CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qoy işığı söndürüm: Bakı yolları vicdanın ümidinə qalıb

© pixabay / StockSnapYol, arxiv şəkli
Yol, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İnsan həyatı çox önəmlidir və dünyanın heç bir ölkəsində gecə saatlarında küçələrdə işıqlar söndürülmür"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Bakıda müxtəlif ərazilərdə küçələr və yollar işıqlandırılmır. Bəzi yerlərdə işıqlandırma sistemləri ümumiyyətlə yoxdur. Bəzi küçələrdə isə elektrik dirəkləri basdırılsa və sistem olsa da, işıq yoxdur.

Ağaclar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xırdalan qəbiristanlığı sökülür? Bakı-Sumqayıt yolundan REPORTAJ

Məsələn, Hövsan-Zığ yolunda işıq dirəkləri basdırılıb, amma işıq yoxdur. Sakinlər isə deyirlər ki, yolun təmiri tam başa çatmadığı üçün işıqlandırma həyata keçirilmir.

Qaranlıq olanda yolda olan çala-çuxurlar görünmür və bu da qəzalara səbəb olur. Yeni salınan yollarda da eyni problem yaşanır: çalalar olmasa da, qaranlıqda yolu qadağan edilən yerlərdən keçən piyadalardan heç kim sığortalanmayıb.

Xatırladaq ki, yolların işıqlandırılması ilə bağlı ölkə başçısı da ciddi tapşırıqlar verib.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq Prezidentin tapşırığına əsasən çox ciddi işlər görülür.

"Hacıqabul, Kürdəmir ərazisində, piyadaların daha çox vurulduğu yerlərdə işıqlandırılma bərpa edilib. Əvvəllər həmin ərazilərdə işıq dirəkləri olub. Bir müddət işlədikdən sonra həmin dirəklər 5-6 il idi ki, fəaliyyətsiz idi", - deyən ekspert bildirib ki, respublika əhəmiyyətli yollarda və Bakının bir çox ərazilərində bu proses sürətlə həyata keçirilməlidir.

Ekspert vurğulayıb ki, Bakı mərkəz olmasına baxmayaraq, burada da müəyyən problemlər var.

"Bəzi küçələrdə işıqlandırma saat 00.00-a kimi davam etdirilir. Sonra söndürülür. Bu, çox neqativ bir mənzərə yaradır. Kimsə buna maliyyə məsələlərini səbəb göstərə bilər. Amma insan həyatı çox önəmlidir və dünyanın heç bir ölkəsində gecə saatlarında küçələrdə işıqlar söndürülmür", - deyən ekspert hesab edir ki, bu məsələyə ciddi yanaşılmalıdır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda yolların işıqlandırılması məsələsi uzun illərdir ki, öz həllini tapmır. Aidiyyəti qurumlar bu məsələyə olduqca laqeyd yanaşır.

Ekspert qeyd edir ki, Bakı şəhərində bu problem bu gün də qalmaqdadır.

"Bu o qədər qlobal məsələyə çevrilib ki, müvafiq qurumlar hətta Bakı şəhərində bu problemi həll edə bilmirlər. Bakı şəhərinin küçə və yolları olduqca qaranlıqdır", - deyən ekspert vurğulayıb ki, qəzaların baş vermə səbəblərindən ən əsası da küçələrin qaranlıq olmasıdır.

İşıqlandırma olmadığı üçün küçələrdə piyada və sürücülər arasında təmas yaranmır: "Sürücülər yolu, yolda olan çala-çuxuru, adamları görmürlər. Və sonda bütün bunlar qəza ilə nəticələnir. Bu hadisələr zamanı isə ölüm halları və ağır xəsarətlər baş verir".

Hövsan –Zığ yolu - Sputnik Azərbaycan
On minlərlə insanın həsrətlə gözlədikləri yolun bəxti nə vaxt açılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yolların işıqlandırılması birbaşa qurumun səlahiyyətində deyil: "Küçələrin işıqlandırılması, səkilərin müəyyənləşdirilməsi birbaşa yerli icra strukturlarının sərəncamındadır. Yerli icra qurumu gözləməməlidir ki, küçədə 1 ilə, 10 ilə təmir, yenidənqurma işi aparılacaq və bu zaman işıqlandırılma işləri görüləcək. AAYDA olaraq biz küçələrin bərpası, yenidən qurulması və təmiri ilə məşğuluq. Küçələr bizim tərəfimizdən sadəcə təmir edilir. Düzdür, biz də küçələrin işıqlandırılmasının tərəfdarıyıq, buna çalışırıq da. Ancaq yolların təmir edildikdən sonra işıqlandırma sisteminin olmamasına AAYDA cavabdeh deyil".

A.Nəcəfli vurğulayıb ki, bu işlə icra qurumları məşğul olmalıdır.

Hövsan-Zığ yolundakı işıq problemi ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Xəbər lenti
0