Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti

Xilasedici: "Əvvəl yolda qəza görəndən sonra özüm avtomobil idarə edə bilmirdim"

837
(Yenilənib 10:12 28.11.2019)
Hadisə zamanı xilasedici ilk növbədə özünü qorumalı, sonra xilas etməlidir. Əgər bunu etmirsə, bu qeyri-professionallıqdan xəbər verir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.

Sputnik Azərbaycan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi, baş leytenant Fuad Əhmədovla xidmət, xidmət dövründə qarşılaşdığı hadisələr və s. haqqında danışıb. Müsahibimiz qeyd edir ki, 2006- cı ildə FHN-nin Təcili Xilasetmə xidməti təşkil olunub və ilk 32 nəfər xidmətə xilasedici olaraq seçilib. Bu gün həmin 32 nəfərdən bölmə rəisi. İdarə rəhbəri olanları var.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi, baş leytenant Fuad Əhmədov
© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dəstə rəisi, baş leytenant Fuad Əhmədov

- Fuad müəllim, 32 nəfər xidmətə necə seçilmişdi?

- Seçimlər ali təhsilli idmançılar arasında olmuşdu. Bizimlə yanaşı 22 nəfər motoxilasedicilər seçilmişdi. Biz bu xidmətə xüsusi komissiyalardan keçərək qəbul olunmuşduq. Həmin dövrdə biz 7 aylıq kurs keçdik. Və eyni zamanda biz real hadisələrə çıxmağa başladıq. Yəni həm kurs keçir, həm hadisələrdə iştirak edirik.

Bu günə qədər də öz səhvlərimizlə böyüyüb, işləmişik. Bu gün isə biz həm bu işi görür, həm də öyrədirik.

- Xidmətə yeni başladığınız dövrdə hansı çətinlikləriniz var idi?

- Çətinlik deməyək, sadəcə yeni yaranmış bir Xidmət idik. Avadanlıqlarımız, geyim formalarımız və digər lazım olan qüvvə və vasitələr zamanla təkmilləşdirilirdi.

Hadisələr də müxtəlif xarakterli olurdu. Bu da bizim təcrübəmizi artırırdı. Ümumiyyətlə, qeyd edim ki, xilasedici olayın xarakterindən asılı olmayaraq, hər bir hadisəyə hazır olmalıdır.

- Xidmət zamanı həyatınızın təhlükədə olduğu anlar olubmu?

- Mən 26 yaşımda bu xidmətə gəlməmişdən əvvəl yolda qəza görəndən sonra özüm avtomobil idarə edə bilmirdim. Sonra tale elə gətirdi ki, bu işin tam mərkəzinə düşdüm. İşlədikcə bütün hadisələrə öyrəşdim. İnsan hər bir çətinliyə alışa, öyrənə bilir. Bu iş çətin işdir və mərdlik, cəsurluq bu işin əsas amilidir.

Təbii ki, hadisələr zamanı öz həyatımızın da təhülkədə olduğu məqamlar olur. Amma xidmətimizdə təhlükəsizlik əsas şərtdir. Yəni, xilasedici ilk növbədə öz təhlükəsizliyini qorumalıdır. Hadisə zamanı xilasedici ilk növbədə özünü qorumalı, sonra xilas etməlidir. Əgər bunu etmirsə, bu qeyri-professionallıqdan xəbər verir. Xilasedici professional olmalı, özünü qorumalı, müdafiə və xilas etməlidir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti

- Demək olar ki, 12 ildir bu xidmətdə çalışırsınız. Elə bir hadisə olubmu ki, yaddaşınızdan silinməsin?

- Bəli çox olub. Bəzi hadisələr var, bu gün yada düşəndə adamın gözü dolur, amma danışmaq istəmirəm. Yadımda qalan hadisələrdən biri bir neçə il bundan öncə 20 Yanvar günündə baş verib. Soyuq aylar idi. Doqquzuncu mikrorayonda bağlı arxasında qalma ilə bağlı müraciət daxil olmuşdu. Müraciətdə uşağın bağlı qapı arxasında qaldığı qeyd edilirdi. Biz qapını açanda gördük ki, evdə qaz sızma baş verib. Ana dəhlizdə son nəfəsini verirdi. Uşaqlar hər zaman hadisə baş verəndə çarpayının altnda gizlənir. Uşaq da orda can verirdi. Qeyd edim ki, biz kurs keçən zaman bizə ilk yardım da öyrədilib. Onlara ilk yardım göstərib, evdən çıxardıq. Və biz həmin gün 2 nəfərin həyatını xilas etdik. Nazirliyə bu hadisə ilə bağlı zərəçəkmişlərin yaxınları təşəkkür etmişdilər.

Bizim fəaliyyətimiz zamanı demək olar ki, uğursuz əməliyyatımız olmayıb. Öz öz təhlükəsizliyimizi maksimum dərəcədə qoruyuruq. Səhlənkarlıqdan, təhlükəsizliyin düzgün qurulmamasından qaynaqlanan hər hansı bir uğursuz hadisə baş verməyib. Mülki insanlara heç bir zərər dəyməyib.

- Çətinlikləırlə qarşılaşanda heç bu işi seçdiyiniz üçün peşman olursunuzmu?

- Yox, əsla. Çünki bu şərəfli bir peşədir. Çətin olsa da, əsl kişi işidir. Düzdür, xidmətimizdə qadın əməkdaşlarımız da var. Bəzən deyirəm ki, kişi kimi peşə seçmisiniz. Düzdür, çox hadisələrdə mentalitetə uyğun olaraq qadınları önə vermirik. Amma bəzən elə hadisələr olur ki, qadınlar öndə olur. Çünki hadisələrdə qadın qadınla daha yaxşı anlaşa bilir.

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti
© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının xilasetmə alətləri

- İntihara cəhd hadisələri zamanı şəxsləri bu addımdan çəkindirə bilirsinizmi? Bu çətin deyil ki?

- Əlbəttə, çəkindiririk. İntihara cəhd hadisələri ilə intihar hadisələri fərliqidr. Biz intihara cəhd hadisələrinin qarşısını ala bilmişik. İntihara cəhd edən şəxs hər zaman imdad gözləyir. Məsələn, deyək ki, şəxs çoxmərtəbəli binaya çıxıb özünü atmaq istəyir. İntihara cəhd edən şəxslər düşünür ki, bu qurum ona kömək edə biləcək. Hadisənin səbəbi müxtəlif ola bilər. İlk öncə suisidentlə psixoloji bağ yaradırıq. Onları inandırırıq ki, yanlarındayıq. Onu intihara cəhd etməyə sövq edən nədirsə, hansı haldırsa, ona uyğun danışıqlar aparır və şəxsi fikrindən daşındırırıq.

Həmin insan hiss etməlidir ki biz ona kömək edə bilərik.

Belə hadisələr zamanı çox diqqətli və ehtiyatlı olmaq lazımdır. Çünki adi bir danışıq səhvi həmin insanın intihar etməyinə səbəb ola bilər.

- Heç olubmu ki, intihara cəhd zamanı şəxsi intihardan çəkindirə bilməyəsiniz?

- Yox olmayıb. Statistikaya da baxsanız görərsiniz ki, əksər hallarda intihara cəhd edən şəxsi fikrindən döndərmişik və kömək etmişik.

837