Bankada manat, arxiv şəkli

Hansı hallar sığorta hadisəsi hesab olunur Ödənişlər necə olacaq

1272
(Yenilənib 17:54 14.01.2020)
Ekspert: "Böyük tikililərdə ana xətdə boruların partlaması, yuxarı qonşunun evə su axıtması subasma hesab edilir. Əgər mənzilin içərisindəki su borusu partlayırsa, sığorta şirkətləri sığorta ödənişi verməyə bilər. Çünki bu məsələdə vətəndaşın özü günahkardır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Artıq ölkəmizdə daşınmaz əmlakın icbari sığortası tətbiq edilib. İnsanlar əmlaklarını sığorta etdirsələr də, ortada hələ də açıq qalan, əhalinin bilmədiyi suallar var. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsi baş verən zaman nə dərəcədə sığorta ödənişləri verilir? Hansı hallar nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur?

Qeyd edək ki, daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında" qanunda nəzərdə tutulub. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Sığorta üzrə ekspert İlkin İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, sığorta şirkətləri tərəfindən fiziki şəxslərin daşınmaz əmlaklarında baş verən hadisələrə görə ödənişlər aşağı səviyyədədir: "Bununla bağlı baryerlər var. Burada arayışlar məsələsi mövcuddur. "İcbari sığortalar haqqında" qanunun 17-ci maddəsi "Sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlər" adlanır. Sığorta şirkətləri həmin maddəni əsas tuturlar. Sığorta şirkətləri bir neçə orqandan hadisəni dəqiqləşdirmək üçün arayışlar tələb edirlər. Bununla bağlı sığorta şirkətləri müxtəlif yerlərə çoxlu sorğular verirlər".

"Qanuna görə həmin sorğuların cavabı gəldikdən sonra sığorta şirkəti 7 iş günü müddətində sənədləri toplayıb ya vətəndaşa imtina verməli, ya da sığorta ödənişi ilə bağlı məlumat verməlidir. Amma sığorta şirkətləri bu hissəni o qədər mürəkkəbləşdiriblər ki, bununla bağlı vətəndaşlar aylarla, hətta illərlə gözləyə bilərlər. Bu təcrübə var. Məsələn, müvafiq orqan sorğulara gec cavab verirsə, sığorta şirkəti də deyir ki, cavab hələlik gəlməyib və buna görə də vətəndaşa cavab vermirik. Sığorta ödənişləri ilə bağlı bu sahədə nəzarətedici orqan qaydaları sərtləşdirməli və bununla bağlı sığorta şirkətlərinə göstəriş verməlidir. İş məhkəməyə gedəndə də məsələ illərlə uzana bilər" – deyə o qeyd edib.

Ekspert daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrindən danışarkən deyib ki, daşınmaz əmlakın üçüncü şəxslərin hərəkətləri nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: "Yəni yuxarı qonşudan sizin mənzilinizə hər hansı bir ziyan (subasma və s.) vurulursa, bu, üçüncü şəxslərin hərəkətləridir. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma sığorta hadisəsi hesab olunur".

Şirkətlərin yeni sığorta oyunu - Daha əl atmadıqları variant qalmayıb

O bildirib ki, böyük tikililərdə ana xətdə boruların partlaması, yuxarı qonşunun evə su axıtması subasma hesab edilir: "Əgər mənzilin içərisindəki su borusu partlayırsa, sığorta şirkətləri sığorta ödənişi verməyə bilər. Çünki bu məsələdə vətəndaşın özü günahkardır və burada sığorta ödənişindən söhbət gedə bilməz. Ana xətdə olan borudan evə su daxil olubsa, bu zaman sığorta ödənişi düşür. Amma mənzilin içərisindəki boru partlaması nəticəsində subasma olursa, buna ödəniş düşmür. Əgər elektrik naqillərində qısa qapanma baş verirsə və evdə yanğın olursa, bu zaman sığorta ödənişi verilir. Yuxarı mərtəbədə yaşayanlar bilərəkdən və ya bilməyərəkdən aşağı mərtəbəyə su axıdırsa, sığorta ödənişi verilir".

"Məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı sığorta hadisəsi hesab olunur. Ümumiyyətlə, yanğın ilə bağlı sığorta ödənişinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin istintaq orqanının qərarı lazımdır" – deyə o qeyd edib.

Ekspert bildirib ki, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinin siyahısı var və bu, standart formadadır: "Bu məsələ "İcbari sığortalar haqqında" qanunla tənzimlənir. Bu məsələdə bütün sığorta şirkətinin hamısında sığorta təminatları eynidir. Daşınmaz əmlakın icbari sığortası sosial məhsuldur, heç bir sığorta şirkətinin şəxsi məhsulu deyil. Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta şirkəti sığorta təminatında dəyişiklik edə bilməz. Bu məsələdə 12 sığorta şirkətinin hər biri vətəndaşla eyni müqavilə bağlayır".

Şərtsiz azadolma məbləğindən danışan ekspert bildirib ki, bu, sığortaya daxil olmayan hissədir: "Bakı şəhərində yerləşən daşınmaz əmlaklar (yaşayış sahələri) üçün şərtsiz azadolma məbləği 250 manatdır. Yəni 250 manata qədər baş verən sığorta hadisələrini sığorta şirkəti qarşılamayacaq. Əgər evə 1000 manat ziyan dəyibsə, nəticədə vətəndaşa 750 manat (1000-250=750) sığorta ödənişi veriləcək. Mənzilə 300 manat ziyan dəyibsə, 50 manat ödəniş olacaq. 25 min manat ziyan dəyibsə, 24 min 750 manat ödəniş ediləcək. Digər şəhərlərdə isə şərtsiz azadolma məbləği 150 manatdır".

"Bu sığorta məhsulu vətəndaşlar üçün çox məqbuldur. Vətəndaş illik 30-50 manat pul verməklə 15-25 min manat hər sığorta hadisəsinə görə ödəniş ala bilər. Yəni bir il ərzində istənilən sayda sığorta hadisəsinə görə sığorta ödənişi verilir. Hazırda burada cərimə mexanizmi yoxdur. Protokolun nümunəsini Nazirlər Kabineti təsdiq etməlidir" – deyə ekspert əlavə edib.

Qeyd edək ki, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Mülki Məcəllənin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Mülki Məcəlləyə və Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.

1272