Muzeydə repressiyaya məruz qalan şəxslərin bir qisminin şəkilləri isə məftillər üzərində sancılıb

Məftilli həyat yolu, yaxud da Mikayıl Müşfiqin qanının axıdıldığı sirli qala

623
(Yenilənib 13:11 02.12.2019)
Ən böyük cəzası ruhi xəstə olan azərbaycanlı qadın, güllələnmə otağındakı qanlı torpaq, yaxud da dindirilmə otağından qeydlər...

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 noyabr — Sputnik. Onlara zamanın qayçıladığı şəxslər də deyə bilərik...

Tariximizin ən qanlı səhifələrindən biri də repressiya illərinə təsadüf edir. Bu illərdə Azərbaycanın işıqlı simaları, ziyalılarının bir qismi güllələndi, bəziləri isə sürgün edilərək amansız işgəncələrə məruz qaldı. Ötən əsrin 30-cu illərində amansız hadisələrə şahidlik edən, hazırda Dövlət Sərhəd Xidmətinə aid olan bu zirzəmilərdən biri artıq muzey kimi fəaliyyət göstərir.

Sputnik Azərbaycan tariximizin qanlı səhifələrini özündə əks etdirən, çoxsaylı sənədlərdən, 4 kameradan, dindirilmə otağından ibarət olan və ziyalılarımızın qanlarının axıdıldığı güllələnmə məkanından - Azərbaycanda Siyasi Repressiya Qurbanları Muzeyindən reportaj hazırlayıb.

Azadlıq eşqi ilə boylanan şəxs
© Sputnik / Nigar Maharram.
Azadlıq eşqi ilə boylanan şəxs

Bu ilin mayında açılışı olan muzey dizaynına görə ötən əsrin 30-cu illərini xatırladır. Muzeyin direktoru Mir-Abbas Məmmədov deyir ki, muzeyin açılışı üçün 4 ilə yaxın zaman sərf olunub. Muzey Dövlət Sərhəd Xidmətinin rəhbəri, cənab general-polkovnik Elçin Quliyevin təşəbbüsü ilə yaradılıb: "Muzeyin burada açılmasının səbəbi təsadüfi deyil. 1925-1989-cu illərdə fərqli adlandırılan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik orqanı (Öncə Azərbaycan Fövqəladə Komissiyası, sonradan Dövlət Siyasi İdarəsi, Xalq Daxili İşlər Komissarlığının Təhlükəsizlik İdarəsi, Dövlət Təhlükəsizlik İdarəsi və Dövlət Təhlükəsizlik Komitəsi) bu binada fəaliyyət göstərib. 1989-cu ildən etibarən Dövlət Təhlükəsizlik Xidməti yeni ünvana köçəndən sonra, daha dəqiq desək, 2000-ci ildən etibarən Dövlət Sərhəd Xidməti bu binada yerləşir".

Muzeydə gəzdikcə kameralar və oradakı saxlanma şəraiti ilə də tanış oluruq.

Repressiya qurbanlarının azadlığa çıxma eşqini, divarları aralayaraq işıqlığa qovuşmaq arzusunu göstərən barelyef
© Sputnik / Nigar Maharram.
Repressiya qurbanlarının azadlığa çıxma eşqini, divarları aralayaraq işıqlığa qovuşmaq arzusunu göstərən barelyef

Kameradakı vəziyyəti öyrənmək üçün ilk öncə kameranın dəliyindən o qəfəsə boylanırıq. Boş masa, sanki ruhu uçmuş bir bədən və yerdəki "boçok". Gözümüzə dəyən bu "boçok"un nə olduğunu təxmin etsək də, dəqiqləşdirmə üçün verdiyimiz suala cavab isə belə olur: o zamanlar bu "boçok"lar unitazları əvəz etmək məqsədilə bura qoyulurdu.

