CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər gün bir adamın evində yaşamaq - "İcra hakimiyyətlərinin buna gücü çatmır"

© Sputnik / Nigar IskanderovaZabratda sosial sığınacaq sakini Natəvan Mirzəyeva
Zabratda sosial sığınacaq sakini Natəvan Mirzəyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyədə internat müəssisələrini tərk edənlər üçün müəyyən layihələr icra olunur və onlar bu layihələr çərçivəsində işlə də təmin olunurlar

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verilib. Bundan belə vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid olan bütün məsələlər üzrə (sosial müdafiə, əlilliyin müəyyən edilməsi və reabilitasiya, məşğulluq, əmək qanunvericiliyi, elektron xidmətlər və s.) suallarını onlayn əlaqə xidmətinə (sosial.gov.az) yaza bilərlər.

Hazırda işsizlik problemi ilə qarşılaşan kütlələrdən biri də uşaq evlərinin məzunlarıdır. Onlar uşaq evləri, internat müəssisələrini tərk etdikdən sonra nə edəcəklərini, harada qalacaqlarını, tələbatlarını necə qarşılayacaqlarını bilmirlər. Bu səbəbdən uşaqlar evindən məzun kimi ayrılan belə şəxslərin bəziləri küçələrdə qalırlar.

Sputnik Azərbaycan-ın həmsöhbəti 19 yaşlı Natəvan Mirzəyeva Zabratda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında məskunlaşıb:

"Uşaq evindən çıxdıqdan sonra çox çətin günlərim oldu. Süpürgəçi işləyib, xalça toxuyub pul qazandığım vaxtlar da oldu. Buraya gəlməzdən öncə isə evsiz, küçələrdə qaldığım üçün yoldan ötənlər məni evlərinə dəvət etdilər. Hər gün bir adamın evində qalmalı oldum. Sonradan həmin şəxslər mənim sığınacağa yerləşdirilməyimə kömək etdilər".

Qeyd edək ki, məsələn, Türkiyədə bu cür şəxslər üçün "Vakıf evləri" yaradılır. Burada ən çoxu yeddi nəfər olmaqla internat evinin məzunu olan şəxslər birgə yaşayrılar. Bu zaman onlara müxtəlif vərdişlər də təlqin edilir. Türkiyədə "Vakıf evləri" layihəsinin rəhbəri Ümrən Aykut internat evini bitirən şəxslərlə bağlı hazırladığı yazıda müəyyən nüanslara toxunmuşdu. O, sərbəst həyata atılan bu şəxslərin ümumilikdə heç bir bacarığa, məsuliyyətə, vərdişə sahib olmadığını qeyd edib: "Bu şəxslər ümumiyyətlə təhlükəsizlik, qənaət, bazarlıq, alış-veriş haqda hansısa bilgilərə sahib deyillər. Onlar internat evlərində müftə nəsə yeməyə öyrəşdiriliblər və bir çox hallarda onlara baş çəkən şəxslərdən nəsə umurlar. Bu uşaqları belə ehtiyaca alışdırmaq lazım deyil. Çünki bu, həm də onların əqidəsinin tapdalanmasıdır".

Мужчина спит на скамейке, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Soyuq havada qalan kimsəsizlər haraya sığınsınlar?

Həmin layihə çərçivəsində Türkiyədə artıq bir neçə ev tikilib və məzunlara birgə yaşayışla əlaqədar müəyyən biliklər aşılanır. Hətta müxtəlif görüşlərə gedərkən necə geyinib-keçinməli olduqları, necə əyləşmələri, necə davranmaları da öyrədilir. Həmçinin onların iş tapmasına da yardım edilir. Layihə çərçivəsində bu şəxslər üçün dövlətlə birgə proqram hazırlanıb. Proqram çərçivəsində dövlət tərəfindən ildə bir neçə dəfə yalnız internat evini bitirən şəxslər üçün imtahanlar keçirilir və onlar tərəfindən ən layiqlisi qalib seçilir.

Maraqlıdır, Azərbaycanda belə şəxslərin neçəsi işlə təmin olunub?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bununla bağlı konkret statistika aparılmır və həmin şəxslər arasında işləmək istəyənlər Dövlət Məşğulluq Xidmətinə müraciət edirlər.

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bu istiqamətdə özəl sahənin də dəstəyinin vacib olduğunu vurğulayıb: "Özəl sektorun da bu prosesə cəlb olunması vacibdir. Çünki dövlət qurumları üçün bu yükü təkbaşına götürmək çətindir".

O bildirir ki, uşaq həyatının inkişaf dövrü üçün ardıcıllıq proqramları həyata keçirən layihələr icra olunmalıdır: "Burada uşağın biliyi, ali təhsili, gələcəkdə isə iş tapa bilməsindən söhbət gedir. Çünki şəxs uşaq evindən çıxdıqdan sonra kimsəsiz şəkildə həyatın ağuşuna atılır, böyük sıxıntılar yaşayır, kriminal aləmə aludəçi olur, yaxud da narkotikə qurşanır, yüngül həyat tərzi yaşamaq məcburiyyətində qalır".

