Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı

Novruzun ilk müjdəçisi: Xıdır Nəbi bərəkət paylayır - VİDEO - FOTO

537
(Yenilənib 13:29 11.02.2020)
İnsanlar bu cür unudulmaqda olan qədim milli adət-ənənənin bayram kimi nəsillərdən-nəsillərə ötürülərək yaşadılmasını olduqca vacib sayırlar

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndinin sakinləri yüzilliklərdən bəri özünəməxsus tarixi adət-ənənələrini bu günədək yaşadırlar. Sputnik Azərbaycan xəbər verir ki, bölgədə bahar bayramını hər kəsdən tez məhz bu kəndin sakinləri qeyd edirlər. Belə ki, kiçik çillənin sonuncu ongünlüyü fevralın 10-u bitdiyindən elə həmin gündən başlayaraq yazın müjdəçisi olan Xızır gecələri başlayır. Xızır peyğəmbərin adı ilə bağlı olan bu gecə yazın gəlişinin ilk müjdəçisi olduğundan yüz illərdir hər ilin bu günü bayram kimi keçirilir.

© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakinləri Xıdır Nəbi bayramını qeyd edirlər

“Xızır Nəbi gecəsi”, “Xızır bayramı”, “Xızır baba” kimi adlandırılan bayram uşaqdan-böyüyə, cavandan-qocaya bütün elliklə qeyd edilir. Hər il eyni tarixi bayram etməyi artıq adət halına salan sakinlərə hətta rayonun qonşu kəndləri də qoşulurlar. İnsanlar bayramı kəndin su, torpaq və alovun qovuşduğu yerdə - inanc yeri olan xan çinarının ətrafına toplaşaraq qeyd edirlər. Burada tonqal yandırır, niyyət tutaraq çinarın ətrafına dövrə vurur, nəzir paylayırlar. Sakinlər həmin gecəni baharın gəlişinin müjdəsi kimi sevinclə keçirirlər. Evlərdə şirniyyat bişirilir, bayram tonqalları yandırılır.

© Sputnik / Ilham Mustafa
İnsanlar bayramda kəndin su, torpaq və alovun qovuşduğu yerə toplaşırlar

Tovuz rayon sakini Məlahət Hacıyeva “Xıdır Nəbi” bayramının bütün Azərbaycanın əzəli bayramı olduğunu, əsasən əkinçiliklə məşğul olan əhali arasında keçirildiyini deyir:

"Novruza bizi qovuşduran çərşənbələr bu gündən başlayır. Rəvayətə görə, Xızır baba gələr, öz möcüzəli çubuğuyla təbiəti oyadar və beləcə yazın gəlişi başlar. Boranlı-şaxtalı qış geridə qalar. İnsanları bu çətinliklərdən qurtarmaq üçün Xıdır Nəbi bərəkət paylayır", - deyə məlumat verib.
© Sputnik / Ilham Mustafa
Kənd sakinləri tonqal yandırır, niyyət tutaraq çinarın ətrafına dövrə vurur, nəzir paylayırlar

M.Hacıyeva bu bayramın fəlsəfi tərəfinin də olduğunu izah edir: "Bayram qış azuqəsinin qurtaran vaxtına düşür. Kiminsə öküzü, kotanı olub, kiminsə buğdası olub, kiminsə bişirdiyi mürəbbəsi olub, kiminsə bir çuval unu olub. Camaat qışın oğlan çağında bir-birinə kömək durmaq məqsədilə azuqələrini bir yerə yığaraq köməkli yaza çıxmağa çalışıb. “Yaman günün ömrü az olar”,”yaza qovuşarıq, inşallah” deyərək bunu bir bayrama çeviriblər”.

  • Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı
    © Sputnik / Ilham Mustafa
  • Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində Xıdır Nəbi bayramı

Yuxarı Öysüzlü sakinləri inanırlar ki, bu gündən sonra qışın məşəqqətləri arxada qalır, təbiətdə yazın nəfəsi duyulur.

