Ev qapısında açar, arxiv şəkli

Bakıda dodaq uçuqladan layihə - Gözləntilər yenə özünü doğrultmadı

974
(Yenilənib 10:52 21.01.2020)
Mənzillərin ilkin ödənişlə, lakin faizsiz satışa çıxarılacağı deyilmişdi. Lakin qiymətlərə nəzər yetirdikdə biz bu evlərin adi ipoteka şərtləri ilə satılan mənzillərdən daha baha başa gəldiyini söyləyə bilərik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, böyük əksəriyyəti gənc ailələr olmaqla bir çoxlarının səbrsizliklə gözlədiyi kirayə evlərlə bağlı qaranlıq qalan bəzi suallara aydınlıq gətirilib. Yanvarın 22-dən etibarən bu mənzillərin satışa çıxarılacağı açıqlandı, lakin qiymətlərlə bağlı əsas gözləntilər özünü doğrultmadı.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu kirayə evlərin siyahısını açıqlayıb. Fondun məlumatına görə, bu mənzillərin 208-i Bakı şəhərinin Nizami rayonu M.Abbasov küçəsində ("Neftçilər" və "Qara Qarayev" metrostansiyaları ətrafında), 40-ı Bakı şəhəri Xətai rayonu, Gəncə prospektində, 58-i Abşeron rayonu, Xırdalan şəhəri 21-ci məhəllədə, 25-i isə Sumqayıt şəhəri Sülh küçəsində yerləşir.

Saydan əlavə təəssüf doğuran digər məqam isə bu mənzillərin qiymətinin Bakının müxtəlif ərazilərindən, Xırdalan və Sumqayıt şəhəri olmasından asılı olmayaraq eynilik təşkil etməsidir. Fed.az-ın məlumatına görə, kirayə evlər layihəsi üçün satışa çıxarılan mənzillərin bir kvadratmetrinin qiyməti 1 850 manat ətrafında dəyişir. Yəni, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Bu isə o deməkdir ki, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.

Kirayə mənzillərin satışında kredit tarixçəsi baryeri – Qurunun oduna yaş da yanır

Elə həmin ərazidə sahəsi 86.4 kvadratmetr olan mənzilin qiyməti 159.1 min manatdır, yəni kvadratmetri 1 841 manat təşkil edir. Belə mənzili almaq üçün aylıq ödəniş 530 manat, ilkin ödəniş 6 364 manat təşkil edir.

102.6 kvadratmetrlik mənzilin qiyməti isə 188.9 min manatdır. Bu mənzili 300 aylığa almaq üçün aylıq ödəniş 630 manat, ilkin (yəni 12 aylıq) ödəniş 7 557 manatdır. Sahəsi 111.3 kvadratmetr olan mənzilin qiyməti isə 204 954 manat təşkil edir. Aylıq ödənişi 683 manat, ilkin ödəniş 8 198 manatdır. Xırdalan şəhərindəki mənzillərin qiyməti də bu həddədir. Belə ki, Xırdalanda sahəsi 68.3 kvadratmetr olan 1 otaqlı mənzilin qiyməti 127.3 min manatdır. Bu mənzilin kvadratmetri 1 863 manat təşkil edir.

Bu mənzillərin ilkin ödənişlə, lakin faizsiz satışa çıxarılacağı deyilmişdi. Lakin qiymətlərə nəzər yetirdikdə biz bu evlərin adi ipoteka şərtləri ilə satılan mənzillərdən daha baha başa gəldiyini söyləyə bilərik.

Maraqlıdır, qiymətlərin bu qədər yüksək olması nə ilə əlaqədardır?

Bu sual ətrafında və müəyyən çatışmazlıqlar haqda Sputnik Azərbaycan-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, kirayə evlərlə bağlı bu layihəyə tələbat yüksək olsa da, təklif, yəni mənzillərin sayının az olması heç də müsbət olmayan bir tendensiyadır: "Kirayə evlər layihəsi ilə mənzil sahibi olmaq istəyənlər var idi. Lakin bu gözləntilər özünü doğrultmadı. Bu səbəbdən də bu layihəni sosial layihə kimi dəyərləndirmək olmaz. Bundan başqa, qiymətlərin yüksək olması da mənfi tendensiyalardan biridir".

