Mənzil açarı, arxiv şəkli

Güzəştin həddi var: mənzillərlə bağlı məhdudiyyət kimə sərf edəcək?

1472
Qanunvericilikdə edilmiş dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Azərbaycan Prezidentinin 2020-cı il 13 fevral tarixli 935 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli və "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" 2018-ci il 7 fevral tarixli 1819 nömrəli fərmanlarında dəyişiklik edilib.

Sputnik Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) məlumatına istinadla xəbər verir ki, qanunvericilikdə edilmiş bu dəyişikliyin əsas məqsədi mənzillərin əvəzləşdirilməsinə yol verilən halları aradan qaldırmaqla elektron kabineti olan digər şəxslərin güzəştli mənzil əldə etmək imkanlarını daha da genişləndirməkdir.

"Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na əsasən, mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər. Hazırda "Güzəştli mənzil" sistemində elektron kabinet verilmiş şəxslərin sayı 14 mindən çoxdur.

Qeyd edək ki, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin satışı başa çatdırılmış və bu günədək 1600-dən çox ailə güzəştli mənzilə sahib olub.

Yaxın vaxtlarda Agentliyin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksində mənzillərin satışı ilə bağlı elan veriləcək.

Güzəştli mənzillərin əldə edilməsi imkanlarının genişləndirilməsi ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a deyib ki, mənzilləri güzəştlə əldə etmək hüququ olan ailə və ya şəxs bu hüquqdan yalnız bir dəfə istifadə edə bilər: "Mənzillərin əvəzləşdirilməsi və özgəninkiləşdirilməsi qanunvericilikdə nəzərdə tutulan hallarda, yəni mənzilin alqı-satqısı, bağışlanması, girov qoyulması, bir şəxsdən başqa şəxsə ötürülməsi və digər məsələlər ilə bağlıdır. Artıq mənzillərin əvəzləşdirilməsinə məhdudiyyət qoyulur".

"Amma bu məsələnin başqa tərəfi var. Mənzilin əvəzləşdirilməsi dedikdə konkret olaraq gələcəkdə bu mənzilin alqı-satqı predmeti ola bilmə imkanları məhdudlaşdırılmır. Yəni gələcəkdə mənzil ilə bağlı ödəniş tam edildikdən sonra, mülkiyyətə keçdikdən sonra vətəndaş həmin mənzili sata bilər. Amma ödəniş tam edilənədək, mülkiyyətə keçənədək hər hansı formada mənzilin əvəzləşdirilməsi, yəni bir şəxsdən digər şəxsə ötürülməsi, dəyişdirilməsi və s. mümkün deyil", - deyə ekspert qeyd edib.

O bildirib ki, mənzilin əvəzləşdirilməsi kütləvi şəkildə deyildi: "Amma belə hallar var idi. Məsələn, bir şəxs mənzili alırdı, amma satmırdı, öz adında saxlayırdı. Lakin mənzilin pulunu ona yaxın bir şəxs ödəyirdi. Nəticə etibarı ilə faktiki olaraq mənzil başqa şəxsin olurdu. Və yaxud mənzillər kirayəyə verilirdi. Amma artıq bu hallar olmayacaq".

"Bu layihədən bir şəxsin yalnız bir dəfə yararlana bilməsi o deməkdir ki, kimin mənzilə ehtiyacı varsa, kimin faktiki olaraq mənzil problemi varsa, o insanlara daha çox imkan yaranacaq", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-cı il 13 fevral tarixli 935 nömrəli fərmanı ilə "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"nın 2.3-cü və 2.4-cü bəndləri ləğv edilib. 2.4-cü bənddə deyilirdi ki, mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə, habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti ilə həyata keçirilib və bu məsələyə Agentlik tərəfindən növbədənkənar olaraq, "İnzibati icraat haqqında" qanun ilə müəyyən edilmiş qaydada baxılıb. Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edib. 2.3-cü bənddə göstərilirdi ki, bu Qaydanın 2.2-ci bəndinin müddəaları Agentliyin razılığı ilə mənzillərin əvəzləşdirilməsi hallarına tətbiq edilmir.

Onu da bildirək ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası" Azərbaycan Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilib.

