CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj

© Sputnik / Murad OrujovBakı Metropoliteninin Nəriman Nərimanov stansiyası
Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Bəziləri onlarla tanış olmaq istəyir, öpüş göndərir, digərləri isə “çay gətir”, “bu necə sürməkdir”, “düş, mən gəlim” sözləri ilə əsəbiləşdirirlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Onların işi yerin altındadır, buna görə də günlərinin azı 4 saatını orada, iş başında keçirirlər. Günün bəzi saatlarında isə bir qatarda 2 mindən artıq sərnişinin həyatı, bir sözlə böyük bir məsuliyyət onların çiyinlərinə düşür. İşləri gərgin olsa da, daha çox soyuqqanlı olmağa, təmkinlərini pozmamağa çalışırlar.

Söhbət "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin maşinistlərindən gedir. Onlarla söhbətimizi metronun təlim-tədris binasında başlayıb, fotoreportaj üçün yerin altında başa çatdırırıq.

© Sputnik / Nigar Iskanderova“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi

Sputnik Azərbaycan-ın həmsöhbəti olan Canpolad Nəsirov ən gənc maşinistlərdəndir. O, aylıq maşinist kursunu uğurla tamamladıqdan sonra maşinist kimi çalışır. Onunla söhbətimiz elə maşinist kabinetindən başladı. 26 yaşlı həmsöhbətimiz işlədiyi 9 ay ərzində başına gələnlərdən danışır. Onun üçün bir gənc xanımdan aldığı xoş təklif ən yadda qalan hadisələrdən biri olub: "Son nəsil qatar idarə etdiyim üçün sərnişinlər hər an qatarın hansı xətt istiqamətində getdiyini görə bilirlər. Lakin bir dəfə sərnişin xanımlardan biri maşinistlə rabitə düyməsini basaraq qatarın istiqamət xəttini soruşdu. Yeni qatarlarda da belədir ki, sərnişin maşinistlə əlaqə qurmaq üçün nəzərdə tutulan düyməni basdıqda onun üzərindəki kameradan bizə bildiriş gəlir, biz onu görürük. Ona görə də sərnişinə cavab vermədim. Lakin bu hal bir neçə dəfə təkrarlandıqda artıq cavab vermək məcburiyyətində qaldım. Növbəti dəfə isə xanım düyməni basıb “sizinlə tanış olmaq olarmı” deyə müraciət etdi. Mən isə kameradan onu görürdüm".

© Sputnik / Nigar IskanderovaMaşinist Canpolad Nəsirov
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
Maşinist Canpolad Nəsirov

Amma bəzən yaşlıları da anlamaq çətin olur: "Bir dəfə də yaşlı kişi pəncərəni döyərək məndən “Mirmöhsün Ağanın ziyarətgahına necə getmək olar” deyə soruşdu. Ona “burdan getmək olmur” desəm də, kişi yenə də qatara mindi. Növbəti stansiyalarda düşüb yenə də eyni sualı verdi, eyni cavabı alsa da, yenə qatara mindi. Sonda sərnişinlərdən biri onun nə demək istədiyini başa düşüb, onun “Koroğlu” stansiyasında düşməli olduğunu dedi. Qatardan düşəndə mənə bir də yaxınlaşıb tənbeh etdi ki, "Koroğlu"dan ora getmək mümkündür, amma sən deyirdin ki, burdan ora qatar getmir".

Canpolad Nəsirov deyir ki, sərnişinlərin qatarın qapılarını saxlamaları maşinistlərin işini çətinləşdirir: "Qapıları saxlamasalar, bizə pozitiv enerji vermiş olarlar".

