CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir

© Sputnik / Musa MuradliKələntərli kəndində su dəyirmanı
Kələntərli kəndində su dəyirmanı - Sputnik Azərbaycan
Abunə olmaq
İsmayıl Əliyevin üyütdüyü unun şöhrəti diyarbadiyar hər yana səs salıb. Əsasən müalicə məqsədilə hər tərəfdən bura un almağa gəlirlər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 5 yanvar — Sputnik. Bərdə rayonunun Kələntərli kəndindəki Su dəyirmanında üyüdülən unun sorağı Azərbaycanın hər yanına yayılıb. Bərdə rayonu ilə yanaşı başqa şəhərlərdən də bura un almağa gələnlər var. Sputnik Azərbaycan da həmin dəyirmanın sorağı ilə kəndə baş çəkib.

Dəyirmançı İsmayıl Əliyev deyir ki, dəyirmanı 1990-cı illərin əvvəlində çörəklə bağlı böhran yarananda inşa etmək qərarına gəlib. O, söhbətə də su dəyirmanının yaranma ideyasından başlayır: "Soğan alağı eləmək üçün işlətdiyim arabanın təkəri palçıqla dolmuşdu. Palçığı yuyub, təmizləmək üçün su arxından istifadə edərkən birdən ağlıma burada su dəyirmanının mümkünlüyü ideyası gəldi. Dəyirmanın yaranma tarixi 1996-1997-ci illərə təsadüf edir. Həmin illərdə ciddi çörək qıtlığı olmasa da, buğda ilə bağlı problem vardı, un yox idi. Una olan tələbat baxımından dəyirman tikmək çox savab iş sayılardı".

© Sputnik / Musa MuradliDəyirmançı İsmayıl Əliyev
Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir - Sputnik Azərbaycan
Dəyirmançı İsmayıl Əliyev

Dəyirmançı əvvəllər kənddə bir neçə belə dəyirmanın olduğunu bildirir. Ancaq texnikanın inkişaf etməsi ilə müasir un dəyirmanlarının meydana gəlməsi, çörəyə əlçatanlığın asanlaşması keçmişin ənənəvi dəyirmanlarına tələbat da azalıb. Nəticədə su dəyirmanları fəaliyyətini dayandırıb.

“Aran bölgəsində dəyirman çarxını hərəkətə gətirmək üçün sudan istifadə eləmək elə də asan deyil. Dəyirmanı gərək elə yerdə qurasan ki, su təzyiqlə çarxı hərəkətə gətirə bilsin. Bunun üçün mən uzaq məsafədən suyu bura borularla gətirmişəm. Həmin yerin buradan hündürlüyü bir neçə metr yüksəkdədir. Dağ yerlərində su dəyirmanlarını inşa eləmək elə də çətin olmur. Su istənilən halda yüksəklikdən aşağı doğru axır. Bizdə isə düzənlik olduğundan, gərək dəyirman üçün əlverişli yer seçəsən. Suyu dəyirman çarxına qaldırmaq üçün dəqiq hesablamalar aparmaq lazım gəlir” - deyə dəyirmançı vurğulayır.

Maraqlıdır ki, dəyirmançı İsmayıl Əliyev bərdəli də deyil. O, Naxçıvan MR Şərur rayonunun Arpa çayı sahilindəki kənddə doğulub. Arpa çayı üzərində bənd salınanda doğma kəndləri su altında qaldığından, 12 yaşı olanda ailəsi ilə birgə Bərdə rayonunun Kələntərli kəndinə gəlib. Sənət öyrənməyə həvəsi olub. Ev hörməkdən tutmuş, damını düzəltməyə qədər sənətin bütün incəliklərinə yiyələnib. Dəyirman qurmağa olan həvəsinin başlanğıcı da məhz anadan olduğu kəndə gedib çıxır. Şərurda yaşayarkən oradakı su dəyirmanının xəyalında ilişib qaldığı təsəvvürləri ideyasını gerçəkləşdirən zaman yardımına çatıb.