Rayon sakini Asif Qasımov bu cür unudulmaqda olan qədim milli adət-ənənənin təkcə Yuxarı Öysüzlü kəndi tərəfindən deyil, ümumiyyətlə regionda  bayram  kimi nəsillərdən-nəsillərə ötürmək üçün yaşadılmasını olduqca vacib sayır.

“Bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır. Bayramda insanlar sevinc rəmzi olaraq şam, lopa yandırırlar. Bu bir işarə olur ki, biz soyuqdan istiyə keçid alırıq. Xızır Nəbi gəlib çubuğunu vuracaq, hər yer yaşıllıq olacaq, havalar isinməyə başlayacaq. Sevindirici haldır ki, Öysüzlü eli bu bayramı yaddan çıxarmır, hər il öz istəkləri, arzusu, diləkləri ilə inanc yerinə yığışaraq qeyd edir. Mən istərdim ki, heç bir adət-ənənəmiz unudulmasın, onları olduğu kimi yaşada bilək. Çünki bu bizim keçmişimizdir, tariximizdir. Biz bunu yaşatmağa borcluyuq”, – deyə bildirir.

Qeyd edək ki,  Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.

537
Əlaqədar
Çərşənbələrin tarixləri açıqlandı
Amerikalılar Azərbaycan şəkərburası hazırlamağı öyrənirlər
Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir
Duaların qəbul olduğu yer - haqqında əfsanələr dolaşan təbiət möcüzəsi - FOTO
Novruz bayramında qeyri-iş günlərinin sayı açıqlandı
Maliyyə hesabatı, arxiv şəkli

Məcburi dövlət sosial sığorta haqqı müvəqqəti azaldılıb

12
(Yenilənib 22:37 03.06.2020)
Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

BAKI, 3 iyun — Sputnik. Azərbaycanda sahibkarlar bu il aprelin 1-dən dekabrın 31-dək məcburi dövlət sosial haqlarını güzəştlə ödəyəcək.

Sputnik Azərbaycan-a bununla bağlı Prezident İlham Əliyev “Sosial sığorta haqqında” qanuna dəyişiklikləri təsdiqləyib. Beləliklə, bu ilin 9 ayı üçün sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-nə qədər isə əvvəlki qaydada - sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində isə 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

12
Bakıda yaşayış kompleksi, arxiv şəkli

Güzəştli mənzillər adlarına uyğundurmu yaxud bunun nəyi güzəştdir?

145
(Yenilənib 22:02 03.06.2020)
Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 iyun — Sputnik. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edib. Satışa ümumilikdə 249 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Sputnik Azərbaycan xəbər verir ki, MİDA-nın məlumatına görə, Agentliyin sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərində (www.e-gov.az) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Sputnik Azərbaycan-a açıqlamasında satışa çıxarılan mənzillərin qiymətlərindən, tətbiq edilən güzəştlər və əlavə endirimlərdən danışıb.

Ekspert bildirib ki, MİDA-nın bu istiqamətdə kifayət qədər təcrübəsi var: "Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi istər qiymət, istər prosesin icrası baxımından özünü doğruldub. Digər tərəfdən, bu yaxınlarda güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyaları da genişləndirilib. Artıq gənc ailə üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər. Eyni zamanda buraya "ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs" kateqoriyası da əlavə olunub. Həmin kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər".

Hövsan yaşayış kompleksi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bu kateqoriyaları daha da genişləndirmək mümkündürmü sualına ekspert belə cavab verib: "Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşların kateqoriyalarını daha da genişləndirmək olar, amma bu məsələ hələlik bu gün üçün aktual hesab edilmir. Onsuzda müraciətlərin sayı çoxdur. Məsələn, Yeni Yasamal layihəsində təxminən 1800 mənzil üçün 20 minə yaxın müraciət var idi. Bu mənada hesab edirəm ki, indiki halda kateqoriyaların genişləndirilməsi müraciətlərin sayını bir qədər də artıracaq və əlavə texniki problemlər yarada bilər. Amma layihələrin istiqamətləri genişlənərsə, bu addımı atmaq olar".

