Bakı Beynəlxalq Avtovağzalı, arxiv şəkli

Rayonlarda sərnişindaşımada yenilik

16
(Yenilənib 17:47 28.11.2019)
Gəncə, Mingəçevir, Zaqatala, Quba və Şamaxıda avtobus parkının yenilənməsinə başlanılıb. Növbəti mərhələlərdə, 2020-ci ildən sonra daha çox tələb olunan istiqamətlər üzrə avtobus parkları yenilənəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Bölgələrdə sərnişindaşıma ilə bağlı tələblər sərtləşdirilib. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, bununla bağlı rayonlarda sərnişindaşımada istifadə edilən avtobusların monitorinqi aparılıb. Məlum olub ki, rayonlararası və rayonlarda daxili sərnişindaşımada istismar edilən avtobus parkında 77 faiz istismar müddəti köhnə olan avtobuslardır. Verilən tapşırıqlarıdan sonra bu hədd 64 faizə enib.

DANX sözçüsü bildirir ki, rayonlarda fəaliyyət göstərən avtobusların yenilənməsi prosesi davam etdiriləcək: "Gəncə, Mingəçevir, Zaqatala, Quba və Şamaxıda avtobus parkının yenilənməsinə başlanılıb. Növbəti mərhələlərdə, 2020-ci ildən sonra daha çox tələb olunan istiqamətlər üzrə avtobus parkları yenilənəcək. Buraya Lənkəran, Şəki, Qax və Balakən, Ağdam rayonları daxildir. Həmin rayonlarda daxili sərnişindaşımada da yeniliklər gözlənilir".

N.Allahyarova bu tədbirlərin "2019-2023-cü illər Yol Hərkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramı" çərçivəsində aparıldığını söyləyib. O bildirib ki, qarşıdakı dörd ildə daşıyıcılar qarşısına tələb qoyulub ki, avtobus parkı tamamilə yenilənsin.

16