Bakıda avtomobil tıxacı

Üzünüzü göyə tutub yalvarın: Yağış yağmasa, yollardakı probleminiz olmayacaq

796
(Yenilənib 20:38 04.12.2019)
Sürücülərin naşılığı, yol-asfalt örtüyünün və yol ötürücülərinin keyfiyyətsizliyi, kanalizasiyaların ötürücülük qabiliyyətinin aşağı olması və işıqforların işləməməsi bizə hər gün cəhənnəm yaşadır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 5 dekabr— Sputnik. Havalar bir balaca soyuyan, yağıntılar başlayan kimi Bakı küçələrində ucu-bucağı görünməyən tıxaclar yaranır. Bir tərəfdən gölməçələr, digər tərəfdən görüntünün pisləşməsi və yağışlı havada piyadaların daha təhlükəli davranması səbəbindən sürət həddinin düşməsi yollarda hərəkət intensivliyini azaldır. Nəhayət, ən böyük bəla hava yağıntılı olan kimi işıqforların işləməməsidir.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağışlı havalarda bəzi sürücülərin peşəkarlıq səviyyəsi üzə çıxır: "Bir çoxlarının avtomobil idarə etməsinin aşağı səviyyədə olmasının nəticəsidir ki, yollarda sıxlıq və tıxac yaranır. Aydın məsələdir ki, yağış yağanda yollarda sürət həddi aşağı düşür və düşməlidir də. Çünki bu yol hərəkətini tələblərindən biridir. Yolda hansı sürətin tətbiq olunmasından asılı olmayaraq sürücü hava və yol şəraitinə uyğun sürət seçməlidir. Ancaq bəzi sürücülər həddən artıq aşağı sürət seçirlər və sol zolaqla hərəkət edirlər. Bu da yollarda tıxaca və sıxlığa səbəb olur. Bu sürücülər çalışmalıdır ki, sağ zolaqla hərəkət etsinlər. Sol və orta zolaqla hərəkət edən sürücülər diqqətli olmalıldırlar".

Ekspert təsdiq edib ki, yağışlı havalarda işıqforlar tez-tez sıradan çıxır.

"Artıq hamı öyrənib, yağış varsa işıqfor sıradan çıxmalıdır. İşıqforlara Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Ancaq yollarda işıqfor işləməyəndə yolu yol polisləri tənzimləyir. Hesab edirəm ki, bu iki qurum işıqforların funksiyasını birlikdə həyata keçirməlidir" – deyə o bildirib.

Nəqliyyat eksperti Eldəniz Cəfər Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yağışlı havalarda görmə zəifləyir. Bu səbəbdən də avtomobillər arasında ara məsafəsi çox saxlanılır: "Məsələn adi günlərdə 1-2 metr məsafə saxlanılırsa, yağışlı havalarda 3-4 metr olur. Bu səbəbdən də yağışlı havalarda yollarda tıxaclar yaranır".

Ekspert yağışlı havalarda nasaz avtomobili olan sürücülərə yollara çıxmamağı tövsiyə edir: "Yol hərəkəti qaydalarında" yağışlı və çiskinli havalarda avtomobillərin idarə etmə qaydaları yer alıb. Bu qaydalara görə, belə havalarda ötmə və manevr edilməməli, tunel və körpülərin yaxınlığında hərəkət sürəti minimuma endirilməlidir. Bu yalnız Bakı üçün deyil, bütün dünya üçün xarakterikdir".

E. Cəfər bildirib ki, İşləməyən işıqforlar, işarələrə gəldikdə isə onlara Bakı Nəqliyyat Agentliyi , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yol Polisinin cavabdeh olduğunu vurğulayıb. Haradasa işıqfor işləmirsə, dərhal tədbir görülməli və ərazidə problem varsa, həmin əraziyə yol polisi cəlb edilməlidir.

"Yağışlı havalarda tıxaclara səbəblərdən biri də yol-asfalt örtüyünün və yol ötürücülərinin keyfiyyətsiz olması, kanalizasiyaların ötürücülük qabiliyyətinin aşağı olması nəticəsində su gölməçələrinin yaranmasıdır. Bütün bunlar hərəkətə mane olur və tıxacları ağırlaşdırır. Tıxacları bal şkalası ilə qiymətləndirsək, yağışlı havalarda bunu 6-7 balla qiymətləndirmək olar. Bakı şəhərində yol infrastrukturunun zəif olması ilə bağlı isə bunu 10 balla qiymətləndirmək olar" - deyə E. Cəfər vurğulayıb.

796