CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkumluğu olan şəxslərə ikinci cəza

© Sputnik / Tabyldy Kadyrbekov / Mediabanka keçidMəhbus, arxiv şəkli
Məhbus, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Vətəndaş məhkumluq çəkib, vətəndaşlıqdan ki çıxmayıb. Əgər kirayə mənzillərin satışı ilə bağlı belə bir tələb varsa, təcili bu şərt ləğv olunmalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Azərbaycanda dövlət tərəfindən mənzillərin kirayə üsulu ilə necə satılacağı dəqiqləşib.

Ключи от квартиры - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial evlərlə bağlı qərar verildi
 Belə ki, kirayə mənzil almaq üçün müraciətlər "Elektron İpoteka və Kredit Zəmanət" sistemində elektron şəkildə qeydiyyata alınır. Bundan sonra ərizəçi ilkin olaraq qiymətləndirilir. Qiymətləndirmə şərtlərində mübahisəyə səbəb olan məsələlərdən biri müraciətçinin məhkumluğunun yoxlanılmasıdır. İlkin qiymətləndirmə meyarlarında qeyd olunub ki, əgər şəxsin məhkumluğu varsa, ərizəçinin müraciətinə baxılmaqdan imtina olunur və bu barədə ərizəçinin elektron kabinetinə bildiriş yerləşdirilir.

Sputnik Azərbaycan məhkumluğu olan şəxsləri kirayə mənzil almaq hüququndan məhrum edən bu tələbin nə dərəcədə doğru olduğunu araşdırıb.

Deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, kirayə mənzillərin satılması ilə bağlı şərtlər məhkumluğu olan şəxslərin hüquqlarını pozur: "Məhkumluğu olan şəxslər də Azərbaycan vətəndaşlarıdır. Bu tələbi qoymaqla məhkumluq çəkmiş şəxslərin hüququ kobud şəkildə pozulur.

Vətəndaş cəzasını çəkib azadlığa çıxıbsa, bu o deməkdir ki, həmin şəxs islah olunub. Məhkumluğu olan şəxslərin də ailəsi, uşağı var. Hamı kimi onların da mənzilə ehtiyacı ola bilər. Məhkumuğu olan şəxslər vəzifəyə təyin edilmirlər ki...

Məhkumluq çəkməsi o demək deyil ki, belə şəxslər bütün sosial xarakterli layihələrdən kənarda qalmalıdırlar. Vətəndaş məhkumluq çəkib, vətəndaşlıqdan ki çıxmayıb.

Əgər kirayə mənzillərin satışı ilə bağlı belə bir tələb varsa, təcili bu şərt ləğv olunmalıdır. Bu gün dövlət cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin reabilitasiyası istiqamətində mühüm tədbirlər həyata keçirir. Onların təkrar eyni əməli törətməməsi, cinayət aləmindən uzaq olmaları üçün məşğulluqlarının təmin olunması istiqamətində işlər həyata keçirir. Belə halda məhkumluğu olduğu üçün onları kirayə mənzil almaq hüququndan məhrum etmək yolverilməzdir!"

Ev almaq istəyəndə sizi aldada bilməyəcəklər - Hökumət imkan verməyəcək>>

Mənzil bazarı üzrə ekspert Ramil Osmanlı da məhkumluğu olan şəxslərə qarşı kirayə mənzillərin satışında məhdudlaşdırıcı tələblərin qoyulmasının düzgün olmadığı qənaətindədir. Sputnik Azərbaycan-a açıqlamasında R.Osmanlı deyib ki, bu tələb islah olunmuş şəxslər arasında mənzil şəraiti ağır olanları çarəsiz durumda qoyacaq: "Əksinə, dövlət və cəmiyyət çalışmalıdır ki, onlar cəmiyyətə inteqrasiya olunsun, əvvəl törətdikləri əməlləri yenidən törətməyə sövq edilməsinlər.

Əgər məhkum cəzasını çəkməyibsə, belə bir tələbin qoyulması anlaşılandır. Amma vətəndaş cəzasını çəkib çıxıbsa, onu kirayə mənzil almaq hüququndan məhrum etmək olmaz. Ən azı, müddət qoyulmalı idi ki, eyni cinayəti üç il törətmədikdə kirayə mənzil ala bilsin.

Ona görə də, düşünürəm ki, bu məsələyə yenidən baxılmalıdır. Əks halda, bu məhkumluq çəkmiş şəxsi ikinci dəfə cəzalandırmaq kimi qiymətləndirilə bilər".

Qeyd edək ki, kirayə ev almaq istəyənlər yalnız "ASAN Xidmət" mərkəzlərindən birində əldə edilmiş gücləndirilmiş elektron imza sertifikatı ilə "Elektron İpoteka və Kredit Zəmanət" sistemində elektron kabinet yaratmaqla müraciət edə bilərlər. İlkin qiymətləndirmə zamanı ərizəçinin məhkumluğunun olmaması, vaxtı keçmiş öhdəliklərinin, kreditlərinin olmaması, 60 yaşdan yuxarı olmaması əsas tələblərdəndir.

Xəbər lenti
0