İntiharların qarşısının alınması mövzusunda dəyirmi masa

İntiharların qarşısının alınması ilə bağlı layihə hazırlanacaq

17
(Yenilənib 11:33 26.11.2019)
Anar Kərimov intiharların səbəbləri kimi bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırılmasının durduğunu deyib

BAKI, 26 noyabr — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Bakıda “İntiharların qarşısının alınması” mövzusunda "dəyirmi masa" keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, İntiharlar üzrə Beynəlxalq Jurnalistika Platformasının eksperti Alfred Skoqberq və digər ekspertlər iştirak edirlər.

Tədbirdə məlumat verilib ki, intiharların qarşısının alınması ilə bağlı ilk dəfə olaraq Milli Fəaliyyət Planı layihəsi hazırlanacaq. A.Kərimov intiharların səbəbləri kimi bu problemin həlli yollarının da müxtəlif olduğunu, əsas tədbirlər sırasında intihar üçün vasitə və alətlərin əldə olunmasının məhdudlaşdırılmasının durduğunu deyib. Nazir müavini intihar hallarının azalması üçün maarifləndirmə işlərinin, intihara cəhd edənlər üçün psixoloji dəstəyin, həmçinin psixi pozuntularla bağlı güclü sarsıntı yaşayanların psixiatr və psixoloqlara vaxtında müraciət etmələrinin vacib olduğunu bildirib. A.Kərimov vurğulayıb ki, intihar hadisəsinin mediada qabarıq şəkildə təqdim edilməsi, intihara haqq qazandırılması və intihar edən şəxsin az qala qəhrəman kimi təqdim edilməsi yolverilməzdir: "Belə hallar intihara təşviqetmə kimi mənfi nəticəyə yönələ bilər, ona görə də mediada bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmalıdır".

A.Kərimov intihar hallarının qarşısını almaq üçün ailə, məktəb, cəmiyyət və dövlət səviyyəsində məqsədyönlü kompleks tədbirlərin görülməsinin vacib olduğunu deyib. O bildirib ki, ilk növbədə intiharların qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planının layihəsi hazırlanmalıdır: "Hazırkı tədbirin əsas məqsədlərindən biri də məhz bu layihənin hazırlanmasıdır. Növbəti mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMTİP arasında “İntiharların qarşısının alınması” adlı layihənin həyata keçirilməsi nəzərdə tutulur".

17