Piyada, arxiv şəkli

Paytaxta hamını aldadan keçidlər gəlir: Amma yenə çoxumuz yararlana bilməyəcəyik

574
(Yenilənib 16:20 22.11.2019)
Ekspert vurğulayıb ki, ölkədə sürücü və piyadaların "piyada keçidi" problemi var, Bakı şəhəri piyadalar üçün təhlükəli şəhər sayılır

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 22 noyabr — Sputnik. Statistikaya görə, piyada ölümü ilə nəticələnən avtomobil qəzalarının çox hissəsi günün qaranlıq vaxtında, zəif işıqlandırılan və ya işıqlandırılmayan yollarda, piyada keçidlərinə yaxın ərazilərdə və keçidlərdə baş verir. Mütəxəssislərin fikrincə, buna səbəb piyada zolaqlarının yaxşı işıqlandırılmaması, silinməsi və digər bu kimi səbəblərdir.

Xaricdə bu problem çoxdan həll edilib. Əvvəla, inkişaf etmiş ölkələrdə piyada keçidlərinin yaxınlığı mütləq işıqlandırma sistemi ilə təchiz olunur. Bundan əlavə, onlar piyada zolaqlarını silinməyən və işıq düşən zaman bərq vuran boyalardan istifadə etməklə çəkirlər. Bəzi ölkələrdə isə xeyli müddətdir 3D formatlı piyada zolaqları tətbiq olunur.

Bu günlərdə Bakının yollarında da piyada keçidlərinin 3D formatında olacağı barədə məlumatlar yayıldı. Amma insanların böyük əksəriyyəti belə bir formatlı zolağın nə olduğunu və necə olduğunu bilmir.

Sputnik Azərbaycan 3D formatında piyada zolaqlarının paytaxtın hansı küçələrində olacağını, onun nə kimi faydası olduğunu və ümumiyyətlə Bakıda piyada keçidlərinin vəziyyətinin qənaətbəxş olub-olmadığını araşdırıb.

Millət vəkili piyada keçidləri ilə bağlı agentliyi yıxıb-sürüdü>>

Öncə qeyd edək ki, 3D formatı optik illüziya sayılır. Belə formatda çəkilən zolaqlar da yerdən bir qədər yuxarıda yerləşən düzbucaqlı maneəyə oxşayır. Bu format sürücülərin diqqətini dərhal cəlb edir və hətta aldadır. Amma bu format cəlbedici olduğu qədər, həm də adi zolaqdan bir neçə dəfə çətin başa gələn və bahalıdır.

Nəqliyyat və yol hərəkəti məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, Azərbaycanda tikinti bumu başlayanda çox sayda yaşayış binaları, ofislər tikilsə də, bu tikintilər zamanı Bakı şəhərində piyadaların hərəkət təhlükəsizliyi və rahatlığı nəzərə alınmayıb. Buna görə də, bu gün Bakı şəhəri piyadalar üçün təhlükəli şəhər sayılır.

"Dəfələrlə müşahidə etmişəm ki, bir çox yerlərdə piyada keçidləri yolun bir hissəsində başlayıb, digər hissəsində bitmir, yarımçıq qalır. Yaxud piyada keçidləri kimlər tərəfindənsə tutulub. Bu gün həqiqətən də Bakıda piyada keçidləri problemi yaşanır. Bəzi küçələrdə piyada keçidləri eniş-yoxuş yollarda və qəfil döngələrdə qoyulub. Bu da sürücü və piyada arasında vizual görüntünü təmin etmir. Bu səbəbdən də paytaxtda piyada keçidləri yenidən təhlil edilməli və düzgün yerlərdə qoyulmalıdır", – deyə ekspert bildirib.

Onun sözlərinə görə, eyni zamanda bu məsələ yol nişanlarına da aiddir. Piyada keçidlərinə yaxın sürətin azaldılması ilə bağlı xəbərdaredici yol nişanları qoyulmalıdır: "Piyada keçidlərinin 3D formatında olması da təqdirəlayiqdir. Yaxşı olardı ki, bu layihə bütün Azərbaycanı əhatə etsin. Bu proqram əhatəli olmalıdır. Çox yaxşı olardı ki, belə keçidlər təkcə mərkəzdə deyil, ətraf küçələrdə də olsun. Çünki Bakıətrafı küçələrdə işıqlandırma zəifdir. Bu yollarda 3D formatında və işıqlandırılması olan piyada zolaqlarının olması labüddür. Əgər 3D formatında keçidlər Bakının mərkəzi küçələrində turistlərin foto, vətəndaşların isə selfi etməsi üçün çəkilirsə, bunun heç bir faydası olmayacaq".

Ekspert vurğulayıb ki, ölkədə sürücü və piyadaların "piyada keçidi" problemi var. Yəni sürücülər də, piyadalar da keçidlərdə necə davranacaqlarını bilmirlər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mayis Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 3D piyada zolaqlarının bütün şəhərdə tətbiq edilməsi mümkün deyil. Bu, sadəcə maarifləndirmə tədbiri kimi müəyyən küçələrdə istifadə edilə bilər.

"Bütün Bakı küçələrində piyada zolaqlarını 3D etmək məqsədə müvafiq deyil. Əgər biz piyada keçidləri çəkməklə sürücülərin və piyadaların diqqətini çəkmək istəyiriksə, bunun üçün alternativlər çoxdur. Qaranlıq küçələrdə, işıqlandırmanın zəif olduğu küçələrdə sürücülərin və piyadaların diqqətini çəkmək üçün biz iki komponentli boyalarla yeni piyada zolaqları çəkməyə başlamışıq", – deyə BNA rəsmisi qeyd edib.

Onun sözlərinə görə, yaxın gələcəkdə paytaxtın daha çox risk qrupuna daxil olan küçələrində Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur: "3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlik mümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra 3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq".

M.Ağayev əlavə edib ki, ikikomponentli boyalarla piyada keçidləri bir çox küçələrdə vurulub: "Sabunçu-Zabrat yolunda iki komponentli boya ilə piyada keçidləri çəkilib. Orada işıqlandırma zəif olsa belə, piyada keçidinin işıqqaytarıcılığı diqqəti çəkir. Əsas məqsəd keçidlərdə piyada təhlükəsizliyinin təmin edilməsidirsə, bunun üçün bütün tədbirlər görüləcək".

O bildirib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır.

"Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq mini yenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib", – deyə Ağayev əlavə edib.

BNA rəsmisi vurğulayıb ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.

574