Bu Qayda Mənzil İnşaatı Dövlət Agentliyinin, "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin, habelə vətəndaşların yaşayış sahələrinə ehtiyacının ödənilməsi məqsədi ilə Agentliklə və ya "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqavilə əsasında çoxmənzilli binalar inşa edərək, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış və ya Mülki Məcəllənin 144.5-ci maddəsinə uyğun olaraq üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış paylara bağlı mənzilləri vətəndaşlara bu Qaydada müəyyən edilmiş şərtlərlə satmaq öhdəliyi götürmüş investorun sərəncamında olan mənzilləri Azərbaycan vətəndaşlarının güzəştlə əldə etməsi şərtlərini və mexanizmini müəyyən edir.

1472
Əlaqədar
Güzəştli mənzillərlə bağlı yeni xəbər – Rəsmiləşdirilmə gedir
Vergi ilə bağlı böyük dəyişikliklər gəlir: qəliz hesabatlar da, artıq ödəmələr də yığışır
Həm vətəndaş itirib, həm də dövlət – Amma artıq qarşısı alınacaq
Hövsanda güzəştli mənzil almaq istəyənlərin nəzərinə
Bakı küçələrində dezinfeksiya işləri, arxiv şəkli

Paytaxt bir daha dezinfeksiya edildi

2
BŞİH-dən qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq.

BAKI, 24 oktyabr — Sputnik. Ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a BŞİH-dən məlumat verilib.

Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 24 və 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 15-ci dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qeyd olunub ki, qış aylarında yağış yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq. Geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyadan qorumaqdır: "Bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir. Arzumuz budur ki, bu cür tədbirləri işğaldan azad edilən şəhərlərimizdə, o cümlədən Şuşa və Xankəndidə aparaq".

2

Qəhrəmanlıq tariximizin "Ağ atlı oğlan"ı - Tiqana

164
(Yenilənib 21:15 23.10.2020)
Cəbrayıl sakini: "Cəbrayıla ayaqyalın gedəcəyəm. Kol-kos bassın, vecimə də deyil. Qurban olum Qarabağın kol-kosuna".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Hər kəs onu "Tiqana" adı ilə tanıyırdı. 15 yaşında oyuncaq avtomatını odlu silahla əvəzləyən Tiqana, yəni Samir Əliyev Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı. Anası Aminə Əliyeva onun döyüş şücaətlərindən Sputnik Azərbaycan-a danışıb: "Biz Cəbrayılın Qaracallı kəndindənik. 1993-cü il idi. Səhər oğlum, yoldaşım, mən və balaca qızımla səhər yeməyi yeyirdik. Ermənilər atan kimi Samir tələsik çıxdı. Ayaqqabısının birinin ipini bağladı, heç o birisini bağlamadan qaçdı. Ona əsgər paltarı vermişdilər. Dedim, getmə. Dedi "gedəcəm". Ermənilər başımızdan güllələr tökürdülər. Kəndin üstünü sanki qara buludlar örtdü. Bizi maşına doldurub Arpadərəyə apardılar. Oradan da Mahmudlu stansiyasına apardılar. Bir müddət qaldıq orada".

Samirin valideynləri onu gecə saatlarına qədər gözlədilər. Amma ondan heç bir səs-soraq çıxmadı: "Gecə də evə gəlmədi. Neçə yerə zəng elədik, Samirdən xəbər ala bilmədik. Sən demə, saat 22-23 radələrində ermənilər onu vurublar. Samiri qan aparıb. Ermənilər oğlumu götürməyə imkan verməyiblərmiş. Onu güc-bəla ilə güllələrin altından çıxarıb xəstəxanaya aparıblar. Amma xəstəxanada can vermişdi".

Samiri xəstəxanaya gətirəndə həkimə deyib, "qoyma ölüm, mən müharibəyə getmək istəyirəm". Amma xeyri olmamışdı, vəfat etmişdi. Aminə xanım deyir ki, Samir birinci dəfə ayağından yaralananda qonşusu onu döyüşmək fikrindən daşındırmaq istəsə də, buna müvəffəq ola bilmir: "Qonşumuz xəstəxanada işləyirdi. Onun nəşini qonşumuz tanımışdı. Əvvəl də yaralanmışdı, ayağı və qolu yaralanmışdı. Qonşumuz deyib, "Samir, evin bir oğlusan, get evə". O da deyib, "yox, dağda yaralılar var. Özü yaralı ola-ola 60 yaralı, 40 meyit çıxarıb. Bir meyit qalmışdı, onu çıxaranda erməni Samiri vurmuşdu. Şişqayada yaralanandan sonra bizimkilər çətinliklə də olsa, onu çıxara biliblər. Xəstəxanada canını tapşırmışdı".