Artıq 2 ildir ki, maşinist kimi çalışan Elçin Ağayev metronun "bənövşəyi xətt"i üzrə hərəkət edən qatarı idarə edir: “Avtovağzal” stansiyasında maraqlı hadisə ilə qarşılaşmışdım. Gənc ana və ata əllərində taxta beşiklə vaqona mindilər. Beşikdə də körpə vardı, qatar hərəkət etdikcə onlar da beşiyi yellədirdilər. Düşündüm yəqin ki, “Memar Əcəmi” stansiyasında düşərlər. Bir neçə dəfə qatar hər iki istiqamətdə hərəkət etsə də, onlar düşmədilər. Axırda yaxınlaşıb hara getmək istədiklərini soruşanda qadın dedi ki, “Koroğlu” stansiyasına getmək istəyirəm".

© Sputnik / Nigar IskanderovaMaşinist Elçin Ağayev
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
Maşinist Elçin Ağayev

"Bir dəfə də “Avtovağzal” stansiyasında orta yaşlı kişi yaxınlaşaraq Qazaxa necə gedəcəyini soruşdu. Stansiyanın adı “Avtovağzal” olduğu üçün o elə bilirdi ki, Qazaxa metro ilə getmək olar. Ona yolu başa salanda isə metronun layihəsinin düzgün olmamasından şikayətləndi", - deyə güldü.

O, “dönərdən, kofedən gətirək?” deyə düyməni basaraq aqressiv tonda danışan, zarafatlaşan sərnişinlərlə münasibətdə isə təmkinini pozmamağa çalışır. Çünki maşinist olmaq üçün soyuqqanlı olmaq lazımdır.

Artıq 3 ildir ki, “Bakı Metropoliteni” QSC-nin hərəkət qatarlarının istismarı üzrə iş departamentinin rəis müavini vəzifəsində çalışan Elmar Əzimovun metrodakı ilk işi çilingərlik olub. 2008-2014-cü illərdə maşinist kimi çalışıb. O, bizə maşinistlərin iş rejimi haqda məlumat verir: "Öncəki illərlə müqayisədə hazırda maşinistlərin iş rejimi daha nizamlıdır. 2016-cı ildə sədrimizin tapşırığı ilə onların iş rejimləri azaldı. Yəni artıq səhər saat 05:00-da işə gələn maşinistlər 09:00-dək işləyirlər. 09:00-da işə gələnlər isə 17:00-dək, 17:00-da gələnlər isə 01:30-dək işləyirlər. Hər bir işçiyə dincəlmək üçün azı 36 saatlıq bir müddət verilir. 2016-cı ilədək gecə və səhər növbəsində işləyənlər xüsusi servislə daşınmırdı. Artıq bu daşınma da xüsusi servislə həyata keçirilir".

© Sputnik / Nigar Iskanderova“Bakı Metropoliteni” QSC-nin hərəkət qatarlarının istismarı üzrə iş departamentinin rəis müavini Elmar Əzimov
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
“Bakı Metropoliteni” QSC-nin hərəkət qatarlarının istismarı üzrə iş departamentinin rəis müavini Elmar Əzimov

"Bizim vaxtımızda maşinist olmaq üçün uzun müddət tələb olunurdu. Bunun üçün öncə çilingər olmalı idin. Əvvəl çilingər, sonra ən azı bir il maşinist köməkçisi işləməli idin. Artıq bu müddət qısalıb. Yeni 15 maşinist var ki, onları 6 ay ərzində maşinist kimi yetişdirmişik. Yəni 2-3 il davam edən tədris prosesini 6 ayadək qısaltmışıq. Lakin bu dərslərin keyfiyyətinin azaldılması deyil. Çünki öncələr maşinist olmaq istəyənlər işləyə-işləyə oxuyurdular. Bu zaman keyfiyyət olmurdu, çünki əsas diqqət işə yönəlirdi", - deyə o əlavə edib.

