Mənzil açarı, arxiv şəkli

Kirayə mənzillərin satışında kredit tarixçəsi baryeri Qurunun oduna yaş da yanır

2867
(Yenilənib 15:48 08.01.2020)
"Kredit tarixçəsinin qiymətləndirilməsində devalvasiya dövrünün nəzərə alınmasının tərəfdarı deyiləm. Çünki devalvasiyanın baş verməsinin günahkarı vətəndaşlar deyil"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Artıq dövlətin yeni layihəsi olan kirayə mənzillərin satışa çıxarılması prosesinə start verilir. Layihə dörd divar həsrətində olan bir çox ailələrə ev sahibi olmaq şansı verməlidir.

Amma kirayə mənzillərə müraciət şərtləri bu mənzillərə ehtiyacı olan insanlara bir sıra çətinliklər yarada bilər. İqtisadçı Vüqar Bayramov insanlarda ciddi narahatlıq yaradan məqama toxunaraq, kirayə mənzillərin satışında kredit tarxiçəsinin qiymətləndirilməsi ilə bağlı narazılıq olduğunu söyləyib. O bildirib ki, əgər ərizəçinin kredit üzrə 12 aylıq öhdəliyi varsa, 24 ay ərzində 60 gündən çox yubanması yoxdursa, bütövlükdə kredit götürdüyü müddətdə 90 gündən çox gecikməsi mövcud deyilsə, müraciət müsbət qiymətləndirilir. Ekspert bu yanaşmanın düzgün olmadığı qənaətindədir. V.Bayramov deyir ki, müraciətlərin kredit tarxiçəsinə görə qruplaşdırılması meyarına dəyişikliklər edilməlidir. İqtisadçı bunu belə əsaslandırıb: "2015-ci ildə baş verən devalvasiyadan sonra vətəndaşlarımızın çoxunun kredit ödəməsində problemlər yaranıb. Xüsusilə, xarici valyutada götürülən kreditlərin manat ifadəsində öhdəliklərinin artması əsas problem idi. Elə bu səbəbdən də Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlər tətbiq olundu. Məhz bu sosial fərmanın verilməsindən sonra, xüsusən də sosial layihələrdə kredit tarxiçəsinin nəzərə alınması arzuolunan deyil. Çünki tədqiqatlar göstərir ki, kredit tarixçəsinin mənfiləşməsi əksər hallarda vətəndaşın özündən asılı olmayan, xüsusən də manatın məzənnəsinin xarici valyutaya nisbətən aşağı düşməsi nəticəsində baş verib. O baxımdan biz müraciətlərin kredit tarixçəsinə görə qruplaşdırılmasının tərəfdarı deyilik. Hesab edirik ki, qeyd olunan günlərin dəyişdirilməsinə ehtiyac var. Məsələn, qaydalara görə, əgər ərizəçinin 12 ay ərzində 90 gündən çox yubanması varsa, bu, mənfi qiymətləndirilir. Yaxşı olar ki, kredit tarixçəsi belə qısa müddətə müəyyənləşdirilməsin. Çünki şərtlərə görə, qənaətbəxş o müraciətçilərdir ki, onların kredit tarixçəsi yoxdur. Eyni zamanda, müsbət və ya mənfi kredit tarixçəsinə aid deyillər. O vətəndaşlarımızın kredit tarixçəsi mənfidir ki, onların son 12 ayda 90 gündən çox yubanması mövcuddur. Bütün bunları nəzərə alaraq, gələcəkdə çətinliklərin yaşanmaması üçün təklif edirik ki, şərtlərdə dəyişiklik edilsin".

Ekspert kirayə mənzilə sahiblənmək qaydalarını açıqladı – SİYAHI

Bankçılıq üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə mənzillər sosial layihədir. Ona görə də, ehtiyacı olan vətəndaşlara maksimum bu layihədən yararlanmağa imkan yaratmaq lazımdır. Bununla belə ekspert kredit tarixçəsi məsələsində müəyyən məqamlara aydınlıq gətirməyin vacib olduğunu söyləyir. Onun sözlərinə görə, kredit tarixçəsi məsələsi kirayə mənzillərin satışında nəzərə alınmalıdır: "Kirayə mənzillər də aylıq ödənişlə satılacaq. Həmin mənzillər elə şəxslərə satılmalıdır ki, həmin vətəndaşların mənzilə ehtiyacı olmaqla yanaşı, ödəmə qabiliyyəti də olsun. Bu gün xeyli sayda insanlar var ki, kirayədə qalırlar. Hər ayda ev haqqını vaxtlı-vaxtında ödəyirlər. Belə insanlara kirayə mənzilləri satın almaq sərf edir ki, sonda ödədikləri məbləğ hədər getməsin. Amma elə şəxslər də var ki, kirayə haqqını ödəməkdə məsuliyyətsizdirlər. Ona görə kredit tarixçəsinin qiymətləndirilməsi vacib məqamdır. Amma mən də kredit tarixçəsinin qiymətləndirilməsində devalvasiya dövrünün nəzərə alınmasının tərəfdarı deyiləm. Çünki devalvasiyanın baş verməsinin günahkarı vətəndaşlar deyil. Elə şəxslər var ki, nümunəvi kredit ödəyiciləridir. Onlar krediti xarici valyuta ilə götürdüklərindən devalvasiya dövründə ikiqat ödəmək məcburiyyətində qalıblar. Belə şəxslərin kredit tarixçəsi mütləq kirayə mənzillərə müraciətdə nəzərə alınmalıdır. Fikrimcə, devalvasiya dövründə həmin şəxslər xarici valyuta ilə götürdükləri krediti, devalvasiyadan əvvəlki dövrün məzənnəsi ilə ödəyiblərsə, onlara heç bir problem yaradılmamalıdır. Çünki bu qəbildən olan şəxslər öz məsuliyyətlərini dərk edərək aylıq ödənişlərini əvvəlki qaydada ediblər. 

Prezidentin təşəbbüsü ilə 2019-cu il fevralın 28-də problemli kreditlərə güzəştlərin tətbiq olunması da göstərdi ki, devalvasiya dövründə kredit ödənişinin məzənnəyə uyğun ödənilməməsi vətəndaşların problemi olmayıb. Düşünürəm ki, onları mütləq kirayə mənzil satışında nəzərə almaq lazımdır. Amma təbii ki, devalvasiya dövründə krediti keçmiş məzənnə ilə ödəməkdən belə imtina edənlər olub. Loru dildə desək, devalvasiyanı bəhanə edib kreditini keçmiş məzənnə ilə ödəməkdən imtina edənlərin kredit tarixçəsi mənfi olanların siyahısına salınması normaldır".

Ona görə də, Ə.Həsənov kirayə mənzillərin satışı zamanı kredit tarixçəsinin qiymətləndirilməsi meyarlarında dəyişiklik edilməsinin vacib olduğunu söyləyir. Həmsöhbətimiz bildirir ki, kredit tarixçəsinin qiymətləndirilməsində manatla kredit götürənlərə güzəştlərin olmasına ehtiyac yoxdur.

2867
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

47
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

47
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

4
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

4
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0