Tiqananın ağ atı onun ölümünə dözməyib qəbrinin üstündə can verib: "Samir meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Samir ölən gün at onun qəbrinin üstündə fırlandı, elə onun qəbri üstündəcə can verdi. Yoldaşım o atı da orada basdırdı, gəldik".

Qəhrəmanımız danışır ki, oğlu öz öləcəyi günü bilirdi: "Bir gün Samir gəldi ki, "mənim albomumu, paltarımı apar, Mahmudluya qoy". Bir gün də gəldi ki, heyvanları çıxardın. Heyvanları Beyləqana göndərdik. O bilirdi, amma demirdi. Samir öldüyü günü bilirdi. Qonşumuza demişdi ki, Mirələmin ilində mən öləcəm. Mirələm qonşumuz idi, 1992-ci ildə şəhid olmuşdu. Erməni ona 30 güllə vurmuşdu. O qədər güclü idi ki, 29 güllə vurulmuşdu, ölməmişdi, 30-cu güllədə canını tapşırmışdı. Onu erməni vurduqca "Qarabağ bizimdir" deyib. Ermənilər onun meyitini özləri ilə götürmüşdülər, bizimkilərin xeyli mücadiləsindən sonra onun nəşini aldılar. Onun əsl adı Sahib idi, ermənilər onu Sahib deyə çağırırdılar, amma biz ona Mirələm deyirdik. Ermənilər sonradan dedilər ki, bilsəydik, o, Sahibdir, verməzdik".

Oğlunun ölümündən bixəbər ana o anları danışdıqca göz yaşlarına hakim ola bilmədi. Aminə xanım tezliklə oğlunun məzarını görmək, ziyarət etmək arzusundadır: "Mənim heç nədən xəbərim yox idi. Hamı yığılmışdı Mahmudluya. Bir nəfər gəldi, baldızımı çağırdı, nəsə dedi. Baxdım ki, baldızımın rəngi sapsarı saraldı. Getdim yanına, dedim, "nə olub?" Heç nə demədi. Əlimi atdım üzümə, saçımı, başımı yoldum, dedim, "Samir ölüb". Elə bil, ürəyimə dammışdı. Ondan sonra camaat qarışdı bir-birinə. Oğlumu gətirib Mahmudlu stansiyasında dəfn etdik. 3 gündən sonra orada da atışma başladı, qaçdıq Beyləqana".

"Bir neçə gün Beyləqanda qalandan sonra gəldik Mahmudluya, hələ onda işğal olunmamışdı. Amma atışma davam edirdi. Gəldik, gördük, qəbrin bir tərəfi çöküb. Getdik İcra Hakimiyyətinə dedik, onlar da dedilər ki, sabah bir maşın, bir neçə kisə sement verərik, əsgərlərlə birlikdə qəbri düzəldərsiniz. Gəldik Beyləqana ki, səhər gedib qəbri düzəltdirərik. Səhər eşitdik ki, camaat İrana qaçıb. Qəbir elə qaldı orada. Beyləqanda bir müddət yaşadıqdan sonra Bakıya gəldik. Qızım bu hadisələrdən qorxub sarılıq xəstəliyinə tutuldu. Bir müddət yaşıllaşdırma idarəsində ərimlə mən az məvaciblə işləməyə başladıq. Sonra evlərdə qulluqçu işlədim".