Mənzillərin qiymətlərindən danışan ekspert bildirib ki, mənzillərin qiymətini normal hesab etmək olar: "Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Hazırda əvvəlki texniki və digər qüsurlar yoxdur, aradan qaldırılıb. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə alanlara 10% güzəşt ediləcək. Yəni şəxs mənzilin pulunu tam ödəyirsə, həmin vəsaitdə 10 faiz güzəşt nəzərdə tutulur. Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı 1 otaqlılar üçün 28 min 917 manatdan, 2 otaqlılar üçün 38 min 174 manatdan, 3 otaqlılar üçün 51 min 408 manatan başlayır".

O qeyd edib ki, gələcəkdə MİDA-nın həyata keçirdiyi layihələrə alternativ başqa layihələr təklif olunarsa, o halda qiymətlərə düzəlişlər qaçılmaz olacaq: "Amma bugünkü şərtlər daxilində tələb yüksəkdir və tələb yüksək olduğu dövrdə MİDA-nın təqdim etdiyi qiymətlər mövcud bazar qiymətlərindən aşağıdır. Məsələn, MİDA tərəfindən Yeni Yasamalda təmirli mənzilin 1 kvadratmetri 950 manata təklif olunurdu. Nağd alışlarda bu rəqəm hətta 860 manatadək gəlib düşürdü. Amma biz faktiki olaraq Yeni Yasamalın mənzil bazarını araşdırdıqda orada təmirli mənzilin bir kvadratmetrinin 1150-1200 manatdan başladığının şahidi oluruq. Burada növbəlilik mütləq şəkildə gözlənilir".

Qeyd edək ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi - Hava Limanı 12-ci km. "22" ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 249 mənzilin satışı 30 iyun 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 7 iyul 2020-ci il tarixi saat 11:00-dək davam edəcək. Bu elan çərçivəsində mənzillərin satışı həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulub. Mənzillərin satış qiymətinə ƏDV daxildir. Mənzillərin sahəsi isə 1 otaqlılarda 38-39 kvadratmetr, 2 otaqlılarda 50-63 kvadratmetr, 3 otaqlılar 67-73 kvadratmetr arasında dəyişir. Bu, mənzillərin daxili perimetrlə ölçülən sahəsidir.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 10 faiz minimal ödəniş tələb olunur. Mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda 1 otaqlı mənzil üçün aylıq 138-143 manat, 2 otaqlı mənzil üçün 182-230 manat, 3 otaqlı mənzil üçün isə 245-268 manat ödəniləcək. Qeyd edək ki, kredit illik 4 faiz dərəcəsi ilə 3-30 il müddətinə verilir.

145
“Keşikçidağ”da Keşikçi qala” sərhəd zastavası kompleksi istifa­dəyə verilib

Bu gün "Keşikçidağ" istiqamətində təxribat törədiləcək?

0
DSX: “Keşik­çidağ” ərazisində bir qrup Gürcüstan vətəndaşının dövlət sərhədini pozmaqla təxribat törədəcəyi barədə məlumat­lar əldə olunub

BAKI, 4 iyun - Sputnik. İyun ayının 4-də Azərbaycan-Gürcüstan dövlət sərhədində “Keşik­çidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində bir qrup Gürcüstan vətəndaşı  tərəfindən dövlət sərhədini pozmaqla təxribat xarakterli hərəkətlərin törədiləcəyi barədə məlumat­lar əldə olunub. Əldə olunmuş məlumatlar barədə Gürcüstanın Sərhəd Mühafizəsi rəsmi qaydada məlumatlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, Dövlət Sərhəd Xidməti bununla əlaqədar rəsmi olaraq bildirir ki, dövlət sərhədində istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq və bu zaman baş verə biləcək fəsadlara görə təxribatın təşkilatçıları məsuliyyət daşıyacaqlar.

0