Pekin ördəyi

Zavallı "Pekin ördəyi", dili olsa, sizdənəm deyər ya Çin restoranları qorxuludurmu?

878
(Yenilənib 19:59 28.01.2020)
Səhiyyə Nazirliyi əhaliyə bir müddət Çin restoranlarından uzaq durmağı tövsiyə edib. Çin restoranlarından aldığımız məlumat isə bizi sadəcə təəccübləndirdi

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Çində koronavirusun yayılması ilə əlaqədar olaraq bu gün bir çox ölkələr Çinlə əlaqələrini müvəqqəti olaraq dayandırıb. Artıq Azərbaycanda da koronavirusa qarşı müəyyən qabaqlayıcı addımlar atılıb. Bu gün Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib. 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə APA-ya açıqlamasında Çin restoranlarına getməyi müvəqqəti olaraq dayandırmağın labüdlüyünü vurğulayıb:

"İnsanlar bir müddət Çin qidalarından istifadə etməsinlər. Koronavirus xəstəliyi lokalizasiya olunana, geniş araşdırmalar aparılana qədər bu restoranlara getmək məsləhət deyil. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təhlükənin olmaması barədə məlumat veriləndən sonra insanlar rahat şəkildə bu restoranların xidmətlərindən istifadə edə bilərlər".

Maraqlıdır, belə olan şəraitdə ölkədə fəaliyyət göstərən Çin restoranlarının durumu necədir?

Bununla bağlı olaraq Sputnik Azərbaycan kiçik bir sorğu keçirib. "Wall of China"dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, onlar Çindən heç bir məhsul gətirmirlər: "Yeməklər Çin üsulu ilə bişirilsə də, bizə Çindən heç nə gətirilmir. Ət Çində də var, burada da var. Eyni ilə digər məhsullar da. Bizdə, demək olar ki, ət məhsulları satılır. Toyuq, mal, quzu əti, krevetka, kalmardan müxtəlif məhsullar satılır. Krevetka ilə kalmar bizə Azərbaycana ən yaxın ölkələrdən gətirilir. Ümumiyyətlə, Çindən mal gətirmək heç bizə sərf eləməz axı".

"Menyumuzun qiymətləri 5-78 manat arasındadır. Müştərilər öz istəklərinə uyğun olaraq məhsul tapa bilərlər. 78 manata isə bütöv ördəkdir. Bu xörək də Pekin mətbəxinə uyğun olaraq, Çin üsulunda bişirilir", - deyə restorandan verilən məlumatda bildirilib.

"Hong Kong Çin Restoranı"ndan aldığımız məlumata görə, onlar müvəqqəti olaraq fəaliyyətlərini dayandırıblar. Restorandan bunun təmirlə əlaqədar olduğu bildirilib: "Ehtimal ki, təmirdən sonra fəaliyyətimiz davam edəcək. Amma restoran niyə bağlanıb, necə bağlanıb, bu kimi məlumatları mən verə bilməyəcəyəm".

"Jasmin Çin restoranı"ndan isə bildirilib ki, öncəki aylarla müqayisədə müştərilərin sayında azalmalar var: "Bizim həm yerli, həm də əcnəbi müştərilərimiz var. Lakin son bir ayda müştərilərimizin sayı azalıb".

"Bizim məhsullarımız da nisbətən yaxın ölkələrdən, şəhərlərdən gətirilir. Amma bu günədək heç vaxt Çindən məhsul gətirməmişik", - deyə verilən məlumatda bildirilib.

Restorandan verilən məlumatda qiymətlərdə heç bir dəyişikliyin olmadığı vurğulanıb.

878
Əlaqədar
Xəstəxanalarda koronavirusa görə xüsusi palatalar hazırlanacaq
Aman Allah, hamımız öləcəyik? Alimlər virusla bağlı dəhşətli proqnoz verdilər
Koronavirus Azərbaycana bir addım da yaxınlaşdı: bu dəfə Gürcüstanda
Qonşuda qapılar çinlilərin üzünə bağlandı
Dəhşətli virus addım-addım yaxınlaşır - Artıq Kiyevdədir
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

4
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

4
Marixuana nümunələri, arxiv şəkli

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

1
(Yenilənib 21:22 27.05.2020)
Rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

BAKI, 27 may — Sputnik. “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1