Mənzil alıcısı, arxiv şəkli

Hamısı yalan imiş - qiymətlərdən şoka düşən kirayə mənzil alıcılarına Fonddan məsləhət

1246
(Yenilənib 14:17 21.01.2020)
"Satışın dəqiq olaraq sabah saat neçədə başlayacağı bəlli deyil. Bunun üçün mənzil almaq iddiasında olan şəxslər gün ərzində yayımlanan məlumatları izləməli olacaqlar" - İpoteka və Kredit Zəmanət Fondu

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Sabahdan etibarən sosial layihələrdən biri olan kirayə evlərin elektron müraciətlə satışına başlanılacaq. Qeydiyyata bir gündən də az vaxt qalsa da, hələ də kirayə evlərlə bağlı bəzi suallar qaranlıq qalıb. Ev almaq istəyənləri daha çox maraqlandıran suallar bu evlər üçün elektron müraciətin saat neçədə başlanması və kvadrata görə qiymətlərlə bağlıdır.

Sputnik Azərbaycan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə əlaqə saxlayıb. Fonddan qiymətlərlə bağlı yayılan məlumatlara münasibət bildirilib:

"Kirayə mənzillərin qiyməti, kvadratlara görə qiymətlərlə bağlı hansısa məlumat qeydə alınmayıb. Bu məlumatlar fond tərəfindən təqdim olunmalıdır, bu səbəbdən deyə bilərik ki, kirayə evlərin kvadraturası ilə bağlı açıqlanan rəqəmlər yanlışdır".

"Bu mənzillərə sahib olmaq üçün öncə elektron müraciət daxil olmalı, daha sonra həmin şəxslərin gəlirləri araşdırılmalı, bu gəlirlərdən minimum və maksimum xərclər çıxılmalıdır. Yerdə qalan xalis gəlir mənzil əldə etmək hüququ verirsə, bu zaman həmin şəxsə seçim imkanı verilir. Bundan sonra isə gəlirlərin əsasında hansı mənzilləri seçmə imkanı müəyyənləşir", - deyə fondun məlumatında bildirilib.

“Qobu Park-2” yaşayış kompleksi
© Official website of President of Azerbaijan Republic

Satışın hansı saatda başlanacağı ilə bağlı isə fonddan belə deyilib: "Satışın dəqiq olaraq sabah saat neçədə başlayacağı bəlli deyil. Bunun üçün mənzil almaq iddiasında olan şəxslər gün ərzində yayımlanan məlumatları izləməli olacaqlar. Seçimlər isə növbəlilik prinsipinə uyğun həyata keçiriləcək".

Yəni sıralama üzrə daha tez müraciət edən və seçimi təsdiqlənən 329 şəxs mənzil sahibi ola biləcək. Müraciətin hansı saatda başlanacağı ilə bağlı məlumat bu günün sonunadək açıqlanacaq.

Bundan başqa, ərazidən asılı olaraq qiymətlərin dəyişib-dəyişməyəcəyi məsələsinə də aydınlıq gətirilməyib. Bunun da qiymətlər açıqlanadıqdan sonra bəlli olacağı bildirilib.
Fonddan həmçinin o da vurğulanıb ki, adına ev olan şəxsin kredit götürmə imkanı varsa, onun seçimi dəyərləndiriləcək. Müraciət zamanı şəxs eyni zamanda həyat yoldaşının da gəlirlərinin hesablanmasını istəyirsə, bu zaman ona görə də əlavə qeydiyyat tələb olunacaq: “Həmin şəxs eyni qaydada tələblərə cavab verərək ASAN İMZA, yaxud da Elektron imza əldə etməlidir. Bu zaman həmin şəxs müraciətçi olacaq və dəstəkçi kimi kod əldə edəcək. Bundan sonra isə hər iki şəxsin müraciətləri birləşəcək”.
Sual doğuran digər məqamlardan biri isə növbəti satış üçün yenidən müraciət edib-etməmək haqdadır. Maraqlıdır, şəxslərin məlumatları bazada qalaraq növbəti seçim mərhələsində avtomatik olaraq nəzərə alınacaq, yoxsa bunun üçün yenidən müraciətə ehtiyac olacaq? Fondun məlumatına görə, növbəti satış üçün yenidən müraciət etmək tələb olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin siyahısını açıqlayıb. Fondun məlumatına görə, bu mənzillərin 208-i Bakı şəhərinin Nizami rayonu M.Abbasov küçəsində ("Neftçilər" və "Qara Qarayev" metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Xatırladaq ki, dünən bir çox saytlarda kirayə evlərin kvadraturasına görə qiymətlər barədə məlumatlar yayılmışdı. Məlumatlarda həmin evlərin 1 kv.m-nə görə qiymətinin 1850 manat olduğu bildirilirdi. Bu isə ev sahibi olmaq istəyənlərin ümidlərini, yumşaq desək, qırdı.

1246
Əlaqədar
Bakıda dodaq uçuqladan layihə - Gözləntilər yenə özünü doğrultmadı
"Sovetski"də söküntü işləri dayandırılıdı - Sakinlər İcra Hakimiyyətinə dəvət edildilər
Bundan sonra daşı-daş üstə qoya bilməyəcəklər
"Vətəndaşlar bilməlidirlər ki, əmlak sığortalanmalıdır" – Prezidentdən tapşırıq
Sənədsiz evlər problemi yaranıb - O kağız olmasa, hüququnuz da olmayacaq