Sofi Həmid türbəsi

Bakıdan uzaqda hamıya ümid verən pir... - FOTO

703
(Yenilənib 15:33 23.11.2019)
Havanın küləkli, yolun kələ-kötür olmasına baxmayaraq, ziyarətə gələnlərin sayı azalmır. Külək ağaclara asılmış beşikləri yırğalayır, kimsə övladı olacaq ümidi ilə pirdən uzaqlaşır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Sofi Həmid türbəsi Bakıdan 45 km uzaqda, Səngəçal və Umbakı qəsəbələrinin sərhədində, Səngəçalın dağlarla əhatəyə alınmış Minəcik adlanan ərazisində yerləşir.

Rəvayətə görə, Sofi Həmid Azərbaycana Ərəbistandan gəlib, burada sufiliyi təbliğ edirmiş. Eyni zamanda heyvandarlıqla məşğul olan Sofi Həmid ətrafda yaşayan hər kəsin hörmətini qazanıbmış. Sofi Həmid xəstə olarkən vəsiyyət edir ki, onu dəvənin üzərinə qoyub gəzdirsinlər. Dəvə harada dayanarsa, həmin yerdə də dəfn etsinlər. Belə də olur. Dəvə Səngəçalda iki karvansaranın arasında dayanır. Və Sofi Həmid burada dəfn edilir. Sonralar burada böyük qəbiristanlıq salınır. İndi Səngəçal qəbiristanlığında təkcə Səngəçalın deyil, eyni zamanda başqa qəsəbələrin də sakinlərinin nəşi dəfn edilir. Səngəçal qəbiristanlığında məzar yeri pulsuz olduğu üçün şəhərdən də buraya cənazə gətirib dəfn edirlər.

© Sputnik / Irade JELIL
Sofi Həmid türbəsi Bakıdan 45 km uzaqda, Səngəçal və Umbakı qəsəbələrinin sərhədində, Səngəçalın dağlarla əhatəyə alınmış Minəcik adlanan ərazisində yerləşir.

Sputnik Azərbaycan Səngəçaldan xəbər verir ki, pir qəsəbədən 6 km içəridə yerləşir. Yolun kənarına pirə getmək istəyənlər üçün işarə lövhəsi vurulub.

Amma yol kələ-kötür olduğu üçün getmək o qədər də asan deyil.

© Sputnik / Irade JELIL
Sofi Həmid türbəsi

Səngəçal sakini Nizami Əliyevin sözlərinə görə, yaxınlıqda daş karxanaları var. Hər gün buradan daş gətirən "KamAZ"lar qəbiristanlığa 5-10 "kubik" daşı atır: "Bu daşlar imkanı olmayan şəxsləri dəfn etmək üçün istifadə edilir".

Onun sözlərinə görə, Sofi Həmid güclü üləmalardan olub. Bu gün kim ona ümid bağlayıb gəlirsə, əmin olmalıdır ki, haqdırsa, arzusuna çatacaq.

"Burada dəvənin heykəlini sonradan düzəldiblər. Belə bir inanc var ki, kimin övladı olmursa, buraya gəlir, nəzir verir, diləyini tutur", - deyə kənd sakini danışır.

O deyir ki, dəvənin altından sürünüb keçərək, arzusunu deyənlərin arzularının həyata keçmə ehtimalı daha böyükdür.

© Sputnik / Irade JELIL
Burada dəvənin heykəlini sonradan düzəldiblər

Ümumiyyətlə, ziyarətgah kiçik bir otaqdan ibarətdir. Həyətdə ağ dəvə heykəli qoyulub. Arzusu olanlar niyyət edib ağaclara parça bağlayırlar. Dəvənin altında olan kiçik yerdən keçirlər.

Pirdən uzaqlaşan ziyarətə gələnlər deyirlər ki, mən də arzu tutum, niyyətim reallaşsa, bir daha oraya gedim. Mən də arzu tutub, dəvənin altından keçirəm. Arzum reallaşsa, xəbəriniz olacaq.

Ziyarət edib, uzaqlaşırıq. Havanın küləkli, yolun kələ-kötür olmasına baxmayaraq, ziyarətə gələnlərin sayı azalmır.

Külək ağaclara asılmış beşikləri yırğalayır, kimsə övladı olacaq ümidi ilə pirdən uzaqlaşır.

© Sputnik / Irade JELIL
Ağaclara asılmış beşiklər

Sakinlər deyirlər ki, əvvəllər Sofi Həmidin məzarı üzərində türbə olmayıb. Türbə XVIII əsrdə tikilib. Türbənin ətrafında böyük tarixə malik olan qədim məzarlar var.

Qeyd edək ki, pir Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur.

  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Hacı Abbas Ağanın ziyarətgahı
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Sofi Həmid türbəsi
    © Sputnik / Irade JELIL
  • Hacı Abbas Ağanın ziyarətgahı
    © Sputnik / Irade JELIL
  • Hacı Abbas Ağanın ziyarətgahı
    © Sputnik / Irade JELIL
1 / 12
© Sputnik / Irade JELIL
Sofi Həmid türbəsi

Pirdən bir qədər aralı Hacı Abbas Ağanın ziyarətgahı yerləşir. Deyilənə görə, Hacı Abbas Ağa müqəddəs insanlardan olub.

Kənd sakinləri deyirlər ki, Hacı Abbas Ağa yaxın zamanlarda dünyasını dəyişib: "Bir imkanlı şəxs vardı, uşağı olmurdu. Ağanın yanına gəlib-gedirdi. İndi iki övladı var. Ağa dünyasını dəyişəndən sonra onun üçün türbə tikdirdi. Ağa həm də güclü hissiyyata malik idi. Nəsə bir itki olsaydı, yanına getsəydin, deyərdi haradadır. Ümumiyyətlə, güclü adam idi".

703
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri (24)
Əlaqədar
Böyük bir tarix məhv olur, yerlilər isə ona toxunmağa qorxurlar
Şamaxıda altı yüz illik müəmma araşdırılacaq – Tədqiqatlar başlayır
Orada bir məzar var, tarixi sirli: Arzu tut, niyyətin həyata keçsə, gələrsən...
Minə çatmayandan biri – Beş əsrlik “Qaraçı” abidəsi məhv olur
Yeddi toxunulmazdan birinə sahib çıxa bilmədik, qalanları da "can üstədir"