Muzeyin əsas zalında yerləşdirilən 10 lövhədə isə qanlı tarixə aid sənədlərin sürətləri yerləşdirilib. Muzeyin direktoru deyir ki, onlar bu sənədləri Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Dövlət Tarix Muzeyinin, Rusiyanın açıq arxivlərindən əldə ediblər: "Burada muzey açmağı planlaşdırdıqda kameralar dağılmış vəziyyətdə olub. Hazırkı kameralar isə sonradan bərpa edilib. O zamanlar kameraların sayı çox olsa da, hazırda muzeydə yalnız 4 kamera var".

M.Məmmədovun sözlərinə görə, əsas kameralar binanın zirzəmisinin digər hissəsindədir: "Binanın 4 tərəfi zirzəmi olsa da, onların hamısı muzeyin ərazisinə aid deyil".

Ölüm kağızı yazan həkim - Həkim otağı
© Sputnik / Nigar Maharram.
Ölüm kağızı yazan həkim - Həkim otağı

Bu gün evdə saxlanılan, gün işığına çıxarılmayan repressiya illərinə aid sənədlər muzeyə təhvil verilərsə, onu daha da zənginləşdirmək mümkün olar: "Muzeyin açılışında Elçin Quliyev repressiya qurbanlarının yaxınlarına müraciət edərək xahiş etdi ki, kimdə repressiya dövrünə adi sənəd varsa, onları muzeyə gətirsinlər. Bu çağırışdan sonra bizə müəyyən qədər sənədlər verildi".

"Amma açığını desək, onların yaxınlarının özlərində çox az sənəd qalıb. Çünki o dövrdə sənəd saxlamaq böyük risk tələb edirdi. Hətta məlumata görə, o dövrdə repressiya qurbanı olanların şəkilləri vinetkalardan qayçılanaraq atılıb. Bu şəxsləri həbs edəndə də onların evlərində axtarış aparılırdı. Siyasi repressiya qurbanı olan bu şəxslər əsasən anti-sovet fəaliyyətində, millətçilikdə günahlandırılırdılar. Amma onların evlərində, eləcə də üzərilərində aparılan axtarış zamanı əks-inqilabçı olmalarına dair heç bir sənəd tapılmayıb. Onlar uydurma motivlərlə həbs olunub, repressiyaya məruz qalıblar. Repressiya qurbanı olan bu şəxslərin bəzi əşyaları istintaq üçün maraq kəsb etmədiyinə görə yandırılıb. Bu səbəbdən o dövrə aid hansısa orijinal sənədin tapılması bizim üçün böyük bayramdır", - deyə M.Məmədov əlavə edib.

 M.Ə.Rəsulzadə ilə bağlı sənəd
© Sputnik / Nigar Maharram.
M.Ə.Rəsulzadə ilə bağlı sənəd

Belə bir muzeyin yaradılması isə repressiya qurbanı olan şəxslərin bu günədək yaşayan əzizlərinin içindəki xofu öldürüb: "Hətta indinin özündə də repressiyaya məruz qalan şəxslərin yaxınları bura gələnədək danışa bilmədiklərini deyirdilər".

Ümumi ərazisi 200 kvadrat metr olan muzeydə gəzməklə 80-90 il öncəyə səyahət etmiş olduq. Tarixə daha yaxından toxunmaq istəsək də, bizə məlum oldu ki, sən demə burada qalan əşyalardan yalnız 4 kamera qapısı və xərək o dövrə aiddir. Digər əşyalar, əslində çox qədim görünən və ilkin olaraq ötən əsrə aid olduğunu düşündüyümüz mebellər - stol və stullar isə bir neçə il öncə işlənib hazırlanıb.

O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar
© Sputnik / Nigar Maharram.
O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar

Muzeydə həyat yoldaşı xalq düşməni kimi güllələndiyi üçün Qazaxıstanın ALJİR düşərgəsində cəza çəkən 44 azərbaycanlı qadın haqda da lövhə yerləşdirilib: "O zaman xalq düşməni kimi güllələnənlərin həyat yoldaşları məhkəməsiz, mühakiməsiz 8 il müddətinə Qazaxıstanın ALJİR-ində (ALJİR sözünün açıqlaması: Vətən xainlərinin həyat yoldaşlarının Akmala düşərgəsi) cəza çəkib. Bu düşərgə SSRİ Xalq Daxili İşlər Komissarının 00487 nömrəli əmrinə əsasən Qazaxıstanın hazırkı paytaxtı Nursultan şəhərinin 30-40 kilometrliyində olan Akmala adlanan yerdə xüsusi yerdə yaradılmışdı".