İsmayıl Əliyev dəyirmanın bərəkətinə şükür eləyir. Sözünə görə, dəyirmanda sutka ərzində 500- 600 kiloqram un üyütmək olur. Dəyirmana gətirilən buğdanın 100 kiloqramını 6 manata üyüdür. Ya da 1 kiloqram hazır unu 60 qəpiyə  satır. İsmayıl dayı deyir ki, un satışı zamanı hər kisəyə 5-6 manat gəlir əldə edir .

© Sputnik / Musa MuradliDəyirmanda sutka ərzində 500- 600 kiloqram un üyütmək olur
Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir - Sputnik Azərbaycan
Dəyirmanda sutka ərzində 500- 600 kiloqram un üyütmək olur

Dəyirmançı su dəyirmanında üyüdülən unun faydalarından da danışır: ”Qida məhsulu kimi bu unun faydaları çoxdur. Həkimlər şəkər xəstəliyi, qan təzyiqi olan zaman su dəyirmanlarında üyüdülən undan istifadə etməyi məsləhət görürlər. Bu baxımdan da burada üyüdülən un əvəzsizdir. Ona görə də, dəyirmanın müştərilərinin sayı hər gün artır. Gəlirlər, alıb istifadə edirlər və şəfa tapırlar. Bakıdan, Yevlaxdan, Ağcabədidən, Mingəçevirdən, İmişlidən, Şirvandan, digər rayonlardan da bura buğda üyütməyə, ya da hazır un almağa gələnlər çoxdur. Ən çox sifarişlər Bakıdan olur. Qonaq gələnlər, gedənlər alıb aparırlar. Başqa yerlərdən telefon zəngləri ilə sifariş eləyənlər də olur, unu onların ünvanlarına göndərirəm”.

İsmayıl Əliyevlə söhbət zamanı onu da öyrənirik ki, dəyirman çarxının təkmilləşdirilməsi istiqamətində iş aparır. Riyazi hesablamalar əsasında çarx üzərində yerləşdirilən səkkiz ədəd yarıya qədər yağ ilə doldurulmuş borular hərəkətin daimiliyini təmin edə biləcək . Bu, su olmasa belə, çarxın hərəkətini davam etdirəcək.

© Sputnik / Musa MuradliKələntərli kəndindəki Su dəyirmanı
Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir - Sputnik Azərbaycan
Kələntərli kəndindəki Su dəyirmanı

Tam əminliklə deyir ki, alternativ enerjidən istifadənin aktuallaşdığı bir dövrdə ideyası olduqca qiymətlidir. Ondan sonra ixtirasını patentləşdirmək barədə düşünür.

Ancaq dəyirmanın problemləri də az deyil. Dəyirman təmir üçün daima pul tələb edir.

"Dəyirmanı qorumaq, saxlamaq çox çətindir. “Remenin” (çarxı hərəkətə gətirən qayış) biri 30-40 manatdır. Qutu dağılanda 150 manat xərc çəkmək lazım gəlir. Dəyirmanın işlək mexanizmlərini hərəkətə gətirmək üçün maşın hissələrindən istifadə edirəm. Birdən elə detal olur ki, çətin tapılır. Çarxa su gətirən borular köhnəldiyindən, dəyişilməsinə ehtiyac var. Uzunluğu 120 metrdir. Dəyişmək üçün 2000 manat pul lazımdır. Belə problemlər çox olur" – deyə dəyirmançı bildirir.

© Sputnik / Musa MuradliDəyirmana birləşən su borusu
Dəyirman işindədir, amma çax-çax baş ağrıtmır - Min illərin yadıgarı yenə də dəbdədir - Sputnik Azərbaycan
Dəyirmana birləşən su borusu

İsmayıl Əliyev deyir ki, nə qədər canında can var, dəyirmanı dayanmağa qoymayacaq: “Çalışacam ki, işləsin. Gəlirdən əlavə, işimdən də zövq alıram. Ruhən dinclik tapıram. Bu işlərdən əl çəkib , evdə otursam qocalığımı boynuma almış olaram”.

İsmayıl Əliyev Bərdə Regional Mədəniyyət İdarəsinin dəyirmanı etnoqrafik abidə kimi qeydə alacağını və status verəcəyini bildirib. Bunun üçün idarənin əməkdaşları dəyirmana baş çəkərək, vəziyyətlə tanış olub və niyyətlərini də açıqlayıblar.

Xəbər lenti
0