"Şəhərin mərkəzi və nisbətən kənar yerlərdə, məsələn Xırdalanda mənzillərin qiyməti eynidir. Bu da xoş olmayan bir tendensiyadır. Əslində bu mənzillərin faizsiz olduğu söylənilirdi. Lakin qiymətlərin yüksək olması bu fikirləri də alt-üst edib. Görünən budur ki, standart qiymətlər müəyyənləşdirilsə də, faiz öncədən bu qiymətlərin üzərinə hesablanıb. Sadəcə olaraq faizsiz kirayə evlər deyərək bunu bir söz oyununa çeviriblər", - deyə o əlavə edib.

O belə mənzillərin sayının az olma səbəbindən də danışıb: "Sayı açıqlanan mənzillər dövlətin əlində olanlardır. Bu səbəbdən də belə mənzillərin sayının növbəti illərdə çox artacağını proqnozlaşdırmaq mümkün deyil. Düşünürəm ki, Bakıdakı sıxlığı aradan qaldırmaq, şəhərin yükünün azaldılması üçün regionlar daha cəlbedici hala gətirilməli, iqtisadi və sosial inkişafı gücləndirilməlidir. Belə olan halda qiymətlərdə də biz müəyyən fərqi görə bilərdik".

"Fürsətlərin Bakıda cəmlənməsi və bir sıra demoqrafik problemlərlə əlaqədar olaraq Bakıda mənzilə tələbat yüksəkdir. Evə daha çox tələbatlı təbəqələrdən biri olan gənc ailələrin çoxu da bu gün ya valideyn evində qalır, ya da ki, kirayədə yaşayırlar", - deyə o əlavə edib.

Ekspert risk doğuran məsələdən də söz açıb: "Bu müqavilələr uzunmüddətli bağlandığından fors-major situasiyalarda qiymətlərin yenidən artma riski var. Yəni manat dəyərdən düşsə, devalvasiya olsa, qiymətlərin qalxma ehtimalı var. Qiymətlər fiksasiya olunmayıb".

Lakin kirayə evlərin sayının məhdud olması, tələbatın isə yüksək olması bu evlər üçün alıcılıq qabiliyyətinə mənfi təsir etməyəcək, - deyə N.Cəfərli proqnoz verir.

Bir çox ölkələrin sosial mənzillərlə bağlı hazırladıqları layihələrin icra mexanizmi və digər detallar bir-birindən fərqlidir. Təkcə qonşu Türkiyədə bu cür layihələrlə bağlı təklif olunan qiymətə nəzər yetirək. Hazırda Azərbaycanla yanaşı Türkiyədə də sosial mənzillərə müraciət başlayıb. Azərbaycandan fərqli olaraq artıq bir neçə gün öncə satış üçün qeydiyyatı başlanan mənzillərin sayı 100 mindən artıqdır. Amma məsələnin maraqlı tərəfi təkcə bu deyil. Diqqətçəkici məqamlardan biri budur ki, sosial mənzillər üçün nəzərdə tutulan TOKİ layihəsi yalnız Ankara və İstanbulda deyil, eyni zamanda 24 şəhərdə reallaşdırılır. Yəni burada məqsəd əsas şəhərlərin yükünün azaldılmasıdır. Bundan başqa, Türkiyədə yaşam xərci baha hesab edilsə də, qiymətlər kifayət qədər aşağıdır. Belə ki, bu layihə üçün ümumi sahəsi 75 və 85 kvadratmetr arasında dəyişən 2+1 mənzillərin aylıq qiyməti 259 manatdır. 20 illik ipoteka üçün ilkin ödəniş isə 10 faiz tələb olunur. Sahəsi 100 kvadratmetr olan 3+1 mənzil sayına görə isə aylıq ödəniş 290 manatdır.

Sosial ev almaq istəyən vətəndaşlar bu məqamlara diqqət etməlidirlər

Ümumilikdə isə Türkiyədə təkcə sosial layihələrə daxil olmayan, adi şərtlərlə satılan 4 otaqlı mənzillərin qiyməti 80 minlə 115 min manat civarındadır.

Bu gedişlə bizdən mənzil sahibi olmaq istəyənlərə, gözləməli olacaqsınız, demək qalır.

974