Tələbələr auditoriyada, arxiv şəkli

Dörd illik ali təhsil, sadəcə, vaxt itkisidir?

1509
(Yenilənib 14:37 12.12.2019)
Şeyx Nizami Gəncəvinin: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan" kimi günümüzə qədər gəlib çatan fəlsəfi-poetik məntiqi nədənsə dahi şairin öz Vətənində "işləmir"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. İnsan cəmiyyəti ona lazım olan çox əmtəə tanıyır. Biri də əməkdir. İnsan əməyini sataraq qazanc əldə edir və onunla dolanır. Ən qədim insan da ova çıxırdısa, meşədən meyvə toplayırdısa, bunları gətirib icma ilə paylaşırdısa, öz əməyini icmaya satmış olurdu. Əvəzində isə icmanın hansısa üzvü ona, məsələn, bədənini örtmək üçün əncir yarpağı, yaxud yenicə yonub düzəltdiyi daş çapacaq verirdi. Deməli, əmək bazarının tarixi bəşər yaddaşının ən dərin qatlarına qədər enir.

Bu gün bizdə əmək bazarı nədir, necədir? Əslində bu, geniş mövzudur. Bir cəhətini ayrıca vurğulamaq lazımdır ki, əmək bazarında tələblə təklif uzlaşanda o zaman harmoniya yaranır. Ancaq diqqətlə araşdıranda nə görürük?! Ali məktəb diplomuna hələ də qızların cehizlik aksessuarı, oğlanların üstün ictimai status göstəricisi, ata-anaların əlində "düşmən gözü çıxarmaq üçün" zəruri alət kimi baxanlarımız çoxluqdadır. Peşə təhsilinə marağın azalması, demək olar yoxa çıxması da buradan gəlir. Şeyx Nizami Gəncəvinin: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan" kimi günümüzə qədər gəlib çatan fəlsəfi-poetik məntiqi nədənsə dahi şairin öz Vətənində "işləmir".

Artıq oxucuya bəlli oldu ki, söhbət peşə təhsilinə maraqdan və ehtiyacdan gedir. Bəs, böyük mütəfəkkirin təbirincə desək, mahir palançıları kim yetişdirməlidir? Buna marağı, əlbəttə ki, işəgötürənlər özləri də artırmalıdırlar. Fikir verin: Norveçdə dövlət bir qurumu tenderlə seçib sifariş verəndə işçilərin sayının 7-15 faizinin yeni peşə təhsili almışlardan olmasını şərt qoyur. Buna əməl etməyənə sifariş verilməz.

Yaxud, Cənubi Koreyanı götürək. Hər müəssisə gəlirinin müəyyən bir hissəsini Peşə Təhsili Fonduna yönəldir. Beləliklə, ixtisaslı işçilər stimullaşdırılır, əmək bazarı zənginləşir, tarazlaşır. Özəl sektor da bundan qazancla çıxır.

Azərbaycanda da peşə məktəbləri var. Onların sayı 100-ə yaxındır. Buna görə də peşə təhsilli ixtisaslı kadrlar çox azdır. Zamanında söylənmiş bir fikir vardı: "Kadrlar hər şeyi həll edir". Burdan yanaşsaq, görərik ki, peşə təhsilli kadrlar da çox şeyi həll edir. Əmək bazarında bu mənada peşəkar defisiti var.

Ona görə də əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.

Bu yeni yaranan ixtisaslara istehsalatda və xidmət sektorunda çox ehtiyac var idi.

Təhsil naziri Ceyhun Bayramov deyib ki, Prezident İlham Əliyev peşə təhsilinin inkişafına xüsusi diqqət göstərir. Buna misal: "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyən olunub. Nazir də fərqindədir ki, bu gün qarşıda duran əsas çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil naziri bildirib ki, təhsil alanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.

