Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 11 dekabr — Sputnik. Dekabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında yaradıcı qadınların ideya və dəstəyi əsasında hazırlanan "O qadın" adlı dramatik tamaşanın premyerası olub.
Sputnik Azərbaycan xəbər verir ki, tamaşa son vaxtlar qadın qətllərinin artması, ailə-məişət münaqişəsi zəminində daha çox onların zərər çəkməsi, ən əsası kütləvi şəkildə fiziki və mənəvi zorakılığa məruz qalmalarına etiraz olaraq səhnələşdirilib.
Cəmiyyətdə ciddi narahatlıq doğuran bu məsələyə etirazını səhnə vasitəsilə çatdırmağa çalışan tamaşanın ideya müəllifləri yazıçı-rejissor Səidə Haqverdiyeva, kinotənqidçilər Sevda Sultanova və Aygün Aslanlıdır.
Rejissor Günay Səttarın quruluş verdiyi tamaşada rolları Ülviyyə Əliyeva, Ləman Mərrih və Elgün Həmidov ifa ediblər.
Sənədli teatr üslubunda hazırlanan tamaşa adından da göründüyü kimi real faktlar, zərərçəkmiş qadınların həyat hekayələri əsasında səhnələşdirilib.
Birhissəli sosial-psixoloji mövzulu tamaşanın əsas məqsədi qadınlar arasında maarifləndirmə işi aparmaq, onlara məruz qaldıqları hər hansı zorakılıq faktına qarşı hüquqi və psixoloji dayaq nöqtəsini formalaşdırmaq və istənilən halda pozulmuş hüquqlarını bərpa etməyə cəsarətləndirməkdir.
Tamaşada qadın hüquq müdafiəçisi Mehriban Zeynalovanın qadın sığınacağında məskunlaşan qadınların, eləcə də gender üzrə mütəxəssislərin və psixoloqların videomüsahibələri də nümayiş olunub.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev infarkt keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, sənətkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Bildirilib ki, hazırda vəziyyəti çox ağırdır, heç kimi tanımır. Müalicəsi davam etdirilir.
Qeyd edək ki, Eldar Quliyev 1942-ci ildə Bakıda anadan olub. Ümumilikdə əllidən artıq filmin rejissoru, ssenari müəllifi və bədii rəhbəri olan rejissor "Babək", "Bir cənub şəhərində", "Gümüşgöl əfsanəsi", "Təxribat", "Girov" kimi filmlərin rejissoru olub.
Xatırladaq ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.
BAKI, 18 yanvar — Sputnik. Milli Hidrometrologiya Departamentindən daxil olan məlumata əsasən, yanvarın 19-dan 21-dək ölkə arazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, gücləndirilmiş iş rejimində çalışan ASC-də əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.
"Məsələ ilə əlaqədar "Azərişıq" ASC rəhbərliyinin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. "Azərişıq" ASC rəhbərliyinin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar", - məlumatda deyilir.