakı Dövlət Universitetində çin dili və mədəniyyətini tədris edən Vu Hui Azərbaycanla bağlı təəssüratlarını, həmçinin doğulduğu Lançi şəhərindəki durumdan danışır. Vu Huinin 35 yaşı var, hələ ailə qurmayıb. Ənənəvi Çin ailələrində olduğu kimi o da valideynlərinin tək övladıdır.

- Neçə ildir ki, Azərbayanda yaşayırsınız?

- Artıq 4 ildir ki, buradayam. İxtisasca ingilis dili müəllimi olsam da, Azərbaycanda Çindən fərqli olaraq yalnız çin dili və mədəniyyətini tədris edirəm. Çinin dövlət proqramına müvafiq olaraq burada çalışıram. Əslində, bu proqrama görə, iki ildən sonra vətənimə qayıtmalı idim. Lakin burada çinli müəllimlər azlıq təşkil etdiyi üçün mənim Azərbaycanda qalmaq müddətim bir qədər də uzadıldı. Burada qalmağıma əsas səbəblərdən biri də Azərbaycanı sevməyimdir. 4 ildə 50-dən artıq tələbəm olub. Tələbələrimin əksəriyyəti isə çin dili, mədəniyyəti və elminə maraq göstərən azərbaycanlılardır. Onlar çin dilini öyrəndikdən sonra orada təhsil almaq üçün təqaüd proqramına müraciət edirlər.

- Tələbələrinizin Çinlə bağlı təəssüratları necədir?

- Azərbaycandan çox uzaq olduğu üçün orada olmadan Çin haqda müfəssəl təsəvvürə malik olmaq mümkünsüzdür. Lakin oraya getdikdən sonra bu tələbələrin əksəriyyəti geri qayıtmaq istəmir. Azərbaycanlı tələbələrin Çinə maraq göstərmələrinin digər səbəbi də təqaüd proqramları, tələbələrin yaşam xərclərinin qarşılanması, elm və texnikanın yüksək inkişafı ilə əlaqədardır.

© Sputnik / Nigar Maharram.
Çinli Vu Hui

- Necə oldu ki, Azərbaycanla bağlı sizə verilən təklifi qəbul etdiniz?

- Əslində, bunu etiraf etməyə utansam da, deyim ki, Azərbaycana gəlməzdən öncə bu ölkə haqda heç nə eşitməmişdim. Mənə deyəndə ki, səni dövlət proqramına uyğun olaraq Azərbaycana göndəririk, düzü, tərəddüd etdim, qərar verə bilmədim. Düşündüm, Azərbaycan haqda internetdə axtarışlara başladım. Bu ölkənin bir sıra tarixi abidələri, tarixi, o cümlədən də Xəzər dənizi haqda məlumatlar aldıqdan sonra düşündüm ki, niyə də Azərbaycana getməyim?! Çünki təkcə şəkillərdən İçərişəhərin gözəlliyinə, tarixiliyinə valeh olmuşdum. Azərbaycana gəldikdən sonra burada gördüklərim haqda valideynlərimə də danışmışam. Biz tez-tez görüntülü danışırıq. Bu səbəbdən də bu yaz Azərbaycana gələrək həm mənə baş çəkmək, həm də buranı gəzmək istəyirdilər. Lakin son günlər vəziyyət fərqli olduğu üçün onların Azərbaycana gəlişləri bir qədər təxirə düşdü.

- Hazırda bir çox ölkələr koronavirusla əlaqədar olaraq öz qapılarını Çinin üzünə bağlayıb...

- Düşünürəm ki, Azərbaycanda da belədir. Amma onu deyim ki, hazırda doğma şəhərimdə vəziyyət stabildir, yalnız bir şəxsdə bu virus aşkarlanmışdı. Lakin Uhan şəhərində vəziyyət ciddi olaraq qalmaqdadır.

- Sonuncu dəfə nə vaxt Çində olmusunuz?

- Dövlət proqramına uyğun olaraq bizə yayda 2 aylıq Çinə getmək icazəsi verilir. Bu səbəbdən də mən sonuncu dəfə yayda Çində olmuşam.

- Burada əsas məşğuliyyətiniz, hobbiniz nədir?

- Azərbaycanda daha çox baş çəkdiyim yerlərdən biri sərgi salonlarıdır. Müxtəlif rəssamların sərgilərinə baş çəkirəm, bundan böyük zövq alıram. Getdiyim yerlər, sərgilər, müxtəlif mədəni nümunələrlə bağlı təəssüratlarım haqda məqalə yazıb buradakı onlayn jurnallara göndərirəm. Bundan başqa, YARAT tərəfindən də təşkil olunan sərgilərə tez-tez baş çəkirəm. Orada yeni-yeni sənətkarlarla tanış oluram.

