CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qapı-qapı düşüb pul yığanlar kimlərdir?

© AFP 2023 / YURI CORTEZDezinfeksiya işləri, arxiv şəkli
Dezinfeksiya işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim işimiz başımızdan aşır. Bütün Bakı şəhərinin dezinfeksiya işi bizim üzərimizdədir" - Akif Məmmədov

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Son iki gündür ki, paytaxtda dezinfeksiya adı altında sakinlərdən pul yığılır. Bu barədə "Facebook" sosial şəbəkə istifadəçiləri məlumat veriblər. Məlumata görə, yaşayış binalarında dezinfeksiya üçün sakinlərdən üç manat məbləğində pul tələb olunur. Pulu aldıqdan sonra isə həmin şəxslər dezinfeksiya aparmadan aradan çıxırlar.

Bu hadisə jurnalist Mehman Mehdiyevin də başına gəlib. O, "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb ki, onlardan da bu məqsədlə pul tələb olunub: "Özlərini Sanitar Epidemiya Stansiyasının əməkdaşları kimi təqdim edən iki cavan oğlan yaşadığımız binada mənzillərin qapılarını döyüb, hər evdən 3 manat istəyiblər. Bunun qarşılığında blokda dezinfeksiya edəcəklərini deyiblər. Əllərində nə bir avadanlıq, əyinlərində nə bir xüsusi paltar olan bu şəxslər qonşuların təpkisindən sonra çıxıb gediblər".

Sputnik Azərbaycan məsələni dəqiqləşdirmək üçün Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədovla əlaqə saxlayıb. A.Məmmədov Sputnik Azərbaycan-a faktı təsdiqləyib. O bildirib ki, bununla bağlı Mərkəzə çoxsaylı müraciətlər daxil olub:

"Mənim özümə də zəng edib bildirirlər ki, yaşayış binalarında mənzillərin qapısını döyüb dezinfeksiya adı altında sakinlərdən pul alırlar. Həmin şəxslər müxtəlif təmizlik şirkətlərinin işçiləridir. Onların bizim quruma aidiyyəti yoxdur. Bizim əməkdaşlarımız heç bir mənzilin qapısını döyüb demirlər ki, üç manat pul ver, bloku, yaxud da mənzili dezinfeksiya edək. Bizim işimiz başımızdan aşır. Bütün Bakı şəhərinin dezinfeksiya işi bizim üzərimizdədir".

A.Məmmədov deyib ki, sakinlərin binanın blokunda, mənzillərdə dezinfeksiya işini hər tanımadıqları şirkətə həvalə etməsi düzgün deyil: "Dezinfeksiya işləri dərmanlarla aparılır. Bu zaman sakinlər qapı-pəncərəni iki saat bağlı saxlayıb evdən çıxmalıdırlar. Mənzildə təmizlik işləri aparıldıqdan sonra evin sakinləri mənzilə qayıtmalıdırlar. Dezinfeksiya üçün istifadə edilən dərmanlar zəhərlənmə və digər fəsadlara səbəb ola bilər. Bunu sakinlər mütləq nəzərə almalı və ehtiyatlı davranmalıdırlar".

Xəbər lenti
0