O zamanlar güllələnənlər arasında yazıçı Hənəfi Zeynallı da olub. Onun həyat yoldaşı Səyyarə Şərifova Qazaxıstanın ALJİR bölgəsinə sürgün olunan 44 azərbaycanlı qadından biri olub. Bu yaxınlarda isə onların qızı, o zamanlar 4 yaşı olan Zemfira xanım muzeyə baş çəkib: "Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, repressiya dövründə güllələnən Mehdi Ələkbərovun həyat yoldaşı Sənubər Eyyubova da ALJİR-ə sürgün olunan qadınlar arasında olub. Onların oğlu Çingiz Ələkbərov da muzeyimizdə olub".

Muzeydə repressiyaya məruz qalan şəxslərin bir qisminin şəkilləri isə məftillər üzərində sancılıb
© Sputnik / Nigar Maharram.
Muzeydə repressiyaya məruz qalan şəxslərin bir qisminin şəkilləri məftillər üzərində sancılıb

Muzeyin direktoru deyir ki, ALJİR düşərgəsinə sürgün edilən azərbaycanlıların orada necə yaşaması, nə ilə məşğul olması və bu kimi digər məlumatları almaq üçün ALJİR-in rəhbərliyinə müraciət ediblər. Bundan başqa, muzeyin zənginləşməsi üçün onlar Rusiyadan da dəstək gözləyirlər.

Dəhşətli anlara şahid olan belə bir məkanda gəzdikcə güllələnən qadınlar haqda da məlumatlarla tanış oluruq. Məlumata görə, o illərdə 5 qadın xalq düşməni kimi əks-inqilabi fəaliyyətinə görə güllələnib: "Güllələnmələrinə səbəb olaraq isə onların xarici ölkələrin kəşfiyyatlarına xidmət etmələri göstərilirdi. Əlbəttə, bu fərziyyədir. Onlar arasında pianoçu Xədicə Qayıbova, Bakı Pedaqoji Texnikumunun ilk direktoru, ədəbiyyatşünas Mədinə Qiyasbəyli, Türkiyədə təhsil alan Nemət Məlikova, Qarsda anadan olub və milliyətcə yunan olan, Azərbaycanda Hacıbəyov qardaşlarının truppasında aktrisa olan, uzun müddət Azərbaycan teatr səhnəsində çalışan Tanipamfiliya Nikolayevna Tanialidi, sovet dövrünün ictimai-siyasi xadimi, ədliyyə naziri olmuş və Ali Məhkəmənin sədri olmuş Ayna Sultanova da olub".

Mikayil Muşfiqin güllələnmə anı
© Sputnik / Nigar Maharram.
Mikayıl Müşfiqi güllələnmə otağı

Muzeydə Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həbsi ilə bağlı ittihamnamə var. Buradan isə Şükriyyə Axundzadənin sürgün olunduğu məlum olur. Mikayıl Müşfiqin həyat yoldaşı Dilarə xanım da repressiyaya məruz qalanlar sırasında imiş. O, həbsdə xəstələndiyi, sonradan isə ruhi xəstə olduğu üçün ona cəza verilməyib və azadlığa buraxılıb.

Repressiyaya məruz qalanlar arasında o dövrdə xaricdə təhsil alanlar da olub: "O dövrdə xaricdə təhsil alan 100 azərbaycanlıdan 56-sı ölkəyə qayıdıb. Onlardan isə 8-i - Əliyusif Cəfərov, Məhəmməd Dursunzadə, Əbdül Əlizadə, Əli Kərimov, Əşrəf Əliyev, İsgəndər Rzazadə, Hənəfi Zeynallı, Yusifzadə Ağaəli xalq düşməni kimi güllələnib, digər 30 nəfər repressiya olunub. Lakin onlar arasında cəzaçəkmə müəssisəsinə çatmamış yoldaca dünyasını dəyişən də olub. Onlardan biri də Mir Sadıq Sadıqov idi. Hənifə Pirverdiyev isə elə cəzaçəkən yerdə dünyasını dəyişmişdi. Müxtəlif vaxtlarda daxili işlər naziri, maliyyə naziri və xarici işlər naziri olmuş Məmmədhəsən Hacınski həbs olunub və işgəncələrə dözmədiyi üçün intihar etmişdi".

