Tələbə, arxiv şəkli

Heç nəyə yaramayan təhsilli işçi ordusu yaranır

755
(Yenilənib 09:47 03.12.2019)
Azərbaycanda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var. Yerdə qalan səriştəsizlər isə heç kimə lazım deyil

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. Dövr dəyişdikcə əmək bazarında işçiyə olan tələblər də dəyişir. Əmək bazarının yeni tələbləri ilə ayaqlaşa bilməyənlər isə ya işini itirməli olur, yaxud da başqa iş tapmaq üçün xarici ölkələrə üz tuturlar. Amma tale onların heç də hamısının üzünə gülmür. Çünki Azərbaycanda iş tapa bilmədiyi üçün xaricə üz tutan vətəndaşlarımız kvalifikasiyasız olduğu üçün geri qaytarılırlar. Bu barədə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti Şöbəsinin müdiri Elnur Süleymanov məlumat verib.

O bildirib ki, hazırda iqtisadi fəal əhalinin yalnız 33 faizinin kvalifikasiyası var: "Bu insanlar orta məktəbi bitirdikdən sonra ya peşə məktəbinə, ya da ali məktəbə daxil olublar. Kvalifikasiyasız işçi qüvvəsi heç kimə lazım deyil. Bəzi insanlar kvalifikasiyası olmadığına görə əmək bazarına daxil ola bilmirlər".

Sputnik Azərbaycan ölkədə kvalifikasiyasız işçi qüvvəsinin əmək bazarına çıxış yollarını araşdırıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, kvalifikasiyasız işçi qüvvəsinin sayı Azərbaycanda 60 faiz təşkil edir. Ekspert bu şəxslərin məşğulluğunun təmin edilməsi üçün çıxış yolunu peşə məktəblərinin fəaliyyətinin gücləndirilməsində görür. S.Məmmədov deyir ki, hazırda əmək bazarında peşə təhsilli, ixtisaslı kadrlara ehtiyac var. Amma həmin sahələr üzrə kadr tapılmır: "Buna səbəb keçid dövründə peşə məktəblərinin fəaliyyətini dayandırması ilə bağlı oldu. Amma artıq Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə iş aparırlar. Peşə məktəblərində əmək bazarında tələbat olan ixtisaslar üzrə kadrların hazırlığına başlanılıb.

Yadınızdadırsa, Avropa Oyunlarında Bakıda işıq sisteminin quraşdırılması üçün elektrik işçisi xaricdən gətirilmişdi. Səbəb müasir işıqlandırmanı bilən kadrların ölkəmizdə olmaması idi. Bu gün xarici şirkətlərdə əcnəbi mütəxəssislər yüksək əmək haqqı olan işlərdə çalışırlar. Buna bir səbəb də həmin sahələr üzrə beynəlxalq tələblərə cavab verən işçilərin olmamasıdır.

Ona görə də kvalifikasiyasız işçilərin peşə təhsilinə cəlb olunması, onların formal olaraq yox, praktiki baxımdan əmək bazarında tələbat olan sahələr üzrə kadr kimi yetişdirilməsi lazımdır".

S.Məmmədov deyir ki, buna görə hamının ali təhsil almasına ehtiyac yoxdur. Orta təhsili başa vuranlar beynəlxalq peşə standartlarına uyğun kadr kimi yetişdirilərsə, onlar işsiz qalmazlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası qəbul olunub. Həmin sənəddə əmək bazarının tələbləri əsasında peşə təhsili sisteminin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Bu isə kvalifikasiyasız işçi qüvvəsinin azalmasına hesablanıb.

Təhsil Nazirliyindən isə Sputnik Azərbaycan-a bildirdilər ki, ölkəmizdə peşə təhsili sisteminin inkişaf etdirilməsi, təhsil və əmək bazarı arasında kəmiyyət, keyfiyyət və gözləntilər baxımından mövcud olan uyğunsuzluqların aradan qaldırılması məqsədilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" qəbul edilib. Həmçinin Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb: "Bu gün Azərbaycanda əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində iş aparılır. Əmək bazarında işçi qüvvəsinin istifadəsində səmərəliliyin artırılması məsələsi beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən peşə və ixtisas (kvalifikasiya) standartlarının, onların əsasında isə təlim, təhsil və tədris proqramlarının hazırlanması və tətbiqi vasitəsilə həyata keçirilir. Səriştələr əsasında hazırlanmış peşə standartlarının tətbiqi milli işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və onun beynəlxalq əmək bazarına inteqrasiyası üçün əsas alətdir".

755
Əlaqədar
Nazirlikdən işsizlərlə bağlı yenilik
İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar
Əsrə yaxın yaşı olan sənətkar: işləməyəndə xəstələnir
Bu yenilik gələn ildən sizi gözləyir – İndidən nə ödəyəcəyinizi bilin
Azərbaycanda ən çox cinayət törədənlər işsiz və təhsilsiz kişilərdir