Evlərdə təmizlik xidməti

Evdar qadınlara müavinət veriləcək Nazirlik dövlət qurumlarını gözləyir

160
(Yenilənib 16:58 26.11.2019)
Azərbaycanda hazırda 14-ə yaxın belə sosial müavinət növü olsa da, evdar qadınlara yönəlik dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir

BAKI, 26 noyabr — Sputnik. "Dövlət qurumları tərəfindən evdar qadınlara müavinətin verilməsi ilə bağlı təklif verilərsə, bu məsələ müzakirə oluna bilər. Çünki növbəti ilin büdcə müzakirələri hələ davam edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın evdar qadınlara dəstək verilməsi ilə bağlı təklifinə münasibətində bildirib.

Nazir müavini qeyd edib ki, evdar qadınlar ailələrin möhkəmləndirilməsində mühüm rol oynadığından, onların sosial təminatlarının gücləndirilməsi lazımdır. A.Kərimov bu gün müavinətlərin 30 faizinin birbaşa qadınlara deyil, uşaqlara dəstək xarakteri daşıdığını söyləyib. Onun sözlərinə görə, Azərbaycanda hazırda 14-ə yaxın belə sosial müavinət növü olsa da, evdar qadınlara yönəlik dəstək tədbirlərinin həyata keçirilməsi vacibdir: "Müavinət, təqaüd əsasən həssas qruplara, pensiya ala bilməyən işsiz insanlara verilir. Evdar qadınlara müavinətin verilməsinə sistemli yanaşmaq lazımdır ki, digər müavinətlərlə uzlaşsın, mütənasiblik nəzərə alınsın. Bundan əlavə, qabaqcıl təcrübələri də gözdən keçirtmək lazımdır".

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova evdar qadınlara dövlət tərəfindən dəstək verilməsi məsələsini qaldırıb.

160