O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar
© Sputnik / Nigar Maharram.
O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar

Aktyor Lütfəli Abdullayevin qayınatası, o zaman maarif naziri olan Əhməd bəy Pepenov 1938-ci ildə güllələnənlər arasında idi.

Muzeyi gəzdikcə Hüseyn Cavidi dindirilmə otağında, Mikayıl Müşfiqi isə güllələnmə otağında gördük. Güllələnmə anını, günahsız insanların qanının necə axıdılmasını göstərmək üçün daş döşəmə al rəngə boyanıb. Mirabbas Məmmədovla elə o zaman güllələnmə otaqlarından biri olan yerdə söhbət edirik. Həmsöhbətimiz deyir ki, olduğumuz yer təmir olunanda 60 sm metrlik hissədə olan torpaq al qan içində imiş. Qəbiristanlıqda yer qazıldıqdan sonra bu torpaq ora tökülüb. Xidmət rəisinin təşəbbüsü ilə bura azərbaycanlı molla, rus keşişi, yəhudi ravvini çağırılıb bu binada həlak olanların ruhuna dualar oxunub.

Hüseyn Cavid dindirilmə otağında
© Sputnik / Nigar Maharram.
Hüseyn Cavid dindirilmə otağında

O dövrdə güllələnərək öldürülən bu şəxslərlə bağlı ölüm kağızının yazılması üçün bu zirzəmidə həkim otağı da olub. Hazırda isə muzeydə həmin anı təsvir etmək üçün güllələnmə otağının qarşısında bir həkim otağı yaradılıb.

Ölümləri təsdiqləndikdən sonra isə meyitləri hazırda da muzeydə saxlanılan xərəklərə qoyaraq ya dənizə atır, ya da ki, haradasa dəfn edirlərmiş: "Lakin təəssüflər olsun ki, bu gün repressiya qurbanlarının dəfn yerləri haqda məlumat yoxdur. Ümumilikdə burada nə qədər güllələnmə hadisəsi olub, bu haqda da dəqiq məlumat yoxdur".

"Məndə həmin şəxslərin öz etirafları, ifadələri əsasında yazılan sənədlər var. Bu etiraflar döyülərək, işgəncə, əzab-əziyyət verilərək alınmışdı. Bir məqama da toxunmaq istəyirəm. O dövrə aid bütün axtarış sənədlərində yazılır ki, maddi sübutlar yoxdur. Bir adamın hansısa milliyətçi təşkilatın üzvü olması üçün onun ən azı üzvlük bileti olmalıdır. Ortalıqda heç bir dəlil olmaya-olmaya insanları repressiyaya məruz qoyaraq öldürürmüşlər. Bunun səbəbi də 1937-ci ilin iyulun 31-də Xalq Daxili İşlər Komissarının 0047 nömrəli əmrində göstərilən planla əlaqədar idi. Orada qeyd olunurdu ki, bu plana görə 4 ay ərzində Azərbaycanda 1500 insan güllələnməli, 3 min 750 nəfər isə sürgün olunmalı idi", - deyə o əlavə edib.