Təhsil eksperti Kamran Əsədov da o fikirlə razıdır ki, ali məktəb diplomu ölkəmizdə "xoşbəxt həyatın açarı" sayılır: "Amma bu heç də belə deyil. Əslində məktəbi yeni bitirmiş gənclər kiçik araşdırma aparsalar görərlər ki, bir çox hallarda 4 illik ali təhsil, sadəcə, vaxt itkisidir. Peşə təhsili alsalar, ali təhsil almışlardan daha uğurlu karyera qura bilərlər. Bunun üçün peşə hazırlığı və peşə təlimi məktəblərinə üz tutsalar, konkret bir peşə ilə məşğul olsalar, daha yaxşı olar. Çünki ali təhsillilərin hamısı iş tapa bilmir; ciddi maneələr, sədlər var. Peşə təhsillilər isə hətta oxuya-oxuya da işləyə bilirlər. Təəssüflər ki, orta məktəb məzunlarına bu, izah olunmur. Onlar bunu gec anlayırlar".

Ekspertin fikrincə, hazırda əmək bazarında ali təhsil alan yüzlərlə işçi var. Amma onlar peşə təhsili alanlar qədər çox qazanc əldə edə bilmir, onlar qədər peşəkar səviyyədə deyillər. K.Əsədov hesab edir ki, gənclər bundan sonra ali təhsil almağa yox, daha çox peşə təhsilinə meylli olmalıdırlar. Bu, onların uğurlu gələcəyi üçün çox vacibdir.

Təhsil eksperti Qoşqar Məhərrəmov isə bildirir ki, ölkədə əmək bazarını qarşılayacaq keyfiyyətdə olan peşə məktəbləri çox azdır. O məktəblər də dövlət dəstəyi ilə yaradılıb: "Qalan peşə məktəblərinin keyfiyyəti isə aşağıdır. Çünki peşə məktəblərinin illərlə nəzarətdən kənarda qalıb. Həmin peşə məktəblərinin özünü yeniləməyi səbəbindən onlara müraciət edən şagirdlərin də sayı azdır. Bu məktəbləri bitirənlərdən əmək bazarının tələblərinə cavab verən az olur. Odur ki, ölkədə peşə məktəblərinə yanaşma "şagird heç yerə daxil olmasa, peşə məktəbinə gedər" səviyyəsinə düşüb".

Ekspert hesab edir ki, Qərbi Avropa ölkələrində peşə məktəblərinə gedənlər ali təhsilə üz tutanlardan çoxdur. Çünki bu ölkələrdə peşə təhsili ilə peşə qazanıb, iqtisadi azadlığa çıxmaq daha asandır.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarovun sözlərinə görə, mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığı olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.

Bu səbəbdən Təhsil Mərkəzi 8 texniki ixtisas - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik, avtomatlaşdırma və inşaat üzrə 1000-dən artıq peşəkar kadrın hazırlanması məqsədilə ən müasir maddi-texniki baza ilə təchiz olunub: "Mərkəz hazırda 2 emalatxana, yataqxana, idman meydançası və başqa zəruri infrastrukturu özündə cəmləyir. Tədris proqramı 60-70 faiz praktik məşğələlərə əsaslanır və bu metodu koreyalı ekspertlər hazırlayıblar. Yerli mütəxəssislər bunu yerli qanunvericiliyə uyğunlaşdırıblar. Hər ixtisas üzrə dərsliklər hazırlanıb və tərcümə olunub".

Təhsil Nazirliyi yanında İctimai Şura hansı işləri görəcək - ekspert açıqladı

Rəşad Xanlarov deyir ki, ümumiyyətlə, rəqabət qabiliyyətli kadr hazırlığı, elm və təhsilin vəhdətliyinin ölkənin sosial-iqtisadi inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsiri əsaslandırılıb.

"Azərbaycan sosial-iqtisadi cəhətdən sürətlə inkişaf edir. Bu səbəbdən də, müxtəlif peşələr üzrə ixtisaslı kadrlara zərurət yaranır. Ölkəmizin müxtəlif regionlarında tikinti-quruculuq işləri aparılır, qeyri neft sektoru inkişaf edir, turizm sahəsində yeni uğurlar var, müasir standartlara cavab verən müəssisələr açılır və s. Bu səbəbdən də, təbii ki, ixtisaslı kadrlara ehtiyac duyulur", – deyə o əlavə edib.

© Courtesy of Rashad Xanlarov
Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov

Peşə Mərkəzinin rəhbəri bildirir ki, mərkəzdə hazırda rəqabət qabiliyyətli kadr hazırlığı və peşəkar bacarıqların inkişafı məqsədilə müasir maddi texniki baza ilə təchiz olunmuş emalatxanalarda tədris təşkil olunur, iş yerlərində təcrübə proqramları, ixtisas təkmilləşdirilməsi üzrə birgə kursların keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə Koreya və digər beynəlxalq peşə təhsili müəssisələri ilə əməkdaşlıq və mübadilə həyata keçirilir, dövlət və özəl sektorlarla əməkdaşlıq genişlənir.

