Boş hasara alınmış qəbir yerləri

"Rəhmətliklər" tamahları ilə hamını boğaza yığıblar - Haqsız işlərlə haqq dünyasına doğru

1024
(Yenilənib 01:05 14.02.2020)
Öldükdən sonra onun kimin yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insan üçün heç bir fərqi yoxdur, amma dirilər qəbiristanlıqdan əl çəkmir.

Zülfiyyə Quluyeva, İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Azərbaycanda "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı ilə qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin yaxud da arvadının yazılı müraciəti əsasında yol verilir. Amma bu gün məzarlıqların mütləq əksəriyyətində hasara alınmış boş qəbir yerlərinə rast gəlinir. Hasarlanmış qəbir yerlərinin sahəsi həmin yerlərin təkcə ər-arvad üçün deyil, ailənin bütün üzvlərinin gələcəkdə dəfni üçün götürüldüyünü sübut edir.

Sputnik Azərbaycan-ın apardığı müşahidələr zamanı paytaxtda qəbiristanlıqların mütləq əksəriyyətində boş hasara alınmış qəbir yerlərinin olduğu üzə çıxıb.

© Sputnik / Irade JELIL
Boş hasara alınmış qəbir yerləri

Xırdalan kənd qəbiristanlığında da kifayət qədər boş hasarlanmış qəbir yerləri var. Qaydalara görə, qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri, onu rezervasiya etmiş ər, yaxud arvad barədə məlumatı dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. Amma burada qəbiristanlığın müdriyyəti onlarda rezervasiya olunmuş qəbir yerləri barədə dəqiq məlumatın olmadığını söylədilər. Xırdalan qəbiristanlığının Elsəvər (soyadını deməkdən imtina edib-red.) adlı nümayəndəsi isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, boş qəbir yerlərini doğmalarının yaxın dəfn edilməsini istəyənlər hasarlayır.

"Bu yerlərin çoxu keçmiş qəbiristanlıq müdirləri tərəfindən satılıb. Həmin şəxslər də aldıqları qəbir yerlərini hasarlayıblar ki, kimsə gəlib orada yaxınını dəfn etməsin. İndi qəbiristanlıqda rezervasiya ediləcək yer qalmayıb", - Elsevər deyib.

© Sputnik / Irade JELIL
Boş hasara alınmış qəbir yerləri

Nazirlər Kabinetindən isə Sputnik Azərbaycan-a bildiriblər ki, NK-nın 2018-ci il 4 dekabr tarixli 522 nömrəli qərarı ilə "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları" təsdiq edilib. Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər, yaxud arvad sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra qohumları, qanuni nümayəndələri və ya dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə beş gün müddətində məlumat göndərməlidir.

İlahiyyatçı Elşad Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, xalqımızın qəbiristanlıq adət-ənənələrinin çoxunun dinimizlə əlaqəsi yoxdur: "İnsanın hansı şəraitdə, hansı məkanda öləcəyi ilahi bir sirrdir. Yəni ölüm gününü, yerini heç kəs əvvəlcədən bilmədiyindən, əvvəldən müəyyən bir məzarlıqda bunun üçün yer hazırlatmaq da gərəksiz hesab olunur. Öldükdən sonra onun kimin yanında, hansı məzarlıqda dəfn olunmasının dünyasını dəyişən insan üçün heç bir fərqi yoxdur. İnsanlar vaxtlarını bu işə sərf edincə, yaxşı əməllər ardınca getsələr, daha yaxşı olardı. Amma dini baxımdan burada problem də yoxdur. Bu, sırf insanların istəyindən doğan məsələdir".

© Sputnik / Irade JELIL
Boş hasara alınmış qəbir yerləri

İlahiyyatçı deyir ki, bu gün qəbiristanlıqlarda yer çatışmazlığının da bir səbəbi məhz yerlərin rezervasiyasıdır: "Bakıda qəbiristanlıqların çoxunda yer qıtlığı yaranıb. Bunun bir səbəbi paytaxtda əhali artımıdırsa, digər səbəb də qəbiristanlıqlarda boş yerlərin hasarlanmasıdır. Bunu çox təəssüf ki, qanunlarla, qaydalarla da tənzimləmək mümkün deyil".

1024

Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti daha bir ay dayandırıldı

8
(Yenilənib 18:23 28.10.2020)
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişikliklərə əsasən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

BAKI, 28 oktyabr - Sputnik. Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 1 dekabr saat 06:00-dək dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, qüvvədə olan qərara əsasən, bu il oktyabrın 19-dan 2 noyabr saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılmışdı.

Azərbaycanın bir sıra şəhər və rayonlarında ictimai nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət də noyabr ayının 28-dək uzadılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumata görə, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şirvan, Lənkəran şəhərlərində və Abşeron, Göygöl, Samux, Sabirabad, Quba, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarda aşağıda qeyd olunan tarixlərdə həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır:

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06.00-dək;

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək;

14 noyabr saat 00:00-dan 16 noyabr saat 06:00-dək;

21 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək;

28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək.

Həmçinin 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

8
Qədəbək

Sabah hava həlim olacaq

5
(Yenilənib 18:09 28.10.2020)
Oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

BAKI, 28 oktyabr — Sputnik. Oktyabrın 29-da Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16, gündüz 19-21, Bakıda gecə 14-16, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Oktyabrın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında mülayim gilavar küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

5

Bölmələrimiz şəhər rayonlarımıza atəş açanları məhv edib - VİDEO

31
Oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

BAKI, 28 oktyabr - Sputnik. Humanitar atəşkəs rejimini kobudcasına pozaraq şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri darmadağın edib.

Sputnik Azərbaycan bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.

Nəticədə 21 nəfər həlak olub, 70-dən çox şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

31
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə