Gəncədə “Maarif evi”

Ana, çayxanaya gedirəm, adam olmağa... - FOTO

800
(Yenilənib 19:41 15.01.2020)
"Şəhərin hər addımını çay evləri götürüb. Gənclərin toplaşıb maariflənəcəyi, pis vərdişlərdən uzaq dura biləcəyi məkanlar, demək olar, yoxdur" - İmamverdi Vəliyev

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Gəncədə iki dost əksəriyyətin “hər şeyi pul həll edir” düşüncəsində olduğu zamanda çoxlarını təəccübləndirəcək addım atıb.

Onlar şəhərin mərkəzində fəaliyyət göstərən çay evlərindən birini sahibinin razılığı ilə "Maarif evi"nə çeviriblər. Bununla da qısa zaman ərzində xeyli gəncin maariflənməsinə və yeni biliklər əldə etməsinə nail olublar.

"Maarif evi"nin təsisçilərindən biri olan İmamverdi Vəliyev Sputnik Azərbaycan-a şəhərdə hər addımda çay evlərinə rast gəlinsə də, gənclərin maariflənə biləcəyi heç bir müəssisənin olmadığını deyib. Bu səbəbdən o, həmkarı Emin Abbasovla birgə tələbələrin rahatlıqla dərslərini hazırlaya, lazım olan ədəbiyyatı tapa biləcəkləri bir məkan yaratmaq qərarına gəldiklərini söyləyib: "Şəhərin hər addımını çay evləri götürüb. Gənclərin toplaşıb maariflənəcəyi, pis vərdişlərdən uzaq dura biləcəyi məkanlar, demək olar, yoxdur. Biz də istədik, onların çayxanalara yox, kitabxanlara marağını artıraq. Dərslərini hazırlayan tələbələr əziyyət çəkməsinlər, istənilən kitabı rahatlıqla əldə etsinlər. "Çay evi"nin sahibinə fikrimizi deyəndə o da razılıqla qarşıladı və heç bir ödəniş istəmədən təşəbbüsümüzə dəstək oldu. Beləcə bu məkanı təsis etdik".

© Sputnik / Ilham Mustafa
Gəncədə “Maarif evi”

İ.Vəliyev "Maarif evi"nə lazım olan ləvazimatların təşkilində dostlarının kömək olduğunu söyləyib.

"Babamın evdə mindən artıq kitabı qalmışdı. O kitablara baxdıqca onlardan nə qədər insanın yararlana biləcəyini fikirləşirdim. “Maarif evi” açılanda gətirdim, buraya yığdım. Dost-tanış istifadə etmədikləri kitablarını bizimlə bölüşdü. Açılış ərəfəsində bir neçə gün ərzində fondumuzda iki min nüsxədən çox kitab toplandı. Dostlardan biri mebellərinə, digəri interyerinə kömək etdi", - deyə gənc bildirib.

Fəaliyyətə başlayandan sonra “Maarif evi”nin əvvəl heç fikirləşmədikləri yöndən inkişaf etdiyini deyən təsisçi hazırda burada rəsm dərnəkləri olduğunu, xarici dillərin, ibtidai sinif şagirdlərinə hazırlıqların keçildiyini və onların hamısının təmənnasız olduğunu danışıb: “Fəaliyyətimizin ilk günlərindən bir gənc müraciət etdi ki, mən təmənnasız olaraq ingilis dili dərsləri keçə bilərəm. Sonra bir tələbə rus dili öyrədə biləcəyini dedi. Biri dedi, tarix dərsləri verərəm. Ondan sonra ibtidai sinif uşaqları var ki, evdə hazırlaşmaq imkanları yoxdur. Onları da ödənişsiz olaraq öyrədən könüllülərimiz oldu. Bundan sonra rəsm kursları təşkil etdik. Beləcə, demək olar, bir çox fənlər üzrə təmənnasız olaraq hazırlıq qrupları yarandı. Maraqlı orasıdır ki, könüllülərimiz özləri də tələbələrdir və onlar üçün bu, iş təcrübəsi olmaqla yanaşı, cəmiyyət üçün də yararlıdır".

  • Gəncədə “Maarif evi”
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə “Maarif evi”
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə “Maarif evi”
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Gəncədə “Maarif evi”

Gəncə “Maarif evi”ndə həmçinin gənc şair və yazıçılar, rəssamlar üçün də qapılar açıqdır. Onlar burada təmənnasız olaraq kitab təqdimatlarını edir, rəsm sərgilərini keçirə bilirlər.

800
Əlaqədar
Yazıçı: "Oxuculara mənimlə tanışlığa ilk kitablarımdan başlamağı məsləhət görməzdim"
Orada bir hüzur var: Göz oxşayan əşyalar, dinclik verən musiqi və çay
Mollanın dediyini elə, elədiyini yox: uşaqlar ölmək üçün üç möhürü necə qırırlar
Öncə uşağın ağlını, sonra sümüklərini və ömrünü alacaq dəhşəti üzdən necə tanımalı
Bərdəli oğrular "Yetim"in bayramını qara gətirdilər