Əlbəttə ki, bu sahədə heç bir addım atılmamasını onsuz da iddia etmək fikrində deyildik. Sadəcə, ölkəmizdə peşə təhsilinə marağın və yönəlmənin bu qədər az olması – dediyimiz kimi, əsl peşəkar qıtlığının yaranması çox amillərlə bağlıdır. Etiraf etmək lazımdır ki, Sovetlər dövründə Azərbaycanda, xüsusilə, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada böyük sənaye potensialı var idi. O zaman açılan zavod və fabriklərdə peşə təhsilli, ixtisaslı kadrlara da böyük ehtiyac yaranmışdı. Elə zavodlar olub ki, hər səhər giriş qapısından minlərlə ixtisaslı fəhlə daxil olub. Bu üzdən də peşə məktəblərində oxuyanların və işə düzələnlərin sayı da çox olub. Bu, uzaq tarix deyil. Bu da faktdır ki, Sovet quruluşu çökdüyü, 90-cı illərin əvvəllərində əvvəlki vahid təsərrüfat sistemi dağıldığı zaman mövcud əmək bazarı və bununla da əmək vərdişləri də xeyli dərəcədə itirildi. Sonrakı "neft bumu" dövründə də müəyyən qədər əməkdən uzaqlaşma, ali təhsil alıb vəzifə tutaraq gəlir əldə etmə meylləri yarandı. Lev Tolstoy deyirdi ki, sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir. Sağlam gənclərin bir çoxu əyləncəyə, bir çoxu yüngül işlərə, bəziləri hətta zəhmətsiz gəlirə yön tutdu. Bu, çox ciddi fəsadlar yaradır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Bəli, bu gün də Azərbaycanda sürətli iqtisadi inkişaf gedir. Hazırda Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə ölkə həyatının bütün sahələrini əhatə edən dərin və sistemli islahatlar başlanıb və getməkdədir. İstər sənayedə, istər kənd təsərrüfatında, eləcə də, başqa bir sıra sahələrdə, əlbəttə ki, yüksək peşə təhsili almış gənclər tələb olunur. Bu dövrdə, əlbəttə ki, yeni ixtisaslara, yeni sahəvi biliklərə ehtiyac daha da artıb. İndi gənclərimizin əmək bazarının yeni trendlərinə yönəlməsi daha doğru olardı. Gəncləri hələ orta məktəb illərindən yönəltmək, ali təhsil üçün hazırlıqlı olanların da belə öz istəyi olarsa, peşə təhsilinə yönəlməsi vacibdir. Çünki peşə təhsili də əslində yüksək bilik tələb edir. Burada maraqlı məqamlardan biri də yaxşı peşə təhsili almış kadrlara təkcə iqtisadiyyatın deyil, əhalinin də ehtiyacının olmasıdır. Hətta tanınmış alim və ya yüksək ali təhsil almış ziyalı insanlar da evini təmir etmək və ya başqa zəruri işləri görmək üçün usta çağırırlar. Peşə təhsili almış bacarıqlı adam hər yerdə və hər kəsə lazımdır. Bu gerçəyi anlayan gənclər öz gələcəyini ali təhsillilərdən heç də pis qurmayacaqlar.

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

1509
Azərbaycan bayrağı

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür

6
(Yenilənib 22:20 27.05.2020)
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.

BAKI, 28 may - Sputnik. Bu gün Azərbaycanda Respublika Günü qeyd olunur.

Sputnik Azərbaycan xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür.

1990-cı ildən Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılıb.

1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

6
Marixuana nümunələri, arxiv şəkli

Şəkidə 1 tondan artıq narkotik tərkibli bitki məhv edilib

1
(Yenilənib 21:22 27.05.2020)
Rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

BAKI, 27 may — Sputnik. “Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayonun İkinci Biləcik kəndi ərazisində ümumi çəkisi 1 ton 172 kq yabanı halda bitən 7321 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin bitkilər kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1