Artıq maşinistlərin yetişdirilməsi üçün onların trenajorları da var. Söhbət əsnasında biz də bu otaqla tanış olduq. Bu trenajor otağı isə maşinist kabinetindən heç nə ilə fərqlənmir. Maşinist kabinetində olduğu kimi burada da kameralar var. Belə bir trenajorun, yəni maşinistlərin məşq otağının yaradılmasında məqsəd isə onları burada yetişdirmək, bilik və bacarıqlarını bir daha təkrarlatmaqdır. Gənc maşinistlər burada yetişdikdən sonra 2 minlik sərnişini daşımaq məsuliyyətini çiyinlərinə götürürlər.

Həmsöhbətimizin sözlərinə görə, metropolitenin hazırda 235 maşinisti var.

© Sputnik / Nigar Iskanderova“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
“Bakı Metropoliteni” QSC-nin Təlim-tədris mərkəzi

Qatarın işə düşməsi qapıların bağlanmasından asılıdır, desək, yanılmarıq. Elə bu səbəbdən də ən maraqlı hadisələr də vaqonların qapılarının bağlanması ilə əlaqədar olur.

Həmsöhbətimiz maşinist işlədiyi vaxtlarda başına gələn maraqlı hadisələrdən danışır: “Dəfələrlə olub ki, ana övladını qatara mindirib, özü minə bilməyib. Ya da görürsən ki, qadın qatara minir, əri isə minə bilmir. Qatarı idarə etməyə başlamamışıqsa, onları qovuşdururuq. Lakin qatar artıq hərəkətə başlayıbsa və ana minə bilməyibsə, bu zaman biz stansiya növbətçilərinə məlumat veririk. Çünki uşaq itə bilər". 

Gender bərabərliyini qorumaq üçün maşinist vəzifəsinə qadın namizədlərin seçimi davam edir. Hələlik, metropolitenin yalnız bir maşinisti qadındır.

E.Əzimov bu işin standartlığı sevdiyini söyləyir: “Sərnişinlərimiz hər xırda detala fikir verirlər. Poqon taxırsansa, demək ki, işin daha məsuliyyətlidir və sən özündən yuxarı vəzifədə olanlara tabesən. Poqon taxmaq hərbiləşdirilmiş iş rejimində çalışmaqdır. Burada təlimatı pozmaq qəti qadağandır".

"Bir müddətdən sonra biz maşinist xanıma da aşılaya bildik ki, poqon taxdığın üçün bütün şıltaqlıqlarının hamısını kənara qoymalı və iş başında ikən tam ciddi olmalı, təlimatları yerinə yetirməlisən", - deyə o əlavə edib.

Maşinistin üzərinə böyük məsuliyyət düşdüyü üçün onlar hər gün işə başlamazdan öncə həkim nəzarətindən keçirlər. Səhhəti cavab vermədikdə isə ehtiyat maşinist onu əvəzləyir.

© Sputnik / Nigar IskanderovaMaşinistlər üçün trenajor
Yolunu səhv salanlar, yaxud qəzəblə çay istəyənlər – Yerin altından reportaj - Sputnik Azərbaycan
Maşinistlər üçün trenajor

"Maşinist də hərbçi kimi xidmətdədir. Onu əsəbləşdirmək, hissləri ilə oynamaq olmaz. Ona nifrətlə baxmaq düzgün deyil. Xanım maşinistimiz ona xanımların öpüş yollamasından danışır. Bu cür sözlər onları fərəhləndirir. Amma sərnişinlərin “çay gətir”, “bu necə sürməkdir”, “düş, mən gəlim” demələri heç də xoş deyil", - deyə həmsöhbətimiz əlavə edir.

Onlara hərəkət vaxtı telefon istifadə etmək qadağandır. 4 saat işləyənlər 2 saat tamam olduqda 20 dəqiqəlik fasiləyə çıxırlar. 8 saat işləyənlər üçün bu müddət 40 dəqiqədir.

Qeyd edək ki, hazırda "Bakı Metroploiteni" QSC-nin ən gənc maşinistinin 24, ən yaşlı maşinistinin isə 63 yaşı var.

Xəbər lenti
0