Qəbiristanlıq

Bakıdakı on səkkiz qəbiristanlıqla bağlı müəmma - Onlara yiyə duran yoxdur

811
(Yenilənib 14:32 29.11.2019)
Ekspert Ramil Osmanlı deyib ki, yüksək vəzifəli şəxslər onların nəzarətində olan qəbiristanlıqların bələdiyyələrə verilməsinə mane olurlar.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı qərarın üzərindən bir ilə yaxın vaxt keçməsinə baxmayaq, bəzi qəbiristanlıqlar hələ də bələdiyyələr tərəfindən təhvil götürülməyib. Bu barədə Sputnik Azərbaycan-a Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov məlumat verib. O, bildirib ki, Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. Keçmiş Baş Nazir Novruz Məmmədovun qərarı ilə qəbiristanlıqlar yerli bələdiyyələrin idarəçiliyinə verilib. Amma hələ xeyli sayda bələdiyyə öz qəbiristanlığına sahib çıxmaq istəmir. S. Həsənov deyir ki, bu bir ilə yaxın müddətdə 32 qəbiristanlıqdan cəmi 14-ü bələdiyyələr tərəfindən təhvil götürülüb. Yerdə qalan bələdiyyələrin isə öz ərazilərindəki qəbiristanlıqları təhvil alma prosesi gecikir. S. Həsənov həmin bələdiyyələrin adını çəkməkdən imtina etsə də, bildirib ki, 18 qəbiristanlıq öz "sahibi"nin - müvafiq bələdiyyənin yolunu gözləyir.

Bəs görəsən bələdiyyələrin qəbiristanlıqları təhvil almasına nə mane olur?

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Sputnik Azərbaycan-a bildiriblər ki, bu, tez həll olunan məsələ deyil. Qəbiristanlıqların Trestin balansından çıxarılıb yerli özünüidarəetmə orqanlarının tabeliyinə verilməsi üçün invertarlaşma işləri başa çatmalıdır:

"Bu istiqamətdə kompleks işlər gedir. İşlər başa çatdıqdan sonra qəbiristanlıqlar ərazi üzrə bələdiyyələrin balansına keçəcək. Bunun üçün müəyyən sənədlər hazır olmalıdır. Sənədləşmə işləri başa çatdıqdan sonra qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesi tamamlanacaq".

Qəbiristanlıqların bələdiyyələr tərəfindən təhvil götürülməsinin yubanmasının səbəbini elə özlərindən də soruşduq. Araşdırma zamanı bəlli oldu ki, Bakıətrafı qəsəbələrdə yerləşən qəbiristanlıqların çoxu bələdiyyələrin balansına keçib. Yerdə qalıb mərkəzi rayon bələdiyyələri. 

Məsələn, Keşlə qəbiristanlığı kimi böyük və məşhur qəbiristanlıq hələ də bələdiyyənin balansına verilməyib. Keşlə qəsəbə bələdiyyəsinin sədr müavini İradə Həsənova Sputnik Azərbaycan-a bildirib ki, qəbiristanlığın adı Keşlə olsa da, Keşlə bələdiyyəsinin ərazisinə düşmür. Bu qəbiristanlıq Xətai rayon bələdiyyəsinin ərazisindədir. Xətai rayon bələdiyyəsindən isə qəbiristanlığın onların ərazisində olsa da, hələ ki onların balansına verilmədiyini söylədilər. Bildirdilər ki, həmin qəbiristanlığın bələdiyyənin balansına verilməsi üçün NK-nın mövcud qərarı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən Xətai bələdiyyəsinə göndərilməlidir: "Biz də istəyirik ki, vətəndaşlara xidmət göstərək. Amma həmin qərar bizə göndərilməlidir ki, qəbiristanlığın bələdiyyəyə verilməsi üçün sənədləşmə işlərinə başlayaq".

Ekspert Ramil Osmanlı isə bildirib ki, ancaq şəhər mərkəzinə yaxın qəbiristanlıqların bələdiyyələrə verilməsi prosesi ləngiyir. O, bunun müəyyən bürokratik əngəllər üzündən yubandığını bildirib. Onun sözlərinə görə, bəzi qəbiristanlıqlar yüksək vəzifəli şəxslərin nəzarətindədir. Onlar qəbiristanlıqların bələdiyyələrə verilməsinə müxtəlif vasitələrlə mane olurlar.

811