Bu yaxınlarda təşkil olunan sərgilərdən birində Faiq adlı xalça ustası ilə tanış oldum. O, ecazkar xalçaların müəllifidir. Onun xalçaları da iş üslubu da digərlərindən fərqlənir. Faiqin yaratdığı xalçalar dəyərli, bahalı olmaqla yanaşı, həm də modern üslubdadır. Çünki o burada çox kiçik texnikalardan istifadə edir.

Bundan başqa, Azərbaycanla bağlı öyrəndiklərimi Çinin məşhur portalları ilə də bölüşür, orada məqalələrimi dərc etdirirəm. Bu saytlarda köşə yazarı kimi müxtəlif məqalələrim dərc olunur. Azərbaycanla bağlı 6 məqalənin müəllifiyəm. Daha maraqlı məqalələr, xoş təəssüratlar ardınca isə hər cümə qatarla Bakını tərk edir, təbiətə səyahət üçün bölgələrə baş çəkirəm. Düşünürəm ki, bölgələr də Bakı qədər çox maraqlıdır. Burada olduğum müddətdə Qəbələ, Qax, o cümlədən də sərhədyanı bölgələrə baş çəkmişəm. Cocuq Mərcanlıda, Horadizdə də olmuşam. Horadizdə olarkən insanların yaşam tərzləri ilə tanış oldum.

Buradakı qaçqınların həyatları da mənə təsir etdi. Mən sülhü sevirəm, o səbəbdən də Azərbaycanda da hansısa müharibəni görmək istəmərəm.

- Azərbaycanda başqa nələrlə tanışsınız?

- Azərbaycanın muğamını çox sevirəm, sadəcə olaraq ecazkardır.

- Yerli dili bilmədən sizə çətin deyil?

-  Sizin dilinizdə bildiyim bir neçə söz var, məsələn, "əlbəttə". Bu sözü tez-tez eşidirəm. Amma burada yerli dili bilməmək mənim üçün problem yaratmayıb. Çünki vaxtımı daha çox səyahətlə keçirirəm.

© Sputnik / Nigar Maharram.
Çinli Vu Hui

- Maraqlı, fərqli olan nədir?

- Regionlarda insanların müxtəlif ləhcələrdə danışması mənim üçün çox maraqlıdır. Sanki hər bir regionun öz ləhcəsi var. Azərbaycanlılarla çinlilərin bir sıra fərqlərini sezirəm. Bunlardan ən əsası da odur ki, biz çox sürətliyik, buna alışmışıq, boş dayanmağı da bacarmırıq. Bunun bir səbəbi də əhalinin sayının çox olması, insanlar arasında böyük rəqabət mühitinin olması ilə əlaqədardır. Lakin Azərbaycan əhalisi o qədər də çox deyil. O səbəbdən də burada Çində gördüyüm qədər aktivlik yoxdur.

Təbii ki, aktivlik daha çox insanın həyat tərzindən asılıdır. Bəzən olur ki, tələbələrimdən tapşırığı bir günə yekunlaşdıraraq mənə təhvil vermələrini tələb etsəm də, onlar bunu 3-4 günə başa çatdırırlar. Lakin etiraf edim ki, mən burada başqa ölkələrdə olmayan bir sülhü gördüm. İnsanlar sülhü, əmin-amanlığı sevirlər.

- Azərbaycanlı məşhurlardan kimləri tanıyırsınız?

- Azərbaycanın ən məşhur şəxsiyyətlərindən ilk tanıdığım Nizami Gəncəvi olub, ingilis dilində onun yaradılcılığı ilə tanış olduqdan sonra onun ev muzeyinə də baş çəkdim.

180
Əlaqədar
Çindən gözlənilən açıqlama: Bu dəhşət necə başlayıb və hansı yolla öldürür
Adi maskalar koronavirusdan qoruyurmu, yaxud da N95 tipli maskalar niyə tapılmır?
Unikal azərbaycanlı: Oxumuş mühəndis, oxumamış rəssam
Koronavirusdan qorxanları rahatladacaq xəbər: əksəriyyəti ləğv olundu
İpəkdən xarüqələr yaradan qadın - Azərbaycanın gəlini rəsm əsərlərinə yeni nəfəs verir