CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Körpüqıran, yoxsa Körpüquran – Onlar dağıdan yox, yaradan olmaq istəyirlər

© Sputnik / Irade JELILKənd, arxiv şəkli
Kənd, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İndi o kənddə nə arx var, nə də körpü. Amma adı dəfələrlə dəyişmiş kəndin adı yerli sakinlərdə xoş ovqat yaratmır

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Bir çox yaşayış məntəqələrinin adı kimi Bərdənin Körpüqıran kəndinin adı da sonradan dəyişdirilərək Körpüsındıran adlandırılıb. Amma nə hikmətdirsə, nə birinci, nə də ikinci ad yerli sakinlərin xoşuna gəlmir.

Körpüqıranla Körpüsındıranın elə də fərqli olmadığını düşünərək ad barədə yerli sakinlərin fikrini öyrənmək istədik. Kənd bələdiyyəsinin sədri Vidadi Əsədov kəndin adı barədə deyilənləri Sputnik Azərbaycan-a bölüşüb.

“Körpüsındıran kəndinin məskunlaşma tarixi 1850-ci illərə gedib çıxır. Kəndlə Tərtər rayonunun Hacallı kəndi arasında böyük bir arx varmış. Arxı keçmək üçün palıd ağacından yonulmuş taxta qoyaraq körpü kimi istifadə edirmişlər. Uzun müddət istifadə olunan körpü çürüdüyündən sınıb. Ondan sonra kəndin adı körpüsü sınıq, körpüsü qırıq qalıb. Adamlar bu kənddən keçib Tərtərin kəndlərinə yetişəndə “haradan gəlirsiniz” sualına “körpüsü qırıq kənddən” cavabı verirlərmiş. Beləliklə kəndin adı Körpüqıran qalıb. İndi kənddə nə həmin arx, nə də körpü var Tədricən toponimə çevrildiyindən kəndin adına hal-hazırda  Körpüsındıran deyilir” – deyə ixtisasca coğrafiya müəllimi olan V. Əsədov bildirib.

© Sputnik / Musa MuradliBərdənin Körpüqıran kəndinin adı sonradan dəyişdirilərək Körpüsındıran adlandırılıb
Körpüqıran, yoxsa Körpüquran – Onlar dağıdan yox, yaradan olmaq istəyirlər - Sputnik Azərbaycan
Bərdənin Körpüqıran kəndinin adı sonradan dəyişdirilərək Körpüsındıran adlandırılıb

Həmsöhbətimiz kənddən keçən arxın tarixinə də aydınlıq gətirib: “Bizim bildiyimizə görə, vaxtilə Bərdənin Boyəhmədli kəndində Mamoy adlı imkanlı bir nəfər olub. O, Boyəhmədli kəndinə Tərtər çayından su aparmaq üçün arx çəkmək qərarına gəlib. Tərtər çayından su götürmək üçün ən münasib yer bizim kəndin yanı olub. Mamoy bəyin hesablamalarına görə, arxın bu nöqtədən başlaması suyu Boyəhmədliyə qədər çatdıra bilərdi. İşçi, usta tutub nazik arx qazdırıb. Amma arxın axma meylliliyi yüksək olduğundan, sonralar su torpağı yumaqla, məcrasını genişləndirib”.

Kəndin adı müəyyən dövrlərdə gah Körpüqıran, gah da Körpüsındıran adlandırılıb. Kəndə gələn əhali də ayrı-ayrı bölgələrdəndir.

“1950-ci illərdə kənd sakinlərinə verilən pasportlarda ünvan Körpüqıran yazılırmış. 1970-ci ildən isə kəndin adı dəyişdirilərək Körpüsındıran ediblər. Kənd sakinləri yerlidən, Şuşadan gəlmiş zarıstlılardan (Zarıstlı kəndinin adına uyğun belə adlanırlar) və Cənubi Azərbaycandan gələnlərdən ibarətdir. Türkmənçay müqaviləsindən sonra yollar bağlandığından, bu tərəfdə olanlar geri qayıda bilməyiblər. Bir çox ailə əvvəlcə Ağcabədi rayonunun Sarıcalı kəndində, sonra isə Bərdənin Körpüsındıran kəndində gəlib, burada yaşamalı olublar. Bu ailələrdən biri də mənim kökümdür. Stalin dövründə onlar repressiya qurbanı olublar. Hökumət adamları gəlib soruşublar ki, İrana getmək istəyirsinizmi? Bəziləri yox desələr də babamgil getmək istədiklərini bildiriblər. İrana köçürmək adı ilə onları yük vaqonlarına mindirərək aparıb, Qazaxıstanın boz çöllərinə töküblər. Orada bir müddət yaşayan babam hələ Stalinin sağlığında ikən qaçaq kimi yenidən kəndimizə qayıdıb. Körpüsındıranda bir nəsil də var ki, onlarında əsli, kökü Laçın rayonunun Qızılca kəndinə gedib çıxır. İndi kənddə bizim nəsildən olanlara iranlılar, Laçın və Şuşadan gələnlərə kürdlər, qalanlara da qarabağlılar deyirlər” – bələdiyyə sədri tarixə səyahət edir.

© Sputnik / Musa Muradli1950-ci illərdə kənd sakinlərinə verilən pasportlarda ünvan Körpüqıran yazılırmış
Körpüqıran, yoxsa Körpüquran – Onlar dağıdan yox, yaradan olmaq istəyirlər - Sputnik Azərbaycan
1950-ci illərdə kənd sakinlərinə verilən pasportlarda ünvan Körpüqıran yazılırmış

Vidadi Əsədov yaşadığı kəndin adı barədə şəxsi mülahizəsini bölüşərkən qıran, sındıran sözlərinin dağıdıcılıq mənası verdiyini bildirib. Onun sözünə görə, elə çıxır ki, sanki bu kəndin adamları qurucu yox, dağıdıcıdırlar. O, deyir ki, kənd sakinləri də kəndin adının dəyişdirilməsi arzusundadırlar. Onlar kəndin adının daha çox özündə uğuru, quruculuğu əks etdirən Körpüquran, ya da Körpüsalanla əvəz edilməsini istəyirlər.

Xəbər lenti
0