Mərkəzi Bank, arxiv şəkli

Mərkəzi Bank valideynlərin məşhur bəhanəsini əllərindən alır

1048
(Yenilənib 20:45 08.11.2019)
Bu kartdan ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması planlaşdırılır.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Mərkəzi Bank Təhsil Nazirliyi ilə birlikdə "Tələbə kartı" adlı layihəyə start verib. Layihə çərçivəsində ölkədəki ali təhsil müəssisələrində təhsil alan tələbələrə smart kartların verilməsi nəzərdə tutulur. Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, bununla tələbələrin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, onların maliyyə vərdişlərinin formalaşdırılması və bu vərdişlərin ailələrinə ötürülməsi hədəflənir. O, həmçinin qeyd edib ki, bu kartlardan tələbələr müxtəlif məqsədlər üçün istifadə edə biləcəklər. Beləcə gələcəkdə tələbə kartları vasitəsilə ictimai nəqliyyatda ödənişin həyata keçirilməsi də mümkün olacaq.

Sputnik Azərbaycan smart kartların hansı tələbələrə verildiyini və hansı üstünlüklərinin olduğuna aydınlıq gətirib.

Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, "Smart tələbə kartı" layihəsi artıq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırılıb. UNEC-in birinci kursunda təhsil alan 20 nəfər Prezident Təqaüdçüsünə smart tələbə kartları təqdim olunub. Mərkəzi Bankdan bildirdilər ki, "Smart tələbə kartı" ölkəmizdə ilk dəfə tətbiq edilib: "Prezidentin sərəncamı ilə təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın icrası çərçivəsində həyata keçirilən bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə öz töhfəsini vermək məqsədi daşıyır. Ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradır".

Mərkəzi Bankdan həmçinin bildiriblər ki, smart tələbə kartı vasitəsilə təqaüdlərin alınması, ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərin həyata keçirilməsi mümkündür. Hətta regionlarda yaşayan valideynlər övladlarının smart tələbə kartlarına rahatlıqla maliyyə vəsaiti də göndərə biləcəklər: "Eyni zamanda tələbələr smart kartdan universitetə, UNEC-in 24/7 kitabxanasına və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə isə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulub. Bu kartdan ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunması planlaşdırılır".

1048
ANAMA əməkdaşları, arxiv şəkli

İşğaldan azad olunan ərazilərdə mina təhlükəsi: vaxt qayıtmaq mümkün olacaq?

2
(Yenilənib 14:00 29.11.2020)
"10 il dedikdə bu, insanların əraziyə qayıtması deyil, bütün mina problemlərindən tam olaraq azad olunmadır" - ANAMA rəsmisi

BAKI, 29 noyabr - Sputnik. Tərtər-Suqovuşan yolunun yenidən qurulması, ərazilərin minalardan və partlamamış silah-sursatdan təmizlənməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov söyləyib.

Onun dediyinə görə, artıq burada 10 gündür təmizləmə işi 3 istiqamətdə əllə, mexaniki maşınlarla və minaaxtaran vasitəsilə həyata keçirilir.

İsmayılov bildirib ki, bu günə kimi 169 ədəd mina və partlamamış hərbi sursat, tank əleyhinə və piyada əleyhinə minalar aşkar olunaraq zərərsizləşdirilib. 10 km yoldan artıq 8 km-i təmizlənib. Son 3-4 gün ərzində isə  yerdə qalan hissə təmizlənib istifadəyə veriləcək. Ümumiyyətlə, 27 sentyabr tarixindən əməliyyat-axtarış tədbirləri nəticəsində 750 ədəd partlamamış hərbi sursat,  4500 ədəd  piyada əleyhinə mina və 2000-ə yaxın tank əleyhinə mina aşkar edilərək götürülüb.

"Hazırda partlamamış silah-sursatla çirklənmiş ərazilərdə axtarış davam etdirilir. Ümumi ərazilərin və yaşayış məntəqələrin təmizlənməsi 3-5 ilə, tam olaraq bu işlərin başa çatdırılması isə 10 il müddətində nəzərdə tutulur. 10 il dedikdə bu, insanların əraziyə qayıtması deyil, bütün mina  problemlərindən tam olaraq azad olunmadır. Ucqar dağlıq ərazilərdə, əkin-otlaq sahələrində bunların hamısının təmizlənməsi 10 il müddətində nəzərdə tutulur. İnsanların qayıdışı isə daha tez müddətdə nəzərdə tutulur", - İ.İsmayılov bildirib.

2
Teqlər:
Qarabağ, əhali, təmizləmə, yol, Tərtər, Suqovuşan, ANAMA, təhlükə, işğaldan azad edilmiş ərazilər, mina
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ata və övladı

Övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq

5
(Yenilənib 13:39 29.11.2020)
Övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində vəsait ödənəcək

BAKI, 29 noyabr — Sputnik. Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir.

Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, gələn ilin əvvəlindən  yeni aylıq müavinət növü təsis olunacaq.

Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanunlar isə bu qanunlar qüvvəyə mindiyi vaxtdan övladlığa götürülmüş uşaqların ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqlarının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. 

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən isə bu dəyişiklik qüvvəyə mindiyi vaxtdan sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən valideynlərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına əsasən, ölkəmizdə övladlığagötürmə sahəsində müasir idarəetmə mexanizmi yaradılaraq  hazırda tətbiq olunur. Fərmanda uşaqların övladlığa götürülməsini stimullaşdıran tədbirlərin və dəstəkləyici mexanizmlərin hazırlanması da nəzərdə tutulub.

5
Teqlər:
ƏƏSMN, gələn il, Övladlığa götürmə, müavinət