"Təəssüf ki, hazırda uşaq evləri vaxt öldürməyə xidmət edir. Uşaqların vətəndaş cəmiyyətinə qazandırılması, layiqli bir vətəndaş olması, himayədən məhrum olduqları üçün incidilməməsi önəmlidir", - deyə F.Mustafa əlavə edərək bu istiqamətdə uzunmüddətli dövlət proqramının olmasına ehtiyac olduğunu vurğulayıb.

F.Mustafa bildirir ki, həyat şərtlərinə görə onların məğlub olaraq lazımsız şəxsə çevrilməməsində cəmiyyətin digər institutlarının maraqlı olmasına, bu istiqamətdə onlara dəstək verməsinə çalışmaq lazımdır: "Lakin sırf bu şəxslərin işlə təminatından danışdıqda isə onu vurğulamalıyam ki, onlar üçün kvota ayrılması çətindir. Biz əlillər üçün kvota tətbiq edirik, lakin bütün qruplara bunu şamil etmək çətindir".

"Ümumiyyətlə, bu şəxslər özləri də məsuliyyətlərini anlamalıdırlar. Çünki cəmiyyətin ziddiyyətləri çoxdur, bu isə o deməkdir ki, heç də hər zaman cəmiyyət onları yerdən qaldırmaq üçün əl uzatmayacaq", - deyən F.Mustafa əlavə edib ki, belə şəxslər peşəkar olduqları halda iş tapa biləcəklər. 

F.Mustafa internat evini tərk edən şəxslərlə bağlı müəyyən təkliflərin olmasının vacibliyindən söz açaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də bu istiqamətdə müəyyən addımların atılmasının zəruriliyini vurğulayıb.

Дети, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onlar heç vaxt övlad ola bilməyəcək – Səbəb sərtləşdirilən qaydalardır, yoxsa nə?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi olan Pərviz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, valideynləri olmayan, internat evini tərk edəndən sonra kimsəsiz qalan uşaqlar ƏƏSMN-in "Məzun Evi"ndə evlə təmin olunurlar. Lakin valideynləri olan uşaqlar internat müəssisələrini bitirdikdə onların valideynləri çağırılır və onlara təhvil verilirlər. Demək olar ki, internatda olan uşaqların hamısının valideynləri var. Uşaq evlərində olan uşaqların isə bəziləri kimsəsizdir, yəni valideynləri onlardan tamamilə imtina edib".

P.Əliyev deyir ki, bəzən müəssisəni başa vurduqdan sonra valideynlərinə təhvil verilən bu şəxslərlə ana-ataları arasında anlaşılmazlıq olur: "Necə ki o vaxt valideyn uşağa nəzarət edə bilmirdi, uşaq evinə vermişdi, yenə də onun nəzarətsizliyi bu şəxlsərin küçələrdə qalmasına səbəb olur. İnternat müəssisəsini bitirərək küçələrdə qalanlar sırf bu şəxslər olur".

"Məzun evində yer olmadığı halda isə müvafiq icra hakimiyyətinə bu barədə məlumat verilir, həmin şəxsin sənədləri hazırlanaraq onlara təqdim olunur. Bu halda icra hakimiyyəti tərəfindən həmin şəxsin yaşayışı təmin edilir", - deyə o əlavə edir.

Həmsöhbətimiz deyir ki, uşaq evindən birbaşa küçəyə tərk edilən şəxslərlə bağlı məsələ ciddi şəkildə araşdırılmalıdır. O həmçinin bu gün uşaq evləri və internat müəssisələrində peşə ixtisasının öyrədilməsi ilə bağlı müəyyən boşluqların olduğunu bildirib: "Yerli icra hakimiyyəti orqanları tərəfindən xüsusi qrup olan şəxslər, məsələn əlilliyi olanlar, o cümlədən də uşaq və internat müəssisəsini bitirənlər üçün kvota ayrılmalıdır. İnternatı bitirən şəxslərlə bağlı icra hakimiyyətlərinə məlumat verilməli və bildirilməlidir ki, sizin rayondan bizə sənədləri təqdim olunan şəxs 6 aydan sonra müəssisəni bitirir, ona işləmək üçün yer ayrılmalıdır. Qanunvericilikdə bu məsələ nəzərdə tutulsa da, bunun praktikada tam həyata keçirildiyini deməzdim. Lakin bu istiqamətdə müəyyən işlər aparılır".

O deyir ki, bu uşaqları işə, əməyə cəlb etmək də çətindir: "Bu uşaqları aşkarlayırıq. Lakin onlar işləməkdə məsuliyyətsizlik edirlər. Biz də heç kəsi zorla işə cəlb edə bilmərik".