Göyə sovrulan çamadanlar, öz sahiblərinin həyatı kimi taleyi amansız olanlar
© Sputnik / Nigar Maharram.
Göyə sovrulan çamadanlar, öz sahiblərinin həyatı kimi taleyi amansız olanlar

Muzey direktoru Hüseyn Cavidlə bağlı sənədlərə barəsində də danışır: "Hüseyn Cavid ifadələrində deyir ki, mən 1926-cı ilədək sovet hakimiyyətini qəbul etməmişəm, bundan sonra isə hakimiyyətlə barışmışam. 1926-cı ilin martında Cavid müraciət edir ki, "xəstəliyimlə əlaqədar olaraq mənə icazə verin, müalicə üçün xaricə gedim". Onun ərizəsinə imtina cavabı verilir. 1936-cı ilin noyabrında o birbaşa olaraq Mir Cəfər Bağırovun özünə müraciət edir. Deyir ki, son zamanlar mənə və əsərlərimə qarşı təzyiq var, xahiş edirəm ki, bunun qarşısını alasınız. Bu ərizədən sonra bu cür halların qarşısı "alınır". Müraciətdən 10 ay sonra Cavid 1937-ci ilin iyunun 4-də həbs olunur. Cavidlə bağlı iki il istintaq gedir və bu müddətdə o, bu zirzəmidə saxlanılır. Daha sonra o, Maqadana sürgün olunur və oradan da İrkutska göndərilir. Elə İrkutskda da xəstəlikdən vəfat edir".

Muzeydə o dövrü canlandırmaq üçün ən təsirli səhnə isə çamadanların dağınıq halda atılmasıdır. Sanki bir insan taleyinin boşluğa sovrulması idi. Bu ideyanın necə yaranması haqda M.Məmmədovla danışırıq: "O dövrdə gecənin bir vaxtında qapı döyülərdi və qara geyimli adamlar nəzərdə tutulan şəxsi özləri ilə aparardılar. O adamlar artıq hiss edirdilər ki, qonşunu, tanışı aparıblarsa, sabah da gəlib onu aparacaqlar. Buna görə də öncədən lazımi ehtiyaclarını bir çamadana yığaraq qapının ağzına qoyarmışlar. Bu çamadanların burada nizam və intizamsız qoyulmasının, üzü yuxarı istiqamətlənməsi onların həyatı ilə oxşarlıq təşkil edir. Bu çamadanların göyə sovrulması onların da həyatının göyə sovrulmasını göstərir”.

Repressiyaya məruz qalan şəxslərin faciəsini əks etdirmək üçün muzey üçün hazırlanan manekenlərin simasında isə dövrün əzab-əziyyəti, iztirabları cəmləşmişdi. Kameralarda saxlanılan bu manekenlərdən biri ölmüş, digəri həyatdan küsmüş, bir başqası isə ayaqüstdə əli zəncirli dayanmışdı. Digər tərəfdən isə qəfəsli barmaqlıqlardan birinin azadlığa çıxmaq eşqi ilə işığa doğru boylandığını görürük. Ab-hava o qədər təbii yaradılıb ki, ötən əsrin dəhşətli 30-cu illərinin olduğunu zənn edərək azadlıq eşqi ilə çırpınan bu şəxslərə nəsə kömək edə, onların kamerasını açaraq azadlıqlarına qovuşdura biləcəyimizi zənn etdik... 

Hüseyn Cavid dindirilmə otağında
© Sputnik / Nigar Maharram.
Hüseyn Cavid dindirilmə otağında

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!

Azadlığı istəmirəm bir həb gibi, dərman gibi

İstəyirəm

SƏMA gibi,

GÜNƏŞ gibi,

CAHAN gibi!...

  • Muzeydə repressiya illəri haqda çəkilən sənədli filmləri izləmək üçün kino mərkəzi
    Muzeydə repressiya illəri haqda çəkilən sənədli filmləri izləmək üçün kino mərkəzi
    © Sputnik / Nigar Maharram.
  • O dövrə aid xərək
    O dövrə aid xərək
    © Sputnik / Nigar Maharram.
  • O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar
    O dövrün ab-havasını yaratmaq üçün muzeydə yaradılan kameralar
    © Sputnik / Nigar Maharram.
1 / 3
© Sputnik / Nigar Maharram.
Muzeydə repressiya illəri haqda çəkilən sənədli filmləri izləmək üçün kino mərkəzi

Muzeydə repressiyaya məruz qalan şəxslərin bir qisminin şəkilləri isə məftillər üzərində sancılmışdı. Bu məftillər onların həyatının nə qədər acılı, kədərli olduğunu göstərirdi...

623