© Sputnik / Shahperi Abbasova
Samir Əliyevin anası Aminə Əliyeva

Hər kəsin sevgisini qazanan Tiqana haqqında məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib: "15 yaşında könüllü getdi. Əvvəllər su, patron daşıyırdı. Sonradan digər döyüş yoldaşları kimi o da vuruşdu. Bir gün Şəmistan Əlizamanlı kəndə gəlmişdi. Kəndin ayağında bunu görür, istəyir, onunla görüşsün, bu qaçır dağa. Gedib əsgərlərə xəbər verir ki, Şəmistan gəlib. Şəmistan deyib ki, "mən onu dərədə gördüm, bu buraya haradan gəlib çatdı?" Samir o qədər cəld, qoçaq uşaq idi ki, heç nə gözünü qorxutmurdu. "Ağ atlı oğlan" filmi ona həsr olunub. Hər dəfə o filmə baxanda pis oluram, həm də fəxr edirəm".

Ona "Tiqana" ləqəbinin verilməsinin səbəbi barədə də danışdı şəhid anası: "Bəzən gecənin bir aləmi gəlirdi evə, rayondan kəndə. Ona o qədər deyirdik ki, "uşaqsan, getmə", amma bizi dinləmirdi. Onun qoçaqlığına və qara olduğuna görə Elmidar adlı həmkəndlimiz ona "Tiqana" ləqəbi qoymuşu. Fransız futbolçusu Jan Tiqanaya oxşayırdı, həm də çox yaxşı futbolçu idi Samir. Ona görə "Tiqana" deyirdilər. Rəhmətlik Həsən Turabov da çox istəyirdi onu".

Aminə nənə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində strateji cəhətdən əhəmiyyətli olan bir neçə nöqtələri, eləcə də bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə hədsiz sevinib: "Sevincdən az qala dəli olacaqdım. Kəndimiz Qaracallıya ayaqyalın gedəcəyəm. Deyirlər, "ayaqlarına kol batacaq, hər yer kol-kosdur". Deyirəm, "qoy batsın, vecimə də deyil. Qurban olum kəndimin kol-kosuna". Oralar cənnət idi. Torpaqları bərəkətli idi. O qədər gözəl, dadlı meyvələr yetişirdi ki, heç burada o meyvələr yoxdur, dadı o dad deyil. Ağzımızın dadı da gedib. Torpaqlar alınsın, hər şeyi burada qoyub gedəcəm. Heç nədə gözüm yoxdur. Necə ki, Bakıya gələndə 1 stəkan da gətirməmişdim, eləcə də Cəbrayıla qayıdacam. Gedəcəm, əkib-becərəcəm, toyuq-cücə saxlayıb özümü dolandıracam".

"Həyat yoldaşım Qarabağ deyə-deyə dünyadan köçdü. Onu burada dəfn eləmişik. Amma söz vermişəm, onun nəşini də burada saxlamayacam, aparıb kəndimizdə dəfn edəcəyəm. Köhnə xəstəxana təmir olunmuşdu. Orada yaşı mindən artıq olan çinar ağacı var idi, onun üstündə çayxana var idi, ikimərtəbəli idi, altında bulaq var idi. Bir möcüzə idi. Yoldaşım həmin restoranda aşpaz işləyirdi. Ermənilərin o ağacı məhv etdiyini eşidəndə yoldaşım heç dözmürdü", - deyə Aminə nənə əlavə edib.

Həmsöhbətimiz Cəbrayıl rayonunun gözəlliklərindən danışdı: "Xarı-bülbül Şuşada bitir deyirlər. Amma bizim kəndin hər tərəfində xarı-bülbül bitirdi. O qədər ağac var idi ki, evlər görünmürdü. Həyətimiz dolu idi meyvə ağacları ilə. Həyətimizdə narla əncir ağacının ortasında mis, alüminium, tunc qazanlarımı, şüşə çayniklərimi, samovarlarımı basdırmışam. Qismət olsun, torpaqlarımız azad olunsun, minalardan təmizlənsin, gedib qazım çıxarım onları. İnşallah, ermənilər o qabları tapmazlar. Oranı bu dəqiqə getsəm, taparam. Erməni atırdı, bilirdik ki, gec-tez gedəcəyik".

164
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO
Bərdə rayonunda erməni qüvvələrinin açdıqları atəşin nəticəsi

MN: Tərtər Bərdə atəşə tutulur

0
Cəbhə bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrimizin Ermənistan silahlı qüvvələri tərəfindən ataəşə tutulması davam edir.

BAKI, 24 oktyabr — Sputnik. Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

0