Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində qadın məhbuslar

Cinayət cəhalət arasından sabaha ümidlə zillənən baxışlar: kaş belə olmazdı

764
(Yenilənib 14:09 30.12.2019)
Onlar peşmandırlar, kaş belə olmazdı, deyirlər. Geriyə dönüşləri olmasa da, buradan çıxdıqdan sonra həyatlarını dəyişə bilərlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 dekabr — Sputnik. Dekabrın 25-də ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, dekabrın 28-i Azərbaycanda vəkillərin peşə bayramı günü kimi təsis edilib. Vəkillər Kollegiyasının üzvləri bu günü əhalinin ən həssas təbəqəsinin - məhbus qadınlar və yeniyetmələrin yanında olmaqla yaddaqalan ediblər. Bu münasibətlə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində qadınlar və 18 yaşadək olan şəxslər üçün Tərbiyə Müəssisəsində yeniyetmələr üçün pulsuz hüquqi yardım təşkil olunub.

Sputnik Azərbaycan Pentensiar Xidmət, Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti və Vəkillər Kollegiyasının üzvləri ilə birgə orada olub, məhbusların şikayətini dinləyib. Vəkil yardımı alan şəxslərin həyat hekayələrini dinlədikdə onların əksəriyyətinin cahilliyin, savadsızlığın, təhsilsizliyin qurbanı olduğunu gördük.

© Sputnik / Nigar Iskanderova.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsi

Müəssisə rəhbəri Vaqif İsmayılovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda burada 383 məhkum qadın var ki, onların 234-ü narkotikə görə, digər əksəriyyəti isə qadın alverinə görə təqsirli bilinib. Başqa cinayətlərə görə həbs olunan qadınlar da var. Onlar arasında cavanlığını puç edənlərlə yanaşı, yaşı 70 olan ağbirçəkləri də görmək mümkündür. V.İsmayılovun sözlərinə görə, onların ən cavanının yaşı 22-dir: "Bu məhbus qadınlar arasında uşaqları ilə birgə burada yaşayanlar da var. Ümumilikdə isə burada anaları ilə birgə yaşayan uşaqların sayı 4-dür ki, onların ən balacası 6 aylıq, ən böyüyü isə 2 yaş 11 aylıqdır".

Burada 10 övlada, 30-40 nəvəyə sahib olan nənələri də görmək mümkündür. Digərləri kimi, onlar da özlərində təqsir görmürlər, həyatdır, bilmək olmaz, sabah kimin başına nə iş gələcək, deyirlər. Amma əməllərindən, törətdikləri hadisələrdən danışdıqda baxışlarımız tamamilə dəyişir...

© Penitentiary Service of Azerbaijani Justice Ministry
Pentensiar Xidmət, Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti və Vəkillər Kollegiyasının üzvləri məhbusların şikayətini dinləyiblər

Hekayəsini dinlədiyimiz 61 yaşlı Fatma Məmmədova aldığı 5 il 6 ay cəzasının 3 il 2 ayını çəkib. Deyir ki, oğlu xəstədir, ona görə də azadlığa qovuşmaq istəyir. Fatma xanım kimi vəkillərə yaxınlaşan digər məhbusların da əsas istəyi əfv olunmaları ilə bağlıdır. Ən çox verilən sual da elə "mən əfvə düşə bilərəmmi?" oldu.

Bu qadınlar arasında erkən evliliyin qurbanı olanlar, pis vərdişə qurşananlar da var. Hətta münasibətləri davam etdirmək üçün olanlara göz yumub növbəti dəfə övlad dünyaya gətirənlər də. Buna taleyin oyunumu deyək, dünyaya gələcək birinin taleyi ilə oyunmu deyək, bilmirik...

Övladı dünyaya gəldikdən sonra həbs olunan anaların ən böyük acıları da elə bu körpələrin onları tanımamaları, yad kimi qəbul etmələri, bəlkə də, heç qəbul etməmələridir.

"Buradan çıxdıqdan sonra yeni həyat quracağam. Övladlarımın yanında olaraq onları böyüdəcəyəm", - deyə həmsöhbətimiz Şəms xanım arzusunu dilə gətirir.

© Penitentiary Service of Azerbaijani Justice Ministry
Pentensiar Xidmət, Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti və Vəkillər Kollegiyasının üzvləri məhbusların şikayətini dinləyiblər

Məhbus qadınlar üçün yaradılan şəraitlə tanış oluruq. Burada xalça və şirniyyat sexləri fəaliyyət göstərir. Məhbuslar xalça toxumağı, dərziliyi öyrənməklə satış üçün məhsullar hazırlayırlar. Beləliklə, onlar işləyib özlərinə büdcə yığırlar. Belə bir fəaliyyətin yaradılmasında məqsəd həm məhbus qadınlar üçün buradan çıxdıqdan sonra bir bacarıq, peşə formalaşdırmaq, həm də vaxtlarının daha səmərəli keçirilməsini təşkil etməkdir. Bundan başqa, burada təndirxanalar da fəaliyyət göstərir.

4 saylı qadın cəzaçəkmə müəssisəsi ilə yanaşı, valideyn sevgisinə həsrət qalan 18 yaşınadək olan uşaqların Tərbiyə Müəssisəsinə də baş çəkirik.

Müəssisənin rəhbəri Elgiz İsmayılovun sözlərinə görə, buradakı uşaqların yaşı 14-18 arasındadır. Onlar arasında valideynsiz olanlar da var. E.İsmayılov deyir ki, buradakı şəxslər bəzən pis mühitin təsirinə düşdüyü, bəzən isə valideyn himayəsindən kənar olduqları üçün cinayətlər törədiblər. Bu uşaqların həbs müddəti isə 2 ildən 10 ilədəkdir.

© Penitentiary Service of Azerbaijani Justice Ministry
Pentensiar Xidmət, Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr xidməti və Vəkillər Kollegiyasının üzvləri məhbusların şikayətini dinləyiblər

Söhbət əsnasında E.İsmayılovdan öyrənirik ki, burada uşaqlara orta təhsillə yanaşı, peşə təhsili də verilir. Onlara bütün fənlər tədris edilir. Hətta son ildə bu müəssisədən çıxaraq ali məktəbə qəbul olanlar da var.

Onlar peşmandırlar, bəlkə də, həyatda ən çox peşman olanlardandırlar. Amma bir məsəl var, sonrakı peşmanlıq fayda verməz... Qarşıdan Yeni il gəlir. Dəmir barmaqlıq arasında hər ötən gün, hər gələn il özü ilə bir ümid gətirir - azadlığa doğru daha bir addım...

764
Əlaqədar
Məhkumluğu olan şəxslərə ikinci cəza
Onların “Evə qayıdışı” hamının marağındadır, əks halda, başımıza bəla olacaqlar
"Azərbaycanda qətlə yetirilən qadınların 55 faizi ailə üzvləri tərəfindən öldürülüb"
Cəzaçəkmə kameralarında sıxlıqdır: Avropalaşdırılmış cəza üçün sovet standartları
“Azadlıq” şirin sözdür, qardaşım - REPORTAJ, FOTOLAR
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

5
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

5
Marixuana nümunələri, arxiv şəkli

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

1
(Yenilənib 21:22 27.05.2020)
Rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

BAKI, 27 may — Sputnik. “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1