Əmizlik və pul, arxiv şəkli

"Qonşudan qalma geri" prinsipi bu dəfə tətbiq ediləcəkmi?

654
(Yenilənib 13:48 20.01.2020)
Azərbaycanda demoqrafik sabitlik hökm sürür, əhalinin sabit artım tempi davam edir. 2003-cü ildən əhalinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində analıq müavinəti proqramının 31 dekabr 2026-cı ilə qədər uzadılması barədə göstəriş verdiyini bildirib.

Sputnik Azərbaycan-ın "Kommersant" qəzetinə istinadən məlumatına görə, birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN) pul alacaqlar. İkinci uşaq üçün isə müavinət 150 min rubl (4100 AZN) artırılacaq. İki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq və indeksləşdiriləcək. Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti verəcək. Qeyd edək ki, ikinci və üçüncü uşağın doğuşunda və ya övladlığa götürülməsində ailələrə dövlət dəstəyi 2007-ci ilin yanvar ayından verilməyə başlanıb.

Ekspertlər Azərbaycanda da çoxuşaqlı ailələrin azalmasının qarşısını almaq, ən azından üç uşaqlı ailələrin sayının artırılması üçün stimullaşdırıcı tədbirlərə ehtiyac olduğunu söyləyirlər. Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2018-ci ildə ölkədə 138 min 982 uşaq dünyaya gəlib ki, bu da 2005-ci illə (141 min 901 uşaq) müqayisədə azdır. 2011-2014-cü illər ərzində doğulan uşaqların sayı 170 mindən az olmasa da, 2015-ci ildən başlayaraq, bu say getdikcə azalmağa başlayıb. Ölkə əhalisinin sayının 2005-ci illə müqayisədə 2018-ci ildə xeyli artdığını da nəzərə alsaq, yeni doğulan uşaqların sayının ciddi şəkildə azaldığını görə bilərik. Dövlət Statistika Komitəsindən bildirilir ki, 2019-cu ilin 1-10 oktyabrında aparılan əhalinin siyahıyaalınması ilə bağlı nəticələr hazır deyil. Ailədə uşaqların sayı ilə bağlı siyahıyaalınmanın nəticələri 2021-ci ildə açıqlanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, bu gün bir çox ölkələrdə doğulanların sayının ildən-ilə azalması, doğulanların sayının ölənlərin sayından bəzən dəfələrlə az olması səbəbindən əhalinin kəskin azalma tempi mövcuddur: "Ona görə də həmin ölkələrdə əhalinin sayının kəskin azalmasından irəli gələn demoqrafik krizisin qarşısını almaq üçün stimullaşdırıcı tədbirlər, o cümlədən doğumun stimullaşdırılmasına yönəlik maddi təminatlar həyata keçirilir. Azərbaycanda isə demoqrafik sabitlik hökm sürür, əhalinin sabit artım tempi davam edir. Yalnız onu qeyd etmək kifayətdir ki, 2003-cü ilin əvvəlindən ötən dövrdə ölkəmizin əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artaraq ötən il artıq 10 milyonu ötüb. Azərbaycanda hər il doğulanların sayı da ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu da davam edir və daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən də çoxdur. Bununla bərabər, onu da qeyd edim ki, ötən il ölkəmizdə uşağın doğulmasına görə verilən birdəfəlik müavinətin məbləği də iki dəfəyə yaxın artırılaraq 200 manata çatdırılıb. 

Hazırda müxtəlif kateqoriyalardan olan 600 minə yaxın uşaq da (sağlamlıq imkanları məhdud uşaqlar, ailə başçısını itirmiş uşaqlar, beşdən çox uşağı olan qadınların uşaqları, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin uşaqları, müddətli həqiqi hərbi xidmət qulluqçularının, şəhid ailələrinin, müharibə səbəbi ilə əlaqədar əlilliyi olanların və onlara bərabər tutulanların uşaqları və b.) dövlətin aylıq sosial ödənişləri ilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlar günərzi qayğı və icma əsaslı reabilitasiya, surdoloji, psixoloji yardımlar və s. ilə təmin olunur. Qeyd olunanları ümumiləşdirməklə, diqqətimizə çatdırım ki, bu gün əhalinin sabit artım tempinin mövcud olduğu Azərbaycanda bu səbəbdən maliyyə resursları daha çox vətəndaş rifahının yüksədilməsinə, insan kapitalının inkişafına, uşaqların fiziki və mənəvi inkişafına, əhalinin sağlamlığının mühafizəsinə yönəldilməsi prioritet təşkil edir".

Deputat Vahid Əhmədov isə deyir ki, bu məsələ gündəmdədir: "Uşaqlara müavinətlərin verilməsi vacibdir. Azərbaycanda çoxuşaqlı ailələr olsa belə, o ailələrdə uşaqların sağlam böyüməsi üçün müavinətlərin verilməsi yaxşı olardı. Mən hesab edirəm ki, ən azından uşaqlar üçün uşaq pulu bərpa olunmalıdır. Çünki Azərbaycanın Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlara qayğı ilə yanaşırlar. Bu istiqamətdə çox iş görüblər. Mən inanıram ki, bu davamlı olacaq".

654