Əslində bu məsələdə internat müəssisəsini bitirən şəxslər qınanılsa da, bir məsələ də maraq doğurur: bu şəxslərə uşaq evlərində, internat müəssisələrində heç bir məsuliyyət öyrədilmirmi? Yoxsa onlara yalnız hazıra nazir olmaqmı öyrədilir? Bu suallarımıza cavab olaraq isə P.Əliyev deyir ki, bu evlərin formatı dəyişməlidir, onların gələcəkləri necə olacaq, bu istiqamətdə müəyyən işlər, islahatlar aparılmalı, oranı bitirən şəxslərə nəzarət gücləndirilməlidir.

"Hər bir icra hakimiyyətinin bu işlə məşğul olan komissiyası tərəfindən uşaq evinə yerləşdirilən uşağa elə həmin komissiya tərəfindən nəzarət olmalıdır. Onlar maraqlanmalıdır ki, 18 yaşına çatandan sonra həmin şəxsin yaşayışı, işi varmı, yoxmu. Ola bilər ki, icra hakimiyyətlərinin buna gücü çatmır. Lakin uşaq evlərində də o qədər çox uşağın olmadığını vurğulamalıyam. Ümumilikdə bu rəqəm 600 olar ki, il ərzində də onlardan təxminən 70-80-i bu müəssisələri tərk edir", - deyə o əlavə edib.

Mütəxəssis deyir ki, bu müəssisələrdə həmin uşaqlara yeni peşələr, bacarıqlar öyrədilməli, həyata baxışları dəyişdirilməli, mövqeyi olmalı, oranı tərk etdikdən sonra nə işlə məşğul olacağını bilməlidir.

Xatırladaq ki, bu şəxslərin evlə təmin olunması ilə bağlı olaraq bir neçə il öncə sabiq millət vəkili Rəbiyyət Aslanova hər tikilən binada bir və ya iki mənzilin valideyn himayəsindən məhrum olan uşaqlara verilməsi ilə bağlı təklif irəli sürmüşdü. O, binaların tikintisi ilə məşğul olan sahibkarların üzərinə müəyyən məsuliyyətin qoyulmasının vacibliyini də dilə gətirmişdi. Məqsəd isə bu idi ki, dövlətin dəstəyi ilə hər tikilən binada bir və ya iki mənzil valideyn himayəsindən məhrum olan uşaqlara verilsin. Çünki bu şəxslər internat evlərindən ayrıldıqdan sonra köməksiz qalır, küçə sakininə çevrilirlər ki, bu da arzuolunmaz hallara gətirib çıxarır.

Bu təklifdən bir neçə il sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin "Məzun evi" sosial müəssisəsi (Abşeron rayonu, Masazır kəndi, "Duz zavodu" yolu, 2-ci massiv, ev 1) dövlət uşaq müəssisələrinin hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının istifadəsinə verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, “Məzun evi”nin hazırda fəaliyyət göstərən 3 yaşayış binasında 365 gənc məzun mənzillə təmin olunub. Burada yaşayan gənclərin artıq bir çoxu (184 məzun) ailə həyatı qurub. Binalarda 310-u uşaq olmaqla, cəmi 851 sakin yaşayır. Bütün mənzillər normal yaşayış üçün lazımi məişət avadanlıqları və inventarlarla, mətbəx avadanlığı ilə təmin edilib, gənclər üçün müasir şərait yaradılıb.

Həmçinin mənzillə təmin edilən hər bir məzunun kommunal xərcləri ilk 6 ay müddətində dövlət büdcəsi hesabına ödənilir. Onlardan dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan 23 yaşınadək şəxslərin isə kommunal xərclərinin təhsil aldıqları müddətdə dövlət büdcəsi hesabına ödənilməsi təmin olunur.

İnfoqrafika: Azərbaycanda valideyn himayəsindən məhrum uşaqlar - Sputnik Azərbaycan
İNFOQRAFİKA
Azərbaycanda atılmış uşaqların sayı artıb

"Məzun evi"nin sakinlərinin məşğulluğunun təminatı da diqqətdə saxlanılır. Müəssisənin sakinlərininin əksəriyyəti yaşadıqları “Məzun evi”ndəki ştat vahidlərində, həmçinin ətraf ərazilərdə olan digər müəssisələrdə daimi işlə təmin olunublar. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Məzun evi"ndə xalça və tikiş sexləri də yaradılıb ki, müəssisədən bir qrup gənc nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə işlə təmin ediliblər.

Qeyd olunur ki, “Məzun evi” layihəsi çərçivəsində binaların tikintisi davamlı olacaq, hazırda 4-cü binanın tikintisi gedir.

Haqqında əvvəldə bəhs etdiyimiz Natəvan Mirzəyeva Bilgəhdə yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbini bitirib. Oradan çıxdıqdan sonra küçələrdə qalmalı olub və sonradan xeyirsevən insanların dəstəyi ilə sığınacağa yerləşdirilib. Artıq onun hazırda olduğu sığınacaqdan aldığımız məlumata görə, gənc qızın sənədləri "Məzun Evi" üçün hazırlanaraq adiyyəti üzrə təhvil verilib.

Xəbər lenti
0