Tullantı sular, arxiv şəkli

Məişət istehsalat tullantı sularını hara gəldi ata bilməyəcəksiniz

1399
(Yenilənib 16:02 18.02.2020)
Çirkab sularının təmizlənməsi o həddə qədər olmalıdır ki, başqalarının maraqlarına toxunmasın.Çirkab sularının təmizlənməsi o həddə qədər olmalıdır ki, başqalarının maraqlarına toxunmasın.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Hər hansı şirkət su təchizatı və tullantı suların axıdılması ilə bağlı layihələr həyata keçirərkən onların ətraf mühitə təsirinin qiymətləndirilməsini aparmalı və ekoloji ekspertizanın müsbət rəyi olduğu təqdirdə həmin qurğuların işləməsinə icazə verilməlidir.

Bu məsələ Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nda dəyişiklik edilməsi barədə qərarında əksini tapıb. 

Qərara əsasən həmçinin tullantı sulların tənzimlənməsi və təkrar istifadəsi üzrə layihələr də müvafiq ekoloji ekspertizadan keçirilməlidir.

Ehtimal edilir ki, bu qərar ölkədə ekoloji durumun yaxşılaşdırılmasına, ətraf mühitin daha səmərəli qorunmasına, ekoloji siyasətin beynəlxalq standartlara uyğunlaşdırılmasına təkan verəcək.

Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qənbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, verilən qərar sırf ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanundan irəli gələn məsələlərin həllini, ətraf mühitə təsirin qiymətləndirilməsində müsbət rəyi olan fəaliyyəti tənzimləyir.

Onun sözlərinə görə, hazırda ölkədə su qıtlığının olduğu danılmazdır və bu, Azərbaycandan da yan keçmir:

"Bu gün dünya su təchizatı, su problemi ilə qarşı-qarşıyadır. Bu da Azərbaycana müəyyən işarə verir. Son illər Azərbaycanda da su qıtlığı müşahidə edilir. Azərbaycan Cənubi Qafqazda ən kiçik tutuma malikdir. Bizim çaylarımız Ermənistanda, Gürcüstanda formalaşaraq gəlir".

Mütəxəssis hesab edir ki, bu səbəbdən də istehsalatda və məişətdə yaranan tullantı sularının təmizlənərək, yenidən istifadəyə verilmsi gündəmə gəlir.

Belə ki, istehsalat və məişət tullantı sularının təmizlənməsi və onların təkrar istifadəsi sahəsində ətraf mühitə təsirinin qiymətlndirilməsinin parametrləri, detalları orada tələb edilən müəyyən amillər Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ekspert qrupu tərəfindən qiymətləndirilir.

O, qeyd edib ki, istehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi sahəsində mövcud qurğu və avadanlıq varsa, yeni bərpa olunan sahələr əlavə olunursa və bunun texnologiyasında, tullantı suyunun kəmiyyət-keyfiyyət göstəricilərində dəyişiklik yoxdursa, o zaman ƏMTQ (ətraf mühitə təsirin qiymətləndirilməsi) sənədinin hazırlanması tələb olunmur.

Ancaq obyektlər mövcuddursa, yenidənqurma işləri nəticəsində istehsalat zərurəti olaraq, müəyyən qurğular əlavə olunarsa, onun parametrlərinə fiziki, kimyəvi göstəricilərinə təsiri varsa, artıq bu layihə üçün ƏMTQ sənədinin tərtib edilməsinə ehtiyac duyulur.

"Ancaq ƏMTQ sənədinin hazırlanmasına ehtiyac duyulmasa, belə ekoloji normativ sənədlər tələb edilir. Bura tullantı mənbələrinin inventarizasiyası, buraxıla bilən axıntı həddi normativ layihəsi və ekoloji pasport daxildir. Hər iki istiqamətə bütün sənədlər şamil edilir. Yəni ƏMTQ sənədi işlənilsə də, işlənilməsə də, bu normativ sənədlər hökmən tətbiq edilməlidir", - deyə M.Qənbərov bildirib. 

Onun sözlərinə görə, bu yanaşma verilən qərarın özəyini təşkil edir. Sözügedən sənəd daha sonra nazirliyin dövlət ekspertiziyasından keçib hüquqi status alır. Bu isə o deməkdir ki, obyektin ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədi var.

Eyni zamanda, bəhs etdiyimiz qərarla transsərhəd obyektlərin vəziyyəti də tənzimlənir. Belə ki, istehsalat və məişət tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üzrə obyektlərə dair ətraf mühitə təsirin qiymətləndirilməsi həyata keçirilərkən, əgər transsərhəd hədd müəyyən edilirsə (məsələn, hər hansı zavod və layihə elə bir yerə yerləşir ki, onun ətraf mühit normaları qonşu dövlətin suyuna, havasına, torpağına təsir göstərir) o zaman bu obyektin transsərhəd təsiri ilə bağlı məsələləri müvafiq qaydada Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

Qənbərov bildirib ki, bəzi qurumlar su qıtlığı görmədiyi üçün istehsalat və tullantı sularının təmizlənmiş hissəsindən istifadə etmir. Su qıtlığı yaranırsa, hər bir müəssisə və təşkilat özünün formalaşdırdığı tullantı sularını təmizləyib ondan maksimum şəkildə öz məqsədləri üçün istifadə edə bilər.

"Çirkab sularının təmizlənməsi o həddə qədər olmalıdır ki, başqalarının maraqlarına toxunmasın. Məsələn, su tutarlarında sular təmizlənmədən Xəzər dənizinə, göllərə çirkli halda axıdılanda, bu, artıq bizim maraqlarımıza toxunur. Sular Nazirlər Kabinetinin qərarı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlanılaraq müəyyən edilmiş hədd səviyyəsinə qədər təmizlənməlidir. Çirklilik səviyyəsi norma daxilində olmalıdır. Su elə səviyyədə təmizlənməlidir ki, o sudan qidalanan balıqdan insanlar istifadə edən zaman zəhərlənməsin", - deyən

idarə rəisinin sözlərinə görə, bu proses "Azərsu" ASC tərəfindən həyata keçirilir və su hövzələrinin qorunması ilə bağlıdır. 

"Tutaq ki, 1000 kub su alınır, ondan texnoloji, suvarma və içmə məqsədi ilə istifadə edilir. Bu zaman sual olunur ki, bu suyun nə qədəri təkrar istifadə edilə bilər? Həmin suyu təmizləyib istifadə etmək, yaxud da aşağı qiymətlə başqasına satmaq mümkündür", - deyə Qənbərov bildirib.

O, həmçinin qeyd edib ki, məişət sularının təmizlənməsi "Azərsu" ASC və kanalizasiyaya çıxışı olmayan, tullantı sularını formalaşdıran fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir.

"Biz o şəxslərin qarşısında şərt qoyuruq: bu suyu elə təmizlə ki, su hövzəsi onu qəbul etmək səviyyəsində olsun. Yəni, daha istehsalatda formalaşan suları hara gəldi atmaq mümkün olmayacaq. Bu suların axıdılacağı su hövzələri üçün kriteriya və tələblər var. Su tələblərə uyğun təmizləndikdən sonra onun hara axıdılacağı barədə məlumat veriləcək", - deyə idarə rəisi fikrini tamamlayıb. 

1399

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

8
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

8
Qədəbək

Sabah hava həlim olacaq

5
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

30
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

30
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə