Məniz açarı, arxiv şəkli

Heç xoş olmayan mühüm yenilik gəlir: Göz qırpımında əmlakınız əldən gedəcək

1167
(Yenilənib 16:11 06.12.2019)
"Kredit qaytarılmadığı təqdirdə girov qoyulan əmlak avtomatik olaraq bankın sərəncamına keçərsə, əmlakın birbaşa satışı ilə bağlı öhdəlik də kredit müqaviləsində öncədən əks olunmalıdır"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. Azərbaycanın bank sektorunda, daha dəqiqi kredit-girov münasibətlərində mühüm yenilik gözlənilir. Banka girov qoyulan əmlaklar kreditin qaytarılmadığı təqdirdə avtomatik olaraq bankın sərəncamına keçəcək. Bu barədə Fed.az-a Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib.

Onun sözlərinə görə, bu proses notariuslarda icra qeydləri ilə bağlı sadələşdirmənin sayəsində baş tutacaq: "Biz banklar üçün yeni imkanları müzakirə edirik. Qanunvericilikdə artıq dəyişikliklər olunub, ipotekaya məhkəməsiz yönəltmə üzərində banklarla bir yerdə işləyirik. Çünki banklar tərəfindən də çoxlu işlər görülməlidir. Bunlar banklar ilə bizim aramızda sırf texniki məsələlərdir, o da başa çatmaq üzrədir. Bu sahədə gündəlik yüzlərlə müraciət var". 

Qeyd edək ki, banklarda girov qoyulmuş əmlakın kredit qaytarılmadığı təqdirdə avtomatik olaraq, yəni məhkəməsiz bankın sərəncamına keçməsi ölkə banklarının çoxdankı arzusudur. Prosedurun bu formada həyata keçirilməsi bankların işini xeyli asanlaşdırır. Belə ki, girov əmlakın bankın sərəncamına keçməsi ilə bağlı uzun müddət çəkən məhkəmə prosesindən can qurtarmağa imkan verir.

İqtisadçı-ekspert Vüqar Bayramov girov əmlakın məhkəməsiz bankın sərəncamına keçmə məsələsini Sputnik Azərbaycan-a şərh edib.

İqtisadçı deyib ki, bu, əvvəlki dövrlərdə də müzakirə edilən məsələlərdən biri olub: "Praktiki olaraq məsələnin reallaşması üçün bunun həm də kredit müqaviləsində əks olunmasına ehtiyac var. Kredit qaytarılmırsa, girov əmlakın avtomatik olaraq bankın sərəncamına keçməsi məsələsinin birmənalı şəkildə kredit müqaviləsində göstərilməsinə və qeyd olunmasına ehtiyac var. Razılıq əldə olunursa, əmlakın satışa yönəldilməsi ilə bağlı qərar qəbul edilə bilər. Bu məsələdə bankları başa düşmək olar. Kredit qaytarılmayan zaman girovun satılıb xərcin ödənilməsi zaman alır, bir sıra hallarda hətta bu, 3 ildən artıq vaxt aparır. Məhkəmə prosedurasının sadələşdirilməsinə ehtiyac var".

Onun sözlərinə görə, eyni zamanda çalışmaq lazımdır ki, burada vətəndaşların hüquqları pozulmasın, onların hüquqlarını qorumaq mümkün olsun: "Təklif edirik ki, yeni prosedur tətbiq olunarsa, birmənalı şəkildə müqavilədə vətəndaş da öhdəlik götürməlidir ki, krediti qaytara bilmirsə, girovun birbaşa satışına razılıq verir. Öncədən vətəndaşın razılığının alınmasına ehtiyac var. Bu zaman kredit götürən vətəndaş daha məsuliyyətli olacaq. Krediti götürən zaman qərarına daha ciddi, daha məsuliyyətli yanaşacaq. Çünki problemlərdən biri ondan ibarətdir ki, vətəndaşlar bəzi hallarda öz ödəmə imkanlarını düzgün qiymətləndirmədən və ya qiymətləndirmək istəmədən borc öhdəliyinə girirlər. Nəticədə krediti qaytarmaqda çətinlik çəkirlər".

Bank problemi bitmək bilmir: Bölgələr ac saxlanılır, idxal stimullaşdırılır

"O baxımdan bu prosedur həm də kredit müqavilələrinin təkmilləşdirilməsinə və dəyişdirilməsinə gətirib çıxarmalıdır. Yeni kredit müqavilələrinin hazırlanmasına və təklif olunmasına ehtiyac var. Yəni vətəndaş öncədən kredit müqaviləsində belə bir öhdəliyin olması ilə bağlı məlumatlı olmalı və bundan sonra kredit götürmək ilə bağlı qərar verə bilər. Yəni kredit götürmək onun üçün sərfəlidir, risklidir və ya cəlbedicidir" – deyə ekspert qeyd edib.

İqtisadçı bildirib ki, məhkəmə prosedurasının sadələşdirilməsinə, asanlaşdırılmasına ehtiyac var: "Digər tərəfdən, kredit götürən şəxslərin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə ehtiyac var. Eyni zamanda banklar üçün izafi tranzaksiya (hər hansı məqsəd üçün icra olunan bank əməliyyatı) xərclərinin azaldılmasına ehtiyac var. Çünki bankın heç də funksiyası əmlak satışı ilə məşğul olmaq deyil. 

Ona görə də mexanizmin daha yaxşı olması üçün kredit müqavilələrinin də təkmilləşdirilməsinə ehtiyac var. Kredit qaytarılmadığı təqdirdə girov qoyulan əmlak avtomatik olaraq bankın sərəncamına keçərsə, əmlakın birbaşa satışı ilə bağlı öhdəlik də kredit müqaviləsində öncədən əks olunmalıdır. Bu zaman vətəndaş bu öhdəliyi üzərinə götürüb-götürməmək ilə bağlı özü birbaşa qərar verə bilər".

"Bununla bağlı fərqli təcrübələr var. Bizdə kredit-girov münasibətlərində məhkəmə prosedurası uzundur. Məhkəmə prosedurası bəzi hallarda 3 ilə yaxın vaxt alır. Nəticədə bank nə vəsaiti ala bilir, nə də girov qoyulmuş əmlakı satıb ona dəymiş ziyanın ödənilməsinə nail ola bilir. Ona görə də ya daha sadə məhkəmə proseduraları ilə qərar verilir, ya da vətəndaş öncədən öhdəlik götürür ki, əgər yubanma olarsa, krediti qaytara bilməzsə, o zaman əmlakın birbaşa satışına etiraz etmir" – deyə o əlavə edib.

1167
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

0